Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:31

Gömrükdən malı asan keçirmək mümkün olacaq? - Yenilik


►Gömrük Komitəsi şəffaflaşır, yoxsa immitasiya edir?

Dövlət Gömrük Komitəsinin nümayəndələrinin “Elektron Hökumət” portalının operatoru olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri ilə görüşündə gömrük bəyannamələrinin elektron təşkili məsələsi müzakirə edilib.

DGK-nın məlumatında deyilir ki, söhbət gömrük bəyannaməsinin elektron qaydada doldurulması prosesində istifadəçi kimliyinin portal üzərindən fərdi identifikasiya nömrəsinə (FİN) uyğun tanınması və vətəndaşın şəxsi elektron imza kartı vasitəsilə təsdiqlənməsindən gedir.

Hazırda Azərbaycanda gömrük sərhədlərindən keçirilən mal elektron formada da bəyan edilə bilər. Lakin incə nüans ondan ibarətdir ki, elektron bəyannaməni təqdim edən şəxs istənilən halda gömrük orqanına gələrək onu imzalamaqda yaxasını kənara çəkə bilmir. Bu isə istər mal sahibi, istərsə də səlahiyyətli şəxslərin işinin operativliyinə təsir göstərir. Gömrük Komitəsində belə deyirlər.

DGK və “Elektron hökumət” portalının operatoru elektron bəyannamənin mal sahibi tərəfindən “e-imza” vasitəsilə təsdiqlənməsinin bu portal üzərindən təmin edilməsi üçün tələb olunan texniki-proqram şərtlərini razılaşdırıblar.

Bəs sahibkarın elektron bəyannaməni gömrük məmurunun yanında deyil, öz ofisində imzalayıb təqdim etməsi gömrük orqanlarıdakı korrupsiya və inhisarçılığın himayə olunması meyillərinin kökünü kəsə biləcəkmi?

Azərbaycandakı biznes məsləhət şirkətinin rəhbəri Xəyal Məmmədxanlı deyir ki, yerli gömrükdəki neqativ hallar təkcə “imza” məsələsi ilə məhdudlaşmır. Amma niyyət də önəmli məsələdir. Ola bilsin ki, bu addımdan sonra gömrük orqanı sahibkarlarla daha “mülayim” davranacaq.

Buna da bax: Rusiyadan pulsuz dönən azərbaycanlılar...

İqtisadçı-ekspert Rövşən Ağayev AzadlıqRadiosu ilə söhbətində deyib ki, gömrükdə bəyan olunan malları yoxlayan qeyri-rəsmi şəxslər və qruplar var. “Onların aradan qaldırılması mexanizmləri işə salınmayınca elektron sənədləşdirmənin ciddi töhfəsi olmayacaq. Malların “yaşıl kanal”dan keçirilməsi bir sistem olaraq işə düşməlidir.

Onun sözlərinə görə, bu sistem Gürcüstanda işləyir:

“”Sahibkarlar daimi yoxlamaya, bütün malların tam yoxlamasına məruz qalmırlar. Yəni, müəyyən müddətdən bir yoxlanırlar, amma özləri də bilmirlər ki, həmin yoxlama nə zaman ola bilər. Əgər yoxlama zamanı bəyannamə məlumatları ilə faktiki mal arasında fərq olarsa, artıq həmin sahibkar cəzalı duruma düşür”.

“Yaşıl kanal”da özünü “yandıran” sahibkar "qırmızı kanal"la cəzalandırılır. Bundan sonra onu “zərrəbinlə” yoxlayırlar.

Azərbaycan gömrüyündə incidilən bir çox sahibkar iddia edir ki, mal idxal edərkən malın gömrükdə açılmasında problemlə üzləşirlər. Gömrük istədiyini almayınca malın bəyan olunmasını ləngidir.

Buna görə də, ekspertlər deyirlər ki, elektron sənədləşdirmə mövcud problemi tam həll etməyəcək. Əsas məsələ malın yoxlanması və buraxılması mexanizmlərində hökm sürən bürokratiyanın və qeyri-rəsmi manelərin aradan qaldırılmasıdır.

DGK-nın şəffaflıq səviyyəsinin hansı nə dərəcəyədək yüksələcəyi iqtisadiyyatda gedən proseslərin xarakterindən də asılı olacaq. Ekspertlər belə güman edirlər.

XS
SM
MD
LG