Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:00

Deyir, “Gəncə şirniyyatı” dükanını əlindən alıblar


İllüstrasiya
İllüstrasiya

►“Sonra saxta sənəd düzüb-qoşdular ki, guya obyekt 200 min manata satılıb"

“4 ildir bu məktublar ortalıqda fırlanır. Mən prokurorluğa şikayət edəndə Elxangilin vəkili dedi ki, obyekt 4 milyona satılıb. Mən də bu barədə prokurorluğa bildirdim. Heç kəs əhəmiyyət vermədi. Sonra saxta sənəd düzüb -qoşdular ki, guya obyekt 200 min manata satılıb. Sahəsi 450 kvadratmetr olan, “Neftçilər” metrosunun yanında yerləşən məşhur şirniyyat mağazasının dəyəri milyonla ölçülürdü, 200 min manatla yox”.

Bunu deyən Təranə Tağıyeva vaxtilə Bakı şəhəri, Nizami rayonu, Qarayev, 61 ünvanında yerləşən, keçmiş 47 saylı “Gəncə Şərq” şirniyyat mağazasının direktoru olub.

Hələ SSRİ vaxtı – 1986-cı ildə bu vəzifəyə təyin olunan Təranə Tağıyeva 1997-ci ilə qədər – yəni mağaza özəlləşdirilənədək mağazaya rəhbərlik edib.

MAĞAZANI ÖZ ADINA ÖZƏLLƏŞDİRİB

Təranə Tağıyeva
Təranə Tağıyeva

Ölkədə kiçik müəssisələrin özəlləşdirilməsinə başlanınca bu mağaza da özəlləşdirməyə açılır. 1997-ci ildə mağazanın direktoru olan Təranə Tağıyeva da prosesə qoşulur, sənədləri toplayıb təqdim edir. Ancaq həmin vaxt gənc həyat yoldaşının vəfat etməsi, azyaşlı övladının səhhətində problem yaranması ona özəlləşdirmə işləri ilə məşğul olmağa imkan vermir.

Təranə Tağıyeva qanunvericiliyə uyğun olaraq, özəlləşdirmədə 47 saylı “Gəncə Şərq” şirniyyatı mağazasının kollektivini təmsil etmək üçün Elxan Qasımovu seçir. Tağıyeva onu da qeyd edir ki, mağazada əvvəl satıcı, sonra əmtəəşünas işləyən Elxan Qasımovla da ailəvi münasibətləri olub. Sonuncunun qardaşı Tahir Əbdülqasımov da həmin vaxtlar tez-tez mağazaya gələrək, qardaşına kömək etdiyindən Təranə xanım onu öz işçilərindən ayırmayıb…

Buna da bax: "Kubik-Rubik"in 40 yaşı olur

Sənədləşmə işləri Nizami rayonu 15 saylı Notariat Kontorunda aparılır. Mağazanın müdirəsi iddia edir ki, Elxan Qasımov saxta sənədləşdirmələrlə mağazanı öz adına özəlləşdirib:

“Mən dərhal məhkəməyə, prokurorluq orqanlarına, polisə müraciət etdim. Məhkəmələr bəhanə gətirdilər ki, guya iddianı düzgün qoymamışam və iddiaya baxmaqdan imtina etdilər. Prokurorluqda isə cinayət işi başlandı. Bundan xəbər tutan Elxan Qasımov obyekti simvolik qiymətə - guya 200 min manata elə mağazanın fəhləsi olan Sülfəddin Əliyevin adına alqı-satqı elədi. Halbuki, obyekt 4 milyona satılıb”.

NOTARİUS BİR HƏFTƏYƏ İŞDƏN ÇIXIB

"Gəncə şirniyyatı"nın vaxtilə yerləşdiyi bina
"Gəncə şirniyyatı"nın vaxtilə yerləşdiyi bina

Təranə Tağıyevanın sözlərinə görə, "saxta sənədləşdirmə işləri 15 saylı notariat kontorda həyata keçirilib":

“Getdim notariusun yanına, dedim “bu cinayətdə sənin də əlin var, sən də cavab verəcəksən”. Dedi, “Tahirgillə özün danış, bilməmişəm, o vaxt sənəd gətiriblər, qol çəkmişəm. Obyekt də satılıb, indi açıb ağartmağın nə mənası var?” O biri həftə getdim ki, işdən çıxıb. 20 il bir yerdə işləyən adam bir həftədə işdən çıxmışdı. Sonradan bildim ki, Binəqədidəki notariat kontorda işləyir”.

Şikayətçi illərlə topladığı əmək stajının da əlindən çıxdığını bildirir. Belə ki, mağazası əlindən alınandan sonra onu əvvəlcə satıcı, sonra süpürgəçi işinə keçiriblər. Daha sonra isə əmək qaydalarına əməl etmədiyi üçün əmrlə işdən çıxarıblar. Beləliklə də, 21 yaşından topladığı iş stajını itirib.

Elxan Qasımov və Tahir Əbdülqasımov qardaşları Bakıda “Xan Bağı”, “Şuşa”, “Çanaqqala” və “Xan qızı” restoranlarının şərikləridir.

Buna da bax: Prokuror Rauf Mirqədirova 7 il həbs istədi

“HƏR ŞEY QARDAŞIMIN ADINA OLUB”

Tahir Əbdülqasımov “Qaynar xətt”ə bildirib ki, vaxtilə bütün sənədləşmə işləri qardaşı Elxan Qasımovun adına olub. Sonra mağaza banklardan birinə girov qoyulub. Borc qaytarılmadığı üçün mağaza satılıb.

- Təranə Tağıyeva iddia edir ki, siz və qardaşınız mağazanı saxta sənədlərlə ələ keçirmisiniz…

- Nə deyim vallah… Mənlik bir iş yoxdur. Hər şey qardaşımın adına olub. Bu iş Ali Məhkəməyə kimi gedib.

- Ancaq bildiyimizə görə, prokurorluqda da fakt üzrə cinayət işinin istintaqı davam edir…

- Davam edir, qoy davam etsin… Nə deyim vallah.

“ARAŞDIRMA DAVAM EDİR”

Tahir Əbdülqasımov daha sonra danışmaq imkanı olmadığını deyib telefonu qapatdı.

Hazırda bu fakt üzrə Nizami rayon Prokurorluğunda araşdırma davam edir. Prokurorluqdan Təranə Tağıyevanın şikayəti əsasında başlanmış araşdırma üzrə tərəflərin dindirildiyini bildirsələr də, ətraflı məlumat vermədilər.

Təranə Tağıyeva deyir, həyat yoldaşı vəfat edəndən sonra yeganə gəlir yeri olan mağazanın əldən çıxması həyat şəraitinə də mənfi təsirini göstərib. Hazırda heç bir yerdə işləməyən T.Tağıyeva oğlunun ailəsi ilə ikiotaqlı darısqal mənzildə yaşayır. Mühafizəçi işləyən oğlunun qazancı ilə dolanır. Ümidini isə üzməyib. Nizami rayon Prokurorluğunda davam edən araşdırmaların nəticəsiz qalmayacağına inanır.

XS
SM
MD
LG