Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:07

«Günahkar Mərkəzi Bankın mövcud rəhbərliyidir»


-

Mərkəzi Bankın bu gün - dekabrın 21-də üzən məzənnə rejiminə keçid qərarı ABŞ dollarına nisbətdə Azərbaycan manatını kəskin ucuzlaşdırıb.

İqtisadçı ekspertlər bu qərarı AzadlıqRadiosuna belə dəyərləndiriblər.

«MƏRKƏZİ BANK VALYUTA AXINININ QARŞISINI ALA BİLMƏDİ»

Bank məsələləri eksperti Əkrəm Həsənovun fikrincə, Mərkəzi Bank fevral devalvasiyasından sonra ötən 10 ay boyunca ölkədən valyuta axınının önünü kəsmək üçün heç nə etməyib: «Əksinə, bankların açıq valyuta mövqe limitini ləğv etdi və növbəti devalvasiya üçün tam şərait yaratdı. Digər səhv qərarlar verdi. Mərkəzi Bank nəzdindəki Maliyyə Monitorinqi Xidməti ölkədən valyutanın qaçırılmasına mane olmadı».

«DEVALVASİYADAN BELƏ AĞIR ZƏRƏR...»

Ekspert devalvasiyanı qaçılmaz və Azərbaycandan asılı olmayan amillərin nəticəsi sayır: «Bu il ərzində əksər ölkələrin milli valyutası devalvasiyaya məruz qalıb. Ancaq heç yerdə əhali və sahibkarlar devalvasiyadan bizdəki qədər ağır zərər çəkməyib. Bunun günahkarı Mərkəzi Bankın mövcud rəhbərliyidir».

«ÇÖKƏCƏK...»

Əkrəm Həsənovun qənaətincə, MByanlış və zərərli pul siyasəti aparıb, banklara çox pis nəzarət edib: «Nəticədə Azərbaycanın valyuta ehtiyatları əriyib, əhali və sahibkarlar dollar krediti bataqlığına düşüb. Ölkədə normal bank sistemi yoxdur. Olsa-olsa, kommersiya banklarının sahibləri və menecerləri ilə MB rəhbərliyinin sıx qohumluq və dostluq əlaqələri var. Belə bank sisteminin nə demək olduğunu yaxında hamımız görəcəyik: o çökəcək! Bankların əksəriyyəti müflis olacaq. Amma zərər çəkən bank sahibləri və rəhbərləri deyil, adi əmanətçilər olacaq. Buna görə, üzümü ilk növbədə əmanətçilərə tuturam: sonra deməyin ki, sizi xəbərdar etməmişdilər, ehtiyatlı olun, pulunuzu kimə etibar etməyinizin fərqinə varın!».

Samir Əliyev
Samir Əliyev
«FƏSADLARI AĞIR OLMALI İDİ VƏ OLACAQ...»

İqtisadçı ekspert Samir Əliyev bu devalvasiyanın gözlənildiyini bildirdi: «Manat bütün valyutalara, o cümlədən dollara nisbətdə dəyərini 47.6% itirdi. Hazırda 1 dolların rəsmi məzənnəsi 1 manat 55 qəpikdir. Valyutadəyişmə məntəqələrində isə daha bahadır».

Samir Əliyev Qazaxıstan və Rusiya təcrübəsinə dayanaraq, üzən məzənnəyə keçidin öncə kəskin dəyərsizləşmə yaratdığını deyir: «Bizdə də fərqli ssenari olmadı. Ancaq Rusiya və Qazaxıstan iqtisadiyyatları ilə müqayisədə zəif inkişaf etmiş Azərbaycanda bunun fəsadları da ağır olmalı idi və olacaq da».

Ekspertin fikrincə, Mərkəzi Bank fevral devalvasiyasından sonra manatın tədricən yumşaldılması siyasətini həyata keçirməli idi: «Ancaq bunu etmək əvəzinə, yenidən manata süni nəfəs verməyə çalışdı. Nəticəsi artıq bəllidir. Manatın məzənnəsi tədricən ucuzlaşdırılsaydı, indi kəskin devalvasiyaya ehtiyac qalmazdı».

«MANATIN DÜNYA BAZARLARINDAKI PROSESLƏRƏ HƏSSASLIĞI ARTACAQ»

Samir Əliyev üzən məzənnəyə keçidin manatın dünya bazarlarındakı proseslərə həssaslığını artıracağını düşünür: «Neft ucuzlaşdıqca və dollar bahalaşdıqca manatın dəyər itirməsini görəcəyik. Ancaq bu, tam üzən məzənnə olmayacaq. MB öz ehtiyatları hesabına və imkan daxilində manatın kəskin ucuzlaşmasına imkan verməyəcək. Hər bir halda sabit məzənnə dövrü bitdi. Manatın avroya nisbətdə məzənnəsi necə dəyişirdisə, dollara nisbəti də eyni qaydada dəyişəcək».

«SON HƏDD DEYİL»

Ekspertin sözlərinə görə, manatın ucuzlaşmağa davam edəcək: «Bundan sonra da proses sürəcək. Düzdür, bəlli zaman dilimində manat bahalaşa da bilər, ancaq bu, ötücü xarakter daşıyacaq. Əsas tendensiya ucuzlaşma istiqamətində olacaq».

Elxan Mikayılov
Elxan Mikayılov

Samir Əliyev vurğulayır ki, hökumət əhalini, MB isə bankları qorumalıdır: «Banklar bu prosesdən zərbə alacaqlar. Bunun neqativ təsiri gələn ilin yaz aylarından hiss olunmağa başlayacaq. Bazarı tərk edən bankların sayı çoxalacaq. Problemli kreditlər artacaq, əhalinin kredit ödənişində ləngimələr genişlənəcək və bank sektorunda ixtisarlar daha geniş vüsət alacaq».

«QİYMƏT ARTIMI DAHA ÇOX OLACAQ»

İqtisadçı ekspert Elxan Mikayılov budəfəki devalvasiyanın bahalanmanı artıracağını düşünür: «Əvvəlki devalvasiya nəticəsində nisbətən az qiymət artımının 2 səbəbi vardı. Birincisi, digər ölkə valyutaların bizdəkindən daha kəskin dəyər itirmişdi. Bu da həmin ölkələrdən gətirilən malların dollarla ifadədə daha çox ucuzlaşması demək idi. İkincisi, görülən inzibati tədbirlər qiymət artımının qarşısını xeyli alırdı».

«ƏKS HALDA SAHİBKARLAR İFLASA UĞRAYACAQ»

Elxan Mikayılov bildirir ki, indi manat digər valyutalarla müqayisədə daha çox dəyər itirdiyindən idxal qiymətləri artacaq: «Üstəlik, bu dəfə inzibati təbirlə qiyməti sabit saxlamaq mümkün olmayacaq. Əks halda sahibkarlar iflasa uğrayacaq. Odur ki, qiymət artımına hazır olun və indidən lazımi tədarük görün».

Həmçinin baxın: AzadlıqRadiosunun Youtube kanalında izləyin:

XS
SM
MD
LG