Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:35

Bakıda «qiymət qiyaməti»


Bakıda yeni qiymətlər
Bakıda yeni qiymətlər

-

Manatın 50 faiz ucuzlaşması, bundan sonra ölkədə yaranan bahalıq qəzetlərin əsas mövzusu olaraq qalır.

virtualaz.org saytı yazır ki, bütün məhsullar azı 50 faiz bahalaşıb:

«Günəbaxan yağlarının da ən ucuzunun qiyməti 1.96 manatdan 2.35 manata qədər artıb. Ən ucuz qarğıdalı yağı isə 3.10 manatdır. Yumurtanın bir ədədinin qiyməti əvvəl 13 qəpikdisə, indi 17 qəpikdir. Ən ciddi fərq isə kərə yağının qiymətində müşahidə olunur. Satıcıların verdiyi məlumata görə, bu məhsulun hər növünün qiymətində 2 manat artım var. Çörəyin də qiyməti 20 qəpik artaraq 50 qəpik olub. Bunun səbəbi isə unun bahalaşması ilə izah olunur».

UN VƏ ÇÖRƏK BAHALAŞDI

«Bizim Yol» qəzeti yazır ki, əhali çörəklə imtahana çəkilir:

«Əsas strateji məhsul sayılan unun qiyməti nə az, nə çox 50 faizə yaxın bahalaşıb ki, bu da çörəyin qiymətinə təsirsiz ötüşməyib. Dünən dükanlarda 40 qəpiklik çörək 50 qəpiyə, 30 qəpiklik çörək isə 40 qəpiyə qədər bahalaşıb. Dekabrın əvvəllərində ölkənin iri dəyirmanlarında 1 kiloqram unun qiyməti 32-36 qəpik arası idisə, artıq bu rəqəm 50 qəpiyə yüksəlib. Həm ehtiyatın olduğu, həm də taxılın qiymətində ciddi dəyişiklik olmadığı halda, bu qədər kəskin bahalaşma baş verməməli idi.Bu ehtiyatın yaradılması müəyyən qüvvələrin maraqlarına xidmət edir. Taxıl gətirilərkən idxal və nəqliyyat xərclərində şəffaflıq olmadığına görə istənilən neqativ hallara yol verirlər. Yığılan buğdanın müəyyən hissəsinin xarab olması və sair bu kimi amillər imkan verir ki, maraqlı qüvvələr bundan faydalana bilsin».

Valyutadəyişmə məntəqəsi
Valyutadəyişmə məntəqəsi

QURUNUN HESABINA YAŞIN YANMASI TƏZƏ HAL DEYİL

«Azərbaycan» qəzeti yazır ki, manatın təxminən 50 faiz dəyərdən düşməsi kiçik rəqəm deyil. Bu o deməkdir ki, istehlak bazarında 50 faiz inflyasiya gözlənilir.

Məqalənin sonu belə bitir: «Manatın nisbətən ucuzlaşması ilk növbədə ölkəmizdə istehsal olunan məhsulların ixrac imkanlarını artırır. Düzdür, indi belə məhsullarımızın çeşidi və həcmi çox deyil. Lakin yaradılan şərait, mövcud tendensiya belə deməyə əsas verir ki, bu istiqamətdə vəziyyətin dəyişəcəyi şübhəsizdir. İstəyiriksə ki, manatımızın kursu barrelin qiyməti ilə ölçülməsin, cibimizdəki pulun dəyərini bilmək üçün gözümüz London və ya Nyu-York birjalarında keçirilən auksionlara dikilməsin, istehlak bazarındakı qiymətlər sabit qalsın, bunu reallaşdırmalıyıq. Əks halda bizim kimi kiçik ölkələrin nəhəng dövlətlərin iddialarının toqquşmasından alovlanan yanğından quru çıxmaq ehtimalı çox olmayacaq».

Binalar
Binalar

İNDİ PULU ƏMLAKA YATIRMAQ LAZIMDIR

fins.az saytı ekspertlərə istinadən yazır ki, indi əmlak almaq üçün əsl fürsətdir. Çünki devalvasiya və manatın ucuzlaşması şəraitində vəsaitləri saxlamaq üçün ən yaxşı variantlardan biri də onu daşınmaz əmlaka – mənzil və obyektlərə yatırmaqdır:

«Milli valyutanın məzənnəsindən asılı olmayaraq istənilən iqtisadi şəraitdə daşınmaz əmlaka investisiya qoyuluşu sərfəlidir. İqtisadi böhran əmlakı müvəqqəti ucuzlaşdıra bilər, amma tədricən qiymətlər yenə də bərpa olunur, əmlak dəyər qazanır. Bir qrup insan üçün var-dövlətdir, bəziləri üçün yaşayış yeridir, bir qisim insanlar üçün isə icarə-kirayə fəaliyyəti üçün vasitədir. Uzunmüddətli perspektiv üçün torpaq sahələrinə, qısamüddətli perspektiv üçün isə mənzillərlə pul qoymaq olar».

XS
SM
MD
LG