Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:03

Emin Millinin qaynının işi: kameralar nə çəkib?


İllüstrasiya
İllüstrasiya

►Xalq rəssamı Mais Ağabəyovun oğlu olan Nazim Ağabəyov ittihamı rədd edir

Meydan TV-nin baş direktoru Emin Millinin qaynı Nazim Ağabəyovun həbsilə əlaqədar Daxili İşlər Nazirliyinin (DİN) "Təhlükəsiz şəhər" kameralarının yaddaşına baxış keçiriləcək. Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində qərar qəbul olunub.

Nazim Ağabəyovun işi üzrə məhkəmənin hazırlıq iclası dekabrın 24-də davam etdirilib. Vəkil Adil İsmayılov müvəkkili barəsində həbs-qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət qaldırıb. Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin etməyib.

Adil İsmayılovun dekabrın 22-də keçirilən hazırlıq iclasında qaldırdığı vəsatət də müzakirə olunub. Həmin vəsatətdə Nazim Ağabəyovun həbsinin qanunsuz və əsassız olduğu vurğulanır, onun barəsində cinayət işinin icraatına xitam verilməsi xahiş olunurdu. Vəkil həmçinin həqiqətin üzə çıxarılması üçün bir sıra sübutların araşdırılmasını istəyirdi.

Buna da bax: "Oğlum həbsxanaya aslan kimi girib, aslan kimi də çıxacaq"

Emin Milli
Emin Milli

Bu vəsatət qismən təmin olunub - Nazim Ağabəyov yaşadığı evin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılıb aparılarkən həmin ərazidəki "Təhlükəsiz şəhər" kameralarının lentə aldığı görüntülərə baxış keçirilməsinə qərar verilib.

Həmçinin cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub. Məhkəmə iclası dekabrın 28-nə təyin edilib.

Xatırladaq ki, İT mütəxəssisi olan Nazim Ağabəyov bu il iyulun 23-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik satışı) maddəsilə ittiham irəli sürülüb. Cinayət işinin materiallarında göstərilir ki, Nazim Ağabəyovun maşınından və üzərindən bir neçə bükümdə ümumilikdə təxminən 6 qram heroin tapılıb.

Xalq rəssamı Mais Ağabəyovun oğlu olan Nazim Ağabəyov ittihamı rədd edir. Həmin narkotik maddənin ona məxsus olmadığını, polislərin özləri tərəfindən qoyulduğunu bildirir. Hesab edir ki, həbsi Emin Millinin yaxın qohumu olmasıyla əlaqədardır.

Meydan TV Almaniyada fəaliyyət göstərir. Azərbaycan hökumətini sərt tənqid edir.

Emin Milli qaynının həbsinin səbəblərini açır
Gözlə

No media source currently available

0:00 0:09:18 0:00

XS
SM
MD
LG