Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:01

Taxta daxmada üç azyaşlının həyat dramı…[VİDEO]


Taxta daxmada üç azyaşlının həyat dramı…
Gözlə

No media source currently available

0:00 0:02:41 0:00

Taxta daxmada üç azyaşlının həyat dramı…

-

Ailə başçısı onları qapı-pəncərəsiz, döşəməsiz, yağış içərisinə yağan köhnə, taxta daldalanacaqda başlı-başına buraxıb gedib. Elminaz dişiylə-dırnağıyla ora-burasını düzəltdiyi soyuq, darısqal otaqda ölkə üçün üç vətəndaş böyüdür – 9 yaşlı Günay, 6 yaşlı Fatimə, 3 yaşlı Yusif… Əslində dörd olmalıydılar – ailənin ilki Elgün 6 il əvvəl hələ 5 yaşındaykən xəstəliyə tab gətirməyərək elə bu daxmada ananın əlindən mələk kimi uçub gedib. İndi ana şəraitsiz, darısqal daldalanacaqda tez-tez əl-ayağı tutulan, kəskin asma-bronxit xəstəliyi tapan Yusifini və digər iki qızını qorumağa çalışır:

«Elə ayda 100 manatacan Yusifin dərmanları tutur. 80-100 manat arası… Bir uşağımı itirmişəm, istəmirəm ki, bunu da itirəm…».

Bu sınıq-salxaq taxta daxma Bülbülə qəsəbəsində, Samir Əliyev küçəsi 149-dan yolu düşən çoxunun diqqətini çəksə də, qapısından girən, körpələrin başına sığal çəkən, 35 yaşlı Elminazı ovudan az adam tapılar.

TƏKBAŞINA ÇƏKİLƏN YÜK

Yaşadığı ailə dramının ucundan-qulağından danışır. Deyir, ilk övladı onları tərk edəndən sonra bu daxmaya yalnız kədər-qüssə ayaq açıb. Həyat yoldaşı içkiyə qurşanıb, əvvəl faktiki ayrılıblar, 3 ildir ki, Elminaz ailənin yükünü rəsmən təkbaşına çəkir:

Darısqal otaqda ölkə üçün üç vətəndaş böyüdür
Darısqal otaqda ölkə üçün üç vətəndaş böyüdür

«Pal-paltar ala bilmirəm, saxlaya bilmirəm. Uşaqdırlar, onlar da gözüdolusu yemək istəyirlər… Çox çətindir…».

Elminaz Məmmədova Füzulinin Horadiz şəhərində yaşayış qeydiyyatındadır. Mənzil üçün Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə müraciət edib. Ancaq müsbət cavab almayıb.

«BAHAR XANIMA MÜRACİƏT ELƏDİM»

Yerli icra hakimiyyəti isə problemi belə həll edib:

«Döşəməsi, pəncərəsi, şiferi yox idi, suyun içindəydik. Deputat Bahar xanıma müraciət elədim, o da sağ olsun, icra başçımıza tapşırdı, döşəməni, tavanı düzəltdilər. Hələ də divardan su axır, bu uşaq da kəskin bronxitdən əziyyət çəkir. Gömgöy göyərir, boğulur... Bir oğlumu 5 yaşında itirmişəm, gözüm çox qorxub, balalarımı itirmək istəmirəm».

Elminazın ürəyini açan bircə şey varsa, o da 3-cü sinfə gedən Günayın dərslərdən əla qiymət almasıdır. 6 yaşlı Fatimə də birinci sinfə həvəslə hazırlaşır, ancaq ana deyir, hökumət bu balalara ünvanlı sosial yardımı da çox görür:

Hələ də divardan su axır
Hələ də divardan su axır

«Müraciət elədim, dedilər, «kompüterlə yoxlayırıq, sənin adına maşın çıxır». Gedirəm «QAİ»yə, baxırlar, deyirlər, adında maşın-filan yoxdur. Beləcə süründürürlər».

DAXMAYA DAŞDAN DAYAQ HÖRDÜRÜBLƏR Kİ, YIXILMASIN

Elminaz deyir, uzaqbaşı haradasa süpürgəçidən, qabyuyandan işləyib balalarına çörəkpulu qazana bilərdi. Əlbəttə ki, köməyi olsaydı… Balaca, xəstə Yusifi gözdən qoya bilmir…

Suraxanı rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildiriblər ki, gücləri taxtadan olan otağın dağılmaması üçün bəzi yerlərinə daşdan hörgü dayaq etməyə, evin döşəməsini, damını düzəltməyə çatıb. Ailənin mənzil problemini «Qaçqınkom» həll etməlidir. Qurum Komitəyə müraciət edib.

Qaçqın və Köçkünlərlə İş üzrə Dövlət Komitəsi isə hazırda inşa olunan şəhərciklərə, evlərə yataqxanalarda məskunlaşmış məcburi köçkün ailələrinin mərhələli qaydada köçürüldüyünü deyir.

XS
SM
MD
LG