Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:26

Banklar avtomobil kreditlərini dayandırdı


Avtosalon
Avtosalon

-

ANSpress xəbər verir ki, dolların bahalaşması bankları avtomobil kreditlərini dayandırmağa vadar edib.

Paytaxtın məşhur avtosalonlarından birinin satıcısı Nübar Cabbarova deyir ki, 2015-ci il model avtomobillərinin qiymətini daha da artırmaq niyyətində deyillər.
«Onsuz da satışlarımızın sayı həddən artıq azalıb. İki gün ərzində bir avtomobili güclə satırıq. Qiymətləri qaldırıb olan alıcıları da itirməyin heç bir mənası yoxdur. Ancaq onu deyə bilərəm ki, bizim şirkət kreditləri manatla verirdi və son günlər manatın qiymətinin ucuzlaşması bankın avtomobil kreditlərini dayandırmasına səbəb olub», - deyə satıcı bildirib.

Ekspertlər isə bankların avtomobil kreditlərini dayandırmasının alıcılıq qabiliyyətini daha da düşürəcəyini bildirirlər. Nəqliyyat üzrə ekspert Azər Allahverənov deyir, Milli Bank bir ildən artıq müddətdir ki, banklara avtokreditlərin dayandırılması ilə bağlı öz tapşırıqlarını verib:

«Buna görə də onsuz da maşın bazarında çətin vəziyyət yaranmışdı. Bunu ölkəmizə gətirilən avtomobillərin sayında da görmək mümkündür. Belə ki, ötən illərdə Azərbaycana 110 min nəqliyyat vasitəsi gətirilmişdisə, hazırda bu rəqəm 40-50 mindir. Kreditin dayandırılması isə bu rəqəmin daha da aşağı düşməsinə səbəb olacaq».

Meyvə
Meyvə

1 KQ GİLAS 98 MANAT

Hafta.az yazır ki, Bakıda «Sahil» metrostansiyasının yaxınlığında yerləşən dükanların birində yay meyvəsi olan gilasın 0.492 kiloqramı 48.22 AZN-ə satışa çıxarılıb. Bir kilosu isə 98 manat hesablanır.

Dükanın daimi müştərisi olan Bakı sakininin verdiyi məlumata görə, marketdə yay meyvələrinə əvvəl də rast gəlinirdi, amma indiki qiymətə yox: «Hazırda marketdə satılan gilasın qiyməti azı 2 dəfə bahalaşdırılıb. Bahalaşma bütün ərzaq məhsulları və meyvələrində müşahidə olunur».

Satıcıların sayta bildirdiyinə görə, məhsulları onlara firmalar baha qiymətə satırlar.

«Ölkəmizin bir sıra rayonlarında yay meyvələrinin qorunub, qış aylarında satışa çıxarılması üçün xüsusi soyuducular hazırlanıb. Göründüyü kimi, bu soyuducular qiymətlərin enməsinə heç bir təsir göstərə bilməyib», - hafta.az yazır.

Əli Kərimli
Əli Kərimli

MANATIN «ÖLMƏSİNDƏN» MƏMUR-OLİQARXLAR QAZANIR

«Azadlıq» qəzeti AXCP sədri Əli Kərimlinin Facebook səhifəsində sonuncu devalvasiya prosesində məmur-oliqarxların qazanması, ölkədə getdikcə kəskinləşən təbəqələşmə haqda yazdıqlarını dərc edib.

Kərimli 21 dekabr devalvasiyasından əvvəlki 8 gündə Mərkəzi Bankın 750 milyon dollar satdığını xatırladır. Sonra da sual edir ki, o 750 milyonu alan kimlər idi? O, həmin pulun 90-95 faizinin oliqarxlara, vəzifə milyonçularına aid olduğunu iddia edir:

«Bir çoxları həmin pulları ölkədən çıxarıb, xaricdə mala-mülkə yatızdırdı, bəziləri də həmin dollarları əllərində saxlayıb. Məqamına görə manat – dollar, dollar – manat alveri ilə əlavə milyonlar qazanırlar. Təsvir etdiyim mexanizm Mərkəzi Bankın təkcə 8 gündə satdığı 750 milyon dollar üçün deyil, bütövlükdə son bir ildə satdığı 10 milyarda yaxın dollar üçün də keçərlidir. Özünüz düşünün, bir ildə o qədər dolları bu ölkədə kimlər ala bilərdi? Bəli, milyonlarla insanı çörəyə, ərzağa, dərmana belə möhtac qoyan devalvasiya bir neçə min oliqarxı, korrupsioneri, vəzifə milyonçusunu daha da zənginləşdirdi. Proses davam edir».

Pensioner
Pensioner

PENSİYALAR ARTIRILACAQ

«Azərbaycan»da oxuyuruq: «Əmək pensiyaları indeksləşdiriləcək».

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Azərbaycanda manatın devalvasiyasından sonra pensiyaların artırılıb-artırılmayacağı məsələsinə aydınlıq gətirib.

Fond sədrinin dediyinə görə, mövcud qanunvericilikdə hər il pensiyaların inflyasiya faizləri nəzərə alınmaqla indeksləşdirilməsi proseduru müəyyənləşdirilib: «Təbii ki, növbəti ildə də 2015-ci il üzrə istehlak qiymətləri indeksi elan olunduqdan sonra həmin indeks səviyyəsinə uyğun olaraq əmək pensiyalarının sığorta hissəsinin və fərdi hesablara toplanan pensiya kapitallarının indeksləşdirilməsi prosesi reallaşdırılacaq».

E.Mehdiyev qeyd edib ki, bu, qanunvericiliyin normasıdır.

XS
SM
MD
LG