Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:44

Bacasız binada tüstüdən boğulanlar


Foto illüstrasiya
Foto illüstrasiya

-

«Binanın bacası yoxdur. Mənzillərə qaz, his dolur. Dəfələrlə boğulmalar olub, şükür ki, hər dəfə vaxtında xəbər tutub xəstəxanaya çatdırmışıq. Ölüm-itimsiz ötüşüb».

Sumqayıt şəhəri, 16-cı mikrorayon, Niyazi küçəsində yerləşən 3-mərtəbəli binanın sakinləri AzadlıqRadiosunun «Qaynar xətt»inə danışırlar ki, binanın fasadı çoxdan dağılıb, dam örtüyü yararsız haldadır. Üstəlik, binanın bacası da yoxdur. Axşam yatanda bilmirlər ki, səhərə salamat oyanacaqlar, ya yox...

HƏYAT ÜÇÜN TƏHLÜKƏLİ...

Bina sakini Əliheydər Ataşov deyir, 1993-cü ildən qızdırıcı sistem işləmir. Heç otaqlarda yeri də qalmayıb. Ona görə də mənzil sahibləri «ceyran» sobaları, ya da İran istehsalı olan qaz sobalarından istifadə edirlər. Bu isə tüstü bacası olmayan binada həyat üçün təhlükəlidir.

Binanın üçüncü mərtəbəsində yaşayan Ziyad Əmirli isə ildə iki dəfə mənzilini təmir etdirməli olur. Səbəbindən danışır:

«Dam örtüyü pis vəziyyətdədir. Yağış yağır, mətbəx, dəhliz su ilə dolur. Yorğan-döşək, xalça-palaz yararsız hala düşür. Evə nəmişlik iyindən girmək olmur. Məcbur qalıb tez-tez döşəməni təmir etməli oluram, divar kağızlarını ildə 2-3 dəfə dəyişirəm».

BİNANIN FASADI GÜNBƏGÜN DAĞILIR

Sakinlər deyirlər, Sumqayıt şəhər İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə dəfələrlə müraciət ediblər. Səslərinə səs verən olmadıqda özləri usta çağırıblar ki, dam örtüyünü dəyişsinlər. Ancaq dam örtüyünün təmiri üçün ustanın istədiyi məbləğ bina sakinlərinin cibinə uyğun olmadığından təmir baş tutmayıb.

Bina sakinləri kanalizasiya xətlərinin, elektrik naqillərinin istismar müddətini çoxdan başa vurduğunu bildirirlər. Hətta binanın fasadı da günbəgün dağılır.

Binanın həyəti də təmizlənmir. Sakinlər gileylənir ki, zibil qutuları dolub daşır, ərazi nəinki həftəylə, heç aylarla süpürülmür. Zirzəmilərdə çirkab sular dolub-daşır, həyətə axır.

ÜMİD 2016-YADIR

Sumqayıt şəhər 15 saylı Mənzil İstismar İdarəsindən bildiriblər ki, sakinlərin giley-güzarından sonra həyətə əl gəzdirib təmizlik işləri aparıblar. Ancaq binanın əsaslı təmiri, boruların dəyişdirilməsi və sair iri işləri görmək Mənzil İstismar Sahəsinin gücündə deyil. Bunun üçün layihə tutulmalı, Sumqayıt şəhər İcra Hakimiyyətinə təqdim olunmalıdır. Təmir, abadlıq işləri də növbəti ilin Dövlət Proqramına salınmalıdır.

XS
SM
MD
LG