Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:51

Azərbaycan 2015-i kəskin devalvasiya və inflyasiya ilə yola salır


Şerif, «Qara günlər» [karikatura]
Şerif, «Qara günlər» [karikatura]

Azərbaycan 2015-ci ili 2 önəmli iqtisadi hadisə - neftin ucuzlaşması və nəticədə manatın devalvasiyası ilə başa vurur.

Mərkəzi Bank sözünü tuta bilmədi


Öncə manatdan başlayaq. Əslində, ekspertlər manatın ucuzlaşacağını, amma bunun 2015-ci ildə baş verməyəcəyini deyir və bunu Mərkəzi Bankın bəyanatı ilə əsaslandırırdılar.

«Azərbaycan Respublikası Mərkəzi Bankının 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatı»nda deyilirdi ki, manatın məzənnəsinin sabitliyi növbəti ildə mühüm prioritetlərdən biri olacaq.

«Manatın sabit məzənnəsi aşağı təkrəqəmli inflyasiya hədəfinə nail olunmasında, sosial rifahın və investisiya aktivliyinin qorunmasında mühüm rol oynayır. Bunu nəzərə alaraq 2015- ci ildə manatın məzənnəsinin sabitliyi mühüm prioritetdir. Məzənnə rejimi əsasən dəyişməz saxlanacaq», - deyə bəyanatda vurğulanırdı.

Mərkəzi Bank bəyanatda deyilənlərin əksinə, 2 dəfə devalvasiyaya getməyə məcbur oldu.

Nəticədə, bank sektoru ili ciddi zərərlə baş vurur. Mərkəzi Bank bu ilin əvvəlindən bankların zərər və mənfəətlərini açıqlamır.

«Qeyri-neft sektorunun inkişafı istənilən səviyyədə deyil»

Əkrəm Həsənov, ekspert
Əkrəm Həsənov, ekspert

Bank məsələləri ekspert Əkrəm Həsənov deyir ki, manatın iki dəfə və ikiqat devalvasiyası ölkəni yeni reallıq qarşısında qoydu:

«Məlum oldu ki, qeyri-neft sektorunun inkişafı istənilən səviyyədə deyil. Neftdən asılılığımız ölkənin valyuta ehtiyatlarını yedi, manatı dəyərdən saldı. Ölkə iqtisadiyyatının lokomotivi olan və daha qabaqcıl hesab edilən bank sistemi ağır vəziyyətdə imiş. Üstəgəl, onu qeyri-peşəkarlar idarə edir».

«Amma buna getməsək...»

Ekspert qeyd edir ki, devalvasiya bank qanunvericiliyinin təkmil olmadığını ortaya çıxarıb:

«Birdən birə ortaya «xarici valyutada kredit vermək olarmı?», «kredit hansı məzənnə ilə qaytarılmalıdır?» kimi primitiv suallar yarandı. Bank sistemi və qanunvericiliyi görün nə gündədir ki, bir az böhran yaranan kimi ortaya belə suallar çıxdı. Dediyim kimi, bu, hələ qabaqcıl hesab etdiyimiz bank sistemidir. Görün indi digər sahələrdə vəziyyət necədir. 2015-ci il kəskin inflyasiya, əhalinin gəlirlərinin, ölkənin valyuta ehtiyatlarının azalması ilə başa çatır. Buna görə də qarşıda bizi daha ağır illər gözləyir».

Əkrəm Həsənovun fikrincə, kəskin, radikal addımlar atılmalıdır ki, iqtisadiyyat qurtulsun: «Bu, çox ağrılı proses olacaq. Amma buna getməsək, iqtisadiyyat tam çökəcək».

Hər şey neftə bağlı olarsa...

Əslində, Azərbaycan iqtisadiyyatı deyəndə neft yada düşür. Çünki hər şey ondan asılıdır və qiyməti düşən kimi Ümumi Daxili Məhsul (ÜDM) da azalır, xarici ticarət də, valyuta ehtiyatı da.
Son 1 ildə (yanvar-noyabr) xarici ticarət 10 milyard, valyuta ehtiyatı 8.7 milyard, ÜDM istehsalı 3.6 milyard dollar azalıb.
Mərkəzi Bankın «üzən məzənnə» ilə bağlı 21 dekabr bəyanatı da neftin ölkə iqtisadiyyatındakı əhəmiyyətini göstərir. Bəyanatda deyilir ki, iqtisadiyyat, valyuta bazarı və manatın məzənnəsi neftin 50-55 dollar qiymətinə adaptasiya olunmuşdu. Yəni, hər şey.

«Bu, hələ ilkin fəsadlardır»

Azər Mehtiyev, expert
Azər Mehtiyev, expert

İqtisadçı ekspert Azər Mehtiyev deyir ki, Azərbaycan iqtisadiyyatının neft gəlirlərindən asılılıq dərəcəsi bu il özünün hələlik ilkin sayıla biləcək ciddi fəsadlarını göstərdi:

«Neft gəlirlərinin azalmasına görə, Mərkəzi Bankın manatın məzənnəsini saxlamaq cəhdləri uğursuzluqla nəticələndi. İl ərzində valyuta ehtiyatlarının 9 milyard dollardan çox hissəsini xərcləsə də, manat 2 dəfə devalvasiyaya məruz qaldı. Və dəyərini 2 dəfəyədək itirdi».

«Bank sektorunda iflas prosesləri qaçılmaz görünür»

Ekspert əlavə edir ki, ölkənin bank-kredit sektoru birinci devalvasiyadan sonra hələ özünə gəlməmiş baş verən ikinci və daha sərt devalvasiyanın qurbanına çevrildi:

«Bank sektorunda iflas prosesləri qaçılmaz görünür. İqtisadi proseslərin bundan sonrakı gedişi böhranın daha da dərinləşməsinə aparıb çıxaracağı şübhəsizdir. Növbəti ildə neftin qiymətinin düşməsi prosesi davam edəcək. Biz yalnız ölkə iqtisadiyyatının və makroiqtisadi sabitliyin deyil, həm də ölkədə ictimai-siyasi və sosial sahələrin də neft gəlirlərindən bu qədər asılı olmasının fəsadlarını görəcəyik».

XS
SM
MD
LG