Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:44

Əliyev devalvasiyadan sonra hansı islahatları aparıb?


İlham Əliyev
İlham Əliyev

-

«Azadlıq» qəzeti yazır ki, monopoliya, korrupsiya, qiymət artımı, yüksək faizli kreditlər hələ də qüvvədədir: «Həmişəki kimi hökumət yenə də boş vədlərlə vəziyyəti dəyişmək istəyir. Guya, ciddi işlər görülür, böhrandan çıxış yolları tapılıb və s. Hətta mətbuatda da bu istiqamətdə təbliğat başlayıb. «İlham Əliyev ciddi islahatlara başladı», «Hakimiyyətdən qətiyyətli addımlar» başlıqlı yazılar dərc olunur. Amma diqqət edəndə heç bir islahatın işartısı görünmür».

Qəzet yazır ki, qiymət artımı davam edir: «Hətta yerli məhsulların qiymətində də sabitliyi saxlaya bilmədilər. Devalvasiyadan vətəndaşlara dəyən zərər ödənilmədi. Dollarla krediti olanlara güzəşt olunmadı. Axı, islahat xəbəri verən göyərçinlər nəyə əsaslanaraq bu xəbərləri yayırlar? Bəlkə, monopoliyalar ləğv olunub, sahibkar istədiyi məhsulu ölkəyə gətirə bilir, korrupsiyanın kökü kəsilib, vergilər azaldılıb?».

Qubad İbadoğlu
Qubad İbadoğlu

«BİZNESLƏ SİYASƏT ARASINDA SƏRHƏD QOYULMALIDIR»

Bir ilə yaxındır ABŞ-da çalışan İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, «Azərbaycan Demokratiya və Rifah» (ADR) Hərəkatının sədri Qubad İbadoğlu «Yeni Müsavat»a verdiyi müsahibəsində Azərbaycanın iqtisadi durumundan danışıb. İqtisadçı deyir ki, ölkədəki böhran şəraiti təkcə yoxsulları yox, orta təbəqəni də vuracaq: «İlk növbədə nəzərə almalıyıq ki, Azərbaycanın neft erası başa çatıb. Vaxtında lazımi səviyyədə şaxələnmiş iqtisadiyyat formalaşdıra bilmədiyimiz üçün indiki halda manatın sabitliyini qoruya bilmirik. Çünki ölkəyə yalnız neft və qaz satışından əldə olunan valyutalar daxil olurdu, o valyutaların azalması son nəticədə manatın dəyərdən düşməsini şərtləndirdi. İndiki halda iqtisadiyyatı idarə etmək əvvəlki qədər asan olmayacaq. Ona görə ki, əvvəllər iqtisadiyyatı idarə edən bir çox nazirlər, komitə sədrləri iqtisadiyyatın idarə edilməsindən daha çox, özlərinin biznesinin idarə edilməsinə cəlb olunmuşdu».

Qubad İbadoğlu təklif edir ki, iqtisadiyyatı idarə edən adamlar biznes idarəçiliyindən kənarlaşdırılsın: «Yaxud biznesi idarə edən adamların iqtisadiyyatı idarəetmədən kənarlaşdırılması çox vacibdir. İndiki halda həm biznesi, həm də iqtisadiyyatı idarə etmək - söhbət vəzifəli şəxslərdən gedir - son nəticədə Azərbaycanın vəziyyətini daha da pisləşdirəcək. Odur ki, biznes və siyasət arasında sərhəd qoyulmalıdır. İkinci çox vacib məsələ korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və hesabatlı bir hökumətin qurulmasıdır. Məmurların gəlirləri, əmlakı açıqlanmalı və dərc edilməlidir. Nəhayət, ölkədə iqtisadiyyatın liberallaşdırılması istiqamətində proqramlar həyata keçirilməlidir. Bu proqramların bir qismi də əlavə maliyyə qaynaqlarının əldə olunmasına şərait yaratmalıdır. Məsələn, ixracı stimullaşdırma istiqamətində, Türkiyədə olduğu kimi, müxtəlif güzəştlər həyata keçirməlidir».

Natiq Cəfərli
Natiq Cəfərli

DÖVLƏT QURUMLARINDA İŞİNİ İTİRƏNLƏRİ ÖZƏL SEKTOR QƏBUL ETMƏYƏ HAZIR DEYİL

«Bizim Yol» yazır ki, 2016-cı ildə də dövlət strukturlarında kütləvi ixtisarların davam edəcəyi gözlənilir. «Deməli, işsizlər ordusuna yeni insanlar əlavə olunacaq. Bunun qarşısını almaq üçün hökumət hansı addımları atmalıdır?». «Bizim Yol» eyniadlı məqalədə bu sualına cavab axtarıb.

İqtisadçı-ekspert Natiq Cəfərli qəzetə bildirib, Azərbaycanda son illər ərzində, yəni bahalı neft dövründə şişmiş dövlət və hökumət aparatı formalaşmışdı. Onun sözlərincə, dövlət qurumlarının yaradılmasında yanaşma dəyişilməlidir: «Bu günlərdə yeni dövlət komitələrinin yaradılması məsələləri gündəmə gəlib. Həm Dövlət Bayraq Meydanı yaradılıb, həm də Dənizkənarı Bulvar İdarəsi fəaliyyət göstərir. Belə fəlsəfələrdən əl çəkmək lazımdır. Yəni hər kiçik sahə üzrə komitə yaratmaq siyasətindən əl çəkilməlidir ki, effektiv idarəetmə metoduna keçə bilək».

N.Cəfərli hesab edir ki, dövlət qurumlarından ixtisara düşən işçiləri özəl sektorda qəbul edəcək mühitin olmaması yoxsulluq səviyyəsinə ciddi təsir göstərəcək: «Neft pulları hesabına orta biznesin formalaşması prosesi gedirdi. Yaranacaq sosial gərginliyin əsas zərbəsi onlara dəyəcək. Orta sinif yoxsullaşdıqca, onun aqressiyası da, depressiyası da artacaq. İnsanların psixoloji durumu pisləşəcək. Təəssüf ki, illərlə hökumətə bununla bağlı xəbərdarlıq edilsə də, hazırda bir işlək proqramı yoxdur. Normal ölkələrdə dövlət sektorunda gedən ixtisarlar zamanı yaranan işsizliyi özəl sektor həll edə bilir. Amma bu gün Azərbaycanda özəl sektorda da vəziyyət çox acınacaqlıdır».

Flame Towers
Flame Towers

BAKIDA HOTELLƏR QİYMƏTİ QALDIRIR

Manatın ucuzlaşması Bakı hotellərindəki qiymətlərə də təsir edib. fins.az yazır ki, onsuz da bahalığı ilə məşhur olan paytaxt hotelləri devalvasiyanı bəhanə edərək, qiymətləri daha da artırıblar. Məşhur hotellərinin bəzilərində artıq qiymətlər artırılıb, bəzilərində isə qiymət artımına hazırlıq gedir.

fins.az Bakı hotellərinin devalvasiyadan sonrakı qiymətlərini araşdırıb. Məlum olub ki, bir çox məşhur otellər qiymətlərini 15-20 faiz artırıb. Məsələn, «Fairmont Baku at the Flame Towers»də qiymətlər devalvasiyadan sonra 15-20% yüksəlib. Hazırda səhər yeməyi daxil olmadan iki nəfərin qalması üçün otaqlar 193 manatdır. Bir nəfərlik isə təxminən 15-10 manat fərqlə ucuz olur.

Sayt yazır ki, bəzi otellərdə isə yanvarın axırı, fevralın əvvəllərində qiymət artırılacaq.

XS
SM
MD
LG