Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 13:21

Ədəbiyyat turizmi nə deməkdir? Edinburqdan səfər qeydləri


Edinburq
Edinburq

Dünyanın 20 Ədəbiyyat Şəhərindən biri - Edinburq

Nərmin Kamal

Ədəbiyyat turizmi nə deməkdir?

“The Guardian” qəzetinin arxivində Charlotte Higgins'in “Gicbəsər Bakı” (Wacky Baku) adlı məqaləsi var. Məqalədə bir intellektual turistin Bakıda necə darıxmasından bəhs edir.

Düzdür, yazı on il əvvəl çap olunub, ancaq konkret onun pislədiyi məsələlərdə heç nə dəyişməyib. (Şarlotta xanım kimdir? Bu qəzetin İncəsənət şöbəsinin rəhbəri, incəsənət mövzularında bir neçə kitabın müəllifidir, Bakıdan əvvəl və sonra onlarca şəhər haqqında yazıb. Bu mövzuda təsadüfi adam deyil.)

Bəs intellektual turist üçün maraqlı şəhər nədir?

Edinburq
Edinburq

​Məsələn, Edinburq haqqında səyahət rəyləri həmişə təriflə dolu olur, Edinburq birmənalı şəkildə maraqlı mədəniyyət şəhəri hesab olunur.

Dünən Edinburqa qısa səfərdən qayıtmışam. Yarım milyon əhalisi olan Edinburqun heç metrosu yoxdur. Tramvayı hələ bugünlərdə çəkilməkdədir, tərslikdən qaldığım otelin qabağında bir həftə dır-dır-dır rels düzdülər.

Yolları Bakının mərkəzi küçələrinin yolları kimi şümal deyil, yamaq-yamaqdır. Binaları qaşınmır, çirklidir. Ancaq Şarlotta xanımın terminlərilə desək, intellektual turistlər buranı çox sevirlər. Niyə?

Edinburq Qəsrindən açılan mənzərə
Edinburq Qəsrindən açılan mənzərə

Həm şəhərin dərəli-təpəli relyefinə, Leyt çayına, tarixi yerlərinə və binalarına, Edinburq Qəsrinə, Kalton təpəsinə, şəhər içində yaşıl kəndlərinə görə, qağayıdan əskik olmayan şimal səmasına görə, həm də şəhərin ədəbiyyat-sənət həyatına görə.

Burda hər şeyə – köhnə şəhərin kilsələri, təzə şəhərin binaları, qəbirstanlıqlar, qəsr, Valter Skot qülləsi və şəhərdə gözə dəyən başqa hər bir şeyə ədəbiyyatdan, sənətdən don geydirilib.

Pul Muzeyinin pəncərəsindən açılan mənzərə
Pul Muzeyinin pəncərəsindən açılan mənzərə

Misal üçün, pul muzeyi. Bu muzeydə pul və bank tarixindən gələn eksponatların hərəsi haqqında yanına öz bədii hekayətini yazıblar, "literaturnı" bir kompozisiya qurublar, muzeydən çıxanda sanarsan qəhrəmanları pulkəsənmaşın, pulqabı və puloğurlayan siçovul olan bir roman oxudun.

Bir daşın hekayəti
Bir daşın hekayəti

Hər daşın haqqında bir nağıl yazıb vurublar üstünə. Məsələn, Parlament meydanında təxminən mən boyda beş dənə daş qoyublar.

Birinci daş - Şotlandiyanın çox uzaq geoloji keçmişinin rəmzidir, hələ qitələr indiki düzümündə olmayan vaxtlarda Şotlandiya haradaymış, nə şəkildə daşlardan ibarətmiş, guya oradan bir nümunədir bu romantik daş.

İkinci daş birincidən bir neçə milyon il sonranı təmsil edir. Və nəhayət, gələcəkdə - 250 milyon ildən sonra qitələr birləşəndə Şotlandiyanın yeri hara olacaq, bir ehtimali xəritə, bir gələcək daşı və o daşın hekayətini yazıb vurublar üstünə.

Yaxud da Edinburq Qəsrini tanıdan sözləri götürək. Şəhərin mərkəzində, sahəsinə görə bizim İçərişəhər boyda ərazidə, çox hündürdə, sönmüş vulkanın, bazalt qayaların üstündə yerləşən əzəmətli bir qəsrdir. İki saatlıq uzun növbələrdən sonra girirsən bu qəsrə, turistlərə qəsrin bir-birindən təsirli hekayətlərini danışmağa başlayan audio-bələdçilər işə başlayır.

Onlar quru məlumatlar vermir. Tarixlə ədəbiyyatın qarışdığı hiss olunur.

Sarsılmaz olsun deyə, bazalt qayaların üstündə tikilən bu qəsri elə bu bazalt qaya ələ verirmiş.

“Bazaltın kimyəvi xüsusiyyəti elədir ki, su saxlamır. Buna görə mühasirələr vaxtı həmişə bu qəsr susuzluqdan təslim olurmuş. Bazalt qayanı sarsılmaz bilib qəsri onun üstündə tikəsən, sonra da elə o bazalta görə asanca diz çökdürüləsən...”

Şotlandiya parlamenti
Şotlandiya parlamenti

Yaxud Şotlandiya parlamenti. Qanunların verildiyi yerdir, onların milli məclisidir, ancaq binasına baxanda onun içində Milli Məclis yerləşdiyinə inanmırsan.

Şotlandiya Parlamentinin binası
Şotlandiya Parlamentinin binası

2004-cü ildə taxtadan-dəmirdən-şüşədən tikiilmiş, yarımçıq torta oxşar bir inşaatdır, adı yadımda qalmayan bir memarın postmodern əsəridir.

Edinburqlular öz yazıçılarının nəinki ev-muzeylərini, kitablarında bəhs etdikləri məkanları, kitabların süjetlərini də xarici turistlər üçün gəzinti turlarına çeviriblər. Paketləyiblər, üstünə qiymət yapışdırıblar.

Edinburq
Edinburq

Elə bilin ki, biz Bakıya gələn xarici turistlər üçün “1937-ci il turu”, “Əli və Nino turu”, nə bilim, “Molla Nəsrəddin turu” turu açmışıq, Bakının xəritəsində 1937-38-ci il hadisələrinin olub keçdiyi ünvanları bəlirləmişik, sonra onlardan bir xətt keçirib düz Nargin adasındakı güllələnmə səngərinə doğru uzatmışıq, demişik bu da Bakının ədəbi xəritəsi...

Edinburqa gələn turistlərə də belə ədəbiyyat turları təklif olunur. Misal üçün:

- Şotland yazıçı J.A.Hendersonun kitabları əsasında cızılmış “Edinburq-ruhlar şəhəri” adlı tur qorxulu yerləri, paranormal ruh ocaqlarını, tarixi qəbirstanlıqları gəzdirir. Adambaşına 20 manatdır. Bu turların hər birinin internet səhifəsinə də baxmanızı təvəqqe edirəm.

- Edinburq Ədəbiyyat kafeləri turu. Professional aktyorlar bu tura bilet alan ağıllı turistləri şəhərin ədəbiyyat kafelərini gəzdirir, onları ədəbiyyat pab və kafelərində çağdaş yazıçılarla görüşdürürlər.

- Sonra, Edinburq Kitabsevənlər turu. Yazıçılar Muzeyinin qarşısında start götürən bu tur turistləri Walter Scott, Robert Louis Stevenson, Robert Burnsın həyat və yaradıcılığıyla tanış edir, “faktlar və əyləncə, şərhlər və gülüş” vəd edir. Turun aparıcısı Allan Foster adlı bir şəxsdir ki, o, həm də “Ədəbiyyat səyyahı Edinburqda” adlı cib kitabı yazıb turistlər üçün.

- Detektiv romanlar müəllifi şotland Ian Rankin'in çox satılan “Müfəttiş Rebus” kitablarıyla bağlı hər şeyi əhatə edən bir tur.

- “Trainspotting” adlı tur. Bu tur nəymiş? Çağdaş şotland yazıçısı, 1958-ci il təvəllüdlü Tim Bell'in “Trainspotting” romanı və ona çəkilmiş eyniadlı film haqda söhbətlərdir, Leyt qəsəbəsinin mənzərəsi fonunda gəzintilə birlikdə.

- Hələ “Harry Potter”-in müəllifi "JK Rowling'i ihamlandıran yerləri gəzdirən tur" da var.

Edinburqda görürsən ki, dövlət də, insanlar da incəsənətə, ədəbiyyata ciddi məsələlər kimi yanaşırlar. Bu adamların bildiyi bir şey var ki, belə edirlər.

Baxırsan, çox böyük, içəridəki kolleksiyaların yerləşəcəyindən qat-qat böyük ərazilər və binalar verilir qalereyalara, muzeylərə. Şotlandiya Müasir Sənət Qalereyasının həyətinə girəndə gördüm, həyətdə iri bir süni göl (bəlkə də təbiidir), ətrafında bir-birindən aralı çoxmərtəbəli iri binalar. Dedim, bəs Şotlandiya Müasir Sənət Qalereyası bunlardan hansıdır? Dedilər, elə hamısı.

Bu şəhərdə Şotlandiya Hekayə qiraəti Mərkəzi var (Scottish Storytelling Centre), hər axşam şeir gecəsi keçirən Şotlandiya Poeziya Kitabxanası var. Bir dənə də Sn. Andrew Meydanı var, burada həftədə bir axşam müasir şairlərin şeirlərini oxuyurlar, başqa sözlə, təbliğ edirlər.

Üstəgəl, hər ilin avqustu Edinburqda keçirilən festivallar! Onlardan biri Ədəbiyyat festivalıdır. Dünyanın ən böyük ədəbiyyat festivalı.

Kilsə binasında "Günah" adlı gecə klubu
Kilsə binasında "Günah" adlı gecə klubu

Əgər UNESCO başdan-ayağa bütöv bir şəhərin evlərini, binalarını mədəniyyət abidəsi kimi qoruma altına alırsa, bu, həmin şəhərin indiki sakinlərinin yox, keçmiş sakinlərinin qüdrətidir. Tikiblər, qoyub gediblər.

Ancaq UNESCO Edinburq şəhərinə təkcə mədəniyyət abidəsi statusu verməyib, həm də ayrıca Ədəbiyyat Şəhəri statusu verib. Bu isə, indiki sakinlərinin qüdrətidir, indiki rəhbərlərinin əməyidir.

Edinburqun ucqar küçələri
Edinburqun ucqar küçələri

Edinburq adamda sənət həssaslığı yaradır. Küçədə hər yana o gözlə baxmağa başlayırsan ki, indi bu dəqiqə nə isə çıxacaq qarşıma. Və çıxır.

Adi ara küçələrlə getdiyin yerdə bir də görürsən bir kilsənin üstünə “Sin” (Günah) yazılıb, pəncərələrinə od-alov rəsmləri vurulub, içəridə gecə klubu yerləşir.

Yaxud bayaq qeyd etdiyim postmodern parlamentlə üzbəüz bir böyük dinozavr qalereyası var. Məktəb uşaqları üçün.

Orada tualetlərin yerini nişan verən bir lövhə vurublar divara. İşarələrin biri qadın, biri kişi, o biri dinozavr.

İstədin-istəmədin, baxan kimi özünü o lövhədə axtarırsan, bir anlıq qadın işarəsilə dinozavr işarəsinin arasında qalırsan.

2014

XS
SM
MD
LG