Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:01

Lənkəran müxalifətçiərini tutublar - VİDEO


Aksiya - 12 yanvar 2016
Aksiya - 12 yanvar 2016

-

Liman şəhərinin sakinləri qiymətlərin və işsizliyin artmasına etiraz edirlər.

Yazı yenilənir. Ən son xəbər əvvəldədir.

AXCP və Müsavat partiyalarının yerli təşkilatlarının sədrləri Lənkəran rayon Polis İdarəsinə aparılıblar. Bu barədə Azadlıq Radiosuna həmin şəxslərin yaxınları məlumat veriblər.

Yada salaq ki, yanvarın 12-də günün birinci yarısında Lənkəran rayonunun Liman şəhərinin sakinləri Bakı-Astara yolunu bağlayaraq qiymətlərin qalxmasına etirazlarını bildirmişdilər. Aksiya iştirakçıları ilə rayon rəsmilərinin danışıqlarından sonra yol açılmışdı. Bundan sonra isə bu aksiya ilə bağlı 4 nəfər şəxsin Lənkəran rayon Polis İdarəsinə aparıldığı bildirilir. Onlardan ikisi Liman sakinləri olub. Hər iki şəxs sərbəst buraxılıb. AXCP rayon şöbəsinin sədri Nazim Həsənli və Müsavat Partiyası yerli təşkilatının sədri İman Əliyev isə hələ də polisdədilər.

AKSİYA DAYANDI

«Aksiya yerli hakimiyyət orqanları ilə danışıqlardan sonra dayandırıldı. Bir neçə dəqiqə olar ki, Bakı-Astara yolu boşaldıldı».

Bunu AzadlıqRadiosuna Müsavat Partiyasının yerli təşkilatının üzvi İman Əliyev deyib:

«Danışıqlarda polis rəisi və icra hakimiyyəti başçısının müavini iştirak edirdi. Aksiya iştirakçıları onlara öz tələblərini çatdırdılar. Bundan sonra aksiya qarşılıqlı razılaşma əsasında dayandırıldı».

İman Əliyev deyib ki, aksiya iştirakçılarının əsas tələbləri bunlardır:

«İş yerlərinin açılması. Liman şəhərinin 90 faizi işsizdir. Kommunal xərclərin endirilməsi. Əhaliyə qaz əvəzinə hava verirlər. Bir də süni qiymət artımının qarşısının alınması. Limanda 315 qramlıq çörəyi 40 qəpiyə satırlar. Dünən unun 50 kiloqramlıq kisəsi 34 manat idi. İndi burda danışırlar ki, 40 manata qalxıb».

(Ardı aşağıda)

Lənkəranda etiraz. "Bizi çək, İlham Əliyevə göstər"
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

+++

Müsavat Partiyasının yerli təşkilatının üzvi İman Əliyev xəbər verir ki, polis hələ də aksiya iştirakçılarını Bakı-Astara yolundan tam uzaqlaşdıra bilməyib:

«Polis istədi bir neçə nəfər tutub aparsın, aksiya iştirakçıları buna imkan vermədi. Yolda hələ də bəzi insanlar və onların gətirdiyi maşınlar qalır».

«ARVADIN, UŞAQLARIN GÖZÜNÜN İÇİNƏ BAXA BİLMİRİK»

Yanvarın 12-də Lənkəran rayonunun Liman şəhərinin sakinləri Bakı-Astara yolunu bağlayıblar.

Bu barədə AzadlıqRadiosuna Müsavat Partiyası Liman təşkilatının üzvi İman Əliyev məlumat verib. İman Əliyevin sözlərinə görə, aksiyanı heç bir siyasi qüvvə təşkil etməyib. Əhali qiymətlərin qalxmasına və işsizliyin artmasına etiraz edirlər:

«Təsadüfən yoldan keçirdim, insanların yolu bağladıqlarını gördüm. Adamlar qiymətlərin günü-gündən artmasına, işsizliyin baş alıb getməsinə etiraz edirlər. Bəs deyirdilər ki, Azərbaycan neftdən asılı deyil, qeyri-neft sektoru inkişaf edib. Bəs nə oldu?».

Aksiya iştirakçılarından biri isə AzadlıqRadiosuna deyib ki, artıq yaşaya bilmirlər:

«Arvadın, uşaqların gözünün içinə baxa bilmirik. Bizə iş lazımdır, şəhərdə hər gün oğurluqlar artır. Təkcə dünən iki oğurluq olub».

İman Əliyev deyib ki, hadisə yerinə polislər gəlib. Onlar aksiyanı dağıtmağa çalışırlar. İman Əliyevin sözlərinə görə, ötən ilin fevralında birinci devalvasiya zamanı da Liman sakinləri yolu bağlayıblar. Onun müraciətindən sonra aksiya dayandırılıb:

«Onda həm əhali, həm də yerli hakimiyyət orqanları məni qınadı. Sadə insanlar məni qınadılar ki, bizim qarşımızı niyə alırsan? Yerli hakimiyyət orqanları da aksiyanın təşkilatçılığını üstümə atıb, məni tutmaq istəyirdilər. Bugünkü aksiya da kortəbii, əhalinin öz istəyi ilə keçirilir».

Bu hadisə ilə bağlı səndə video, foto hər nə varsa, bizə göndərə bilərsən.

Çəkdiklərini MobilReportyor-a belə çatdır:

- Kompüterdən - Yükləmə səhifəsinə daxil olub oradakı qaydalara əməl etməklə foto və ya videolarını bizə göndər.

- WhatsApp nömrəmiz:

(+420) 778 711 700

Görüntüləri elektron poçtla bura göndərə bilərsən: AzadAvropa.AzadliqRadiosu@gmail.com

XS
SM
MD
LG