Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:46

«Papanin» sakinləri: Evlərimizi dağıdıb getdilər


«Papanin»
«Papanin»

-

«Bilmədik, bu nə oyundur, nə siyasət qurdular bizimlə. 2-3 il əvvəl səs-küylə gəldilər, evlərin bir hissəsini sökdülər, çoxu qaldı... Ağır texnikalar işlədib ərazidəki başqa evləri də qəzalı vəziyyətə saldılar. Elə vəziyyət yaranıb ki, evimizdən didərgin düşmüşük. Mənim kimi getməyə yeri olmayan da qorxa-qorxa yaşayır. İndi kimin üstünə gedirik ki, a balam. İndi burada yaşamaq təhlükəlidir. Maşınlar sürətlə hərəkət edirlər».

ƏRAZİ XARABALIĞI XATIRLADIR

Bunu AzadlıqRadiosunun «Qaynar xətt»inə Nəsimi rayonu ərazisində, keçmiş «Papanin» küçəsində yaşayan İldırım Əsgərov deyir. Onun sözlərinə görə, metro tikintisi adı ilə evlərin bir hissəsi söküləndən sonra proses dayanıb. Deyir, indi ərazi xarabalığı xatırladır:

«Dedilər «Memar Əcəmi 2» stansiyası tikiləcək. Hay-küylə gəldilər, adamları zorla evlərindən çıxarıb sökdülər, sonra da işləri yarımçıq qoyub getdilər. Adamların bir hissəsini isti yuvasından didərgin saldılar, bir hissəsi də qəzalı vəziyyətə saldıqları xarabalıqlarda yaşamağa məcburdur».

Məhəllənin başqa sakini Kəbutər Salahova deyir, 2 il əvvəl ona 56 kvadratmetrlik mənzilinə görə təklif olunan cüzi kompensasiya ilə razılaşmayıb. İkinci təklif Hövsana köçürülməklə bağlı olub. Bunu da qəbul etməyib. Üçüncü təklif, ümumiyyətlə, olmayıb. İndi qəzalı evdə yaşayır:

«Mənə pul lazım deyil. Məni elə bu ərazidə başqa evlə təmin etsinlər. Nə metro tikəsi oldular, nə yol çəkəsi… Ara yerdə evlərimizi pis günə saldılar».

«XƏZİNƏNİ HƏRƏ BİR TƏRƏFDƏN BOŞALTDI»

Sakin Firdovsi Cəlilov isə ölkədəki mövcud durumla əlaqədar bundan sonra söküntü, tikinti işlərinin aparılacağına inanmır:

«Milyardlar getdi boş-boş tikintilərə, idman saraylarına, oyunlara… Xəzinəni hərə bir tərəfdən boşaltdı. Bundan sonra nə metro tikmək, nə yol çəkmək?.. Gəlsinlər xarabaya çevirdikləri ev-eşiyimizi, yolumuzu düzəltsinlər, qaytarsınlar özümüzə… Yağış yağanda evdən çıxa bilmirik».

«Papanin» sakinləri deyir, söküntülər vaxtı evlərini tərk etmək üçün qarşılaşmadıqları təzyiq qalmayıb. Qaz, işıq, su, kanalizasiya xətləri kəsilib. Sakinlər bir müddət bu vəziyyətdə qalıblar. Sakitlik yarandığını görəndə hərə öz bildiyi kimi işığını, qazını, kanalizasiya xəttini çəkib. Bu isə ərazidəki evləri daha təhlükə ilə üz-üzə qoyub. Sakinlər burada baş verə biləcək faciələrə görə hökuməti ittiham edirlər.

MƏHKƏMƏYƏ GETMƏK

İndi ərazidə xarabalığı xatırladan evlərin qarşısına iki metr hündürlükdə hasarlar çəkilib. Buradakı acınacaqlı mənzərəni yalnız yaxınlıqdakı körpüdən keçən maşınlardan görmək olur.

Nəsimi rayon İcra Hakimiyyətindən «Papanin» sakinlərinin ittihamlarını cavablandıran olmayıb.

Hüquqşünas Vaqif Alıyev deyir, sakinlər mülkiyyətlərinə vurulmuş zərərlə bağlı icra hakimiyyətinə qarşı inzibati iqtisad məhkəməsində iddia qaldıra bilərlər.

12 noyabr 2012-ci il tarixdən «Papanin» adıyla tanınan ərazidə söküntü işlərinə başlanılıb. Səbəb kimi yeni metro xəttinin və yeni yol ötürücüsünün inşası bildirilirdi. Sakinlər kompensasiyanın azlığından şikayətlənərək evlərindən çıxmadığı üçün əraziyə tez-tez polis qüvvəsi yeridilirdi. Evlərin bir hissəsi söküldükdən sonra söküntü işləri qəflətən dayandırılıb.

XS
SM
MD
LG