Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:43

Liman şəhərində etirazlar nədən baş verdi?


Liman sakinləri
Liman sakinləri

-

Yanvarın 12-də Lənkəran rayonunun Liman şəhərində keçirilən etiraz aksiyası iki nəfərin həbsi ilə başa çatdı. Lənkəran şəhər İcra Hakimiyyətindən bu məsələyə münasibət bildirərkən deyiblər ki, «aksiyanı spirtli içkilər və tütün məmulatlarını ala bilməyənlər keçirirlər». Digər tərəfdən, aksiyanı Müsavat və AXCP-nin yerli təşkilatlarının üstünə atırlar. AXCP və Müsavat Partiyasının rayon təşkilatlarının sədrlərinə - Nazim Həsənov və İman Əliyevə 30 sutka həbs verilib.

«NAZİM BƏYİ FACEBOOK-DA FƏALLIĞINA GÖRƏ, İMAN BƏYİ DƏ...»

Liman şəhər sakini Kazım Həsənov hər iki fikrin yanlış olduğunu bildirir. Onun sözlərinə görə, Limanda zaman-zaman etirazlar olub. Bunun başlıca səbəbləri işsizlik və çörək məsələsidir:

«Adamları çaşdırmağa çalışırlar. Müsavat və AXCP-nin Lənkəran rayon təşkilatlarının sədrlərinin həbsi aksiya ilə bağlı deyil. Hər ikisinin cib telefonlarını əllərindən alıblar. Deyirlər ki, onların telefonlarını açanda Amerikadan, İngiltərədən zənglər gəlir. Hətta Ermənistandan da zəng gəlir. Çox gülməlidir. Nazim bəyi Facebook-da fəallığına görə, İman bəyi də AzadlıqRadiosuna müsahibə verdiyinə görə həbs ediliblər. Ayın 13-də şəhərin bir qrup sakini Lənkəran şəhər İcra Hakimiyyəti başçısı ilə görüş keçirib. Orda deyiblər ki, tutulanların hamısı buraxılacaq, İman bəylə Nazim bəyə isə hörmət olaraq 30 sutka veriləcək. Bir neçə saatdan sonra hər ikisinə 30 sutka iş verdilər».

HƏBS EDİLƏN MÜXALİFƏTÇİLƏRİN TELEFONLARI QAYTARILMAYIB...

Kazım Həsənovun sözlərinə görə, aksiya vaxtı Nazim Həsənov dərsdə olub. Hadisə yerindən keçərkən, toplaşmış adamları telefonla çəkib və paylaşıb. Kazım Həsənov deyir ki, Nazim Həsənovun müsadirə edilən cib telefonundan müxtəlif adamlara zəng gəlir. Bu yolla onun dostlarının fikirlərini öyrənmək istəyirlər.

Onlar da indi işsizdir.
Onlar da indi işsizdir.

«İŞ VƏ ÇÖRƏK İSTƏYİRİK»

Adının çəkilməsini istəməyən bir Liman sakini deyir ki, heç bir partiyanın üzvü deyil. Onların məqsədi hökumətin diqqətini Liman şəhərində olan ağır sosial-iqtisadi vəziyyətə çəkməkdir:

«Limanda 14 minə yaxın əhali yaşayır. Sovet dövründə burda 10-a yaxın sənaye obyekti olub. Əhalinin müəyyən hissəsi dənizlə dolanıb. İki nəhəng nəqliyyat müəssisə fəaliyyət göstərirdi. İndi heç nə yoxdur. Dənizi nazir əlimizdən alıb. İşlək əhalinin böyük bir hissəsi sürücüdür. «İpək yolu»nda işləyirdilər. Onlar da indi işsizdir. Torpaqlarımız da əkinə yararlı deyil. Prezidentlə işim yoxdur. Məmurlardan soruşuram, bəs nə edək? And olsun Allaha, ailələrimiz acdır. Nə siyasi partiya, nə araq? Biz iş və çörək istəyirik. Bahalaşma olmasaydı da camaat etiraza qalxacaqdı. Dəfələrlə qalxmışıq, bizi dinləyiblər, tədbir görəcəyini deyiblər. İllər keçir, bəs hanı?».

Lənkəran Müəllimlər Cəmiyyətin sədri Rahim Nuriyev deyir ki, Limanda keçirilən aksiya ilə bağlı ətraflı məlumatı yoxdur. Lakin o, insanların etirazını haqlı hesab edir:

«Tənbeh etməklə digərlərin qarşısını alırlar. Bu dəqiqə barıt çəlləyi kimidir».

«ELƏ BİL, İNSANLARI BUNLARA SATIBLAR»

Masallı Ziyalıları Birliyinin sədri Məmmədağa Eynullayev isə deyir ki, manatın devalvasiyası, bahalaşma pis olan sosial-iqtisadi vəziyyəti daha da ağırlaşdırıb. İnsanlar kəndlərdə az və ya çox sayda toplaşaraq öz etirazlarını bildirirlər:

Məmmədağa Eynullayev
Məmmədağa Eynullayev

«Manatın devalvasiyası insanlar üçün çoxlu problemlər yaradıb. Azərbaycan qida məhsullarının çoxunu xaricdən gətirir. Bu da istər-istəməz bahalaşmaya rəvac verir. Bu nə araqla, nə də siqaretlə bağlıdır. Bu mümkün olan məsələ deyil. Bura dindar bölgədir. Spirtli içkilərə elə də meyl yoxdur. Rusiya deyil ki, arağa görə üsyan eləsinlər. Bu narazılıq yaşayışla bağlıdır. Siyasi partiyalar etsəydi, bunu aksiyalar şəkilində edərdilər. Axı bu etirazlarda siyasi şüarlar yoxdur. Bölgələrdə vəziyyət çox pisdir. Məmur özbaşınalığı, korrupsiya, işsizlik baş alıb gedir. İcra hakimiyyəti başçıları insanlarla qaba rəftar edirlər. Elə bil ki, insanları bunlara satıblar».

Müsavat Partiyasının Masallı rayon təşkilatının sədri Xasay Səfəroğlu da bu etirazlarda partiyaların iştirak etmədiyini bildirir:

«İnsanlar mövcud sosial-iqtisadi vəziyyətlə bağlı çıxıblar küçələrə. Burda siyasi partiyaların təşkilatçılığından danışmaq yersizdir. Lakin biz bu insanların yanındayıq. Hakimiyyət vəziyyətdən nəticə çıxartmaq əvəzinə hadisələrə zorla siyasi don geyindirmək və ictimai rəyi çaşdırmağa çalışır».

«NEFT PULLARINI NAZİM HƏSƏNOV OĞURLAYIB?»

Lənkəran rayon sakini, alim Hüseynqulu Məmmədov isə özünün Facebook səhifəsində yazır: «Azərbaycan televiziyaları deyirlər ki, 1997-ci ildən bu günə kimi ölkəyə 100 milyardlarla neft pulu daxil olub. İndi bu pullar tükənib. Görəsən bu pulları kim oğurlayıb? Lənkəranlı Nazim Həsənov oğurlayıb? Mən onun evini görmüşəm, podvalı da yoxdur. Gətirib versinlər Liman əhalisinə, ac qalmasınlar».

XS
SM
MD
LG