Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:57

Böyründən su kəməri keçən, amma susuz qalan kənd


İllüstrasiya
İllüstrasiya

►“Qəbələ-Oğuz su kəməri kəndimizin böyründən keçir. Bu sudan hamı yararlanır.

Bakı əhli də bu sudan içir. İndi, nə olar ki, o sudan bir qurtum da biz dadsaq?”

Ağsunun Qəşəd kənd sakini Qurban Osmanov deyir, kəndin canlılarının yay-qış susuzluqdan dodaqları çatlayır. Səbəb də odur ki, azı 30 ildir kənddə nə içməyə, nə də məişətdə istifadə etməyə su tapılmır.

Azı 150 ailənin yaşadığı kəndin su problemi Sovet dövründən miras qalıb. Ancaq kəndli deyir, heç olmasa, o zamanlar rayonun başbilənləri onların suya tələbatlarını yaxşı-pis təmin ediblər:

“Sovet dağıldı, kəndimizə elə bil bəla gəldi – susuzluq bəlası... Kəndlilərin çoxu mal-qaranı, heyvanı rayon mərkəzinə, paytaxta çəkib satdı. Onsuz da mal-heyvan susuzluqdan qırılırdı. İndi heyvandarlıq sıfıra düşüb. Əkin sahələri yağış yağanda suvarılır, quraqlıq düşəndə yanır. Nə əkin biçinimiz var, nə heyvandarlığımız...”

Buna da bax: Ilham Əliyev geniş özəlləşdirmə olacağına eyham vurdu

“BİR DƏ XƏBƏR TUTDUQ...”

Kəndin başqa sakini Həsrət Səlimov deyir, bir neçə il əvvəl kəndə hansısa Yaponiya şirkəti gəlib. Kəndin qəbiristanlığını, məhəllədaxili bəzi yollarını düzəldib. Kəndlilər də şirkətin nümayəndəsindən xahiş ediblər ki, başlıca problem olan su məsələsinin həllində yardımçı olsun:

“Hətta bələdiyyə sədrimiz də neçə dəfə ağız açdı. Söz verdilər ki, çalışacaqlar həll etsinlər. Ancaq bir də xəbər tutduq ki, onlar da çıxıb gediblər. Yenə qaldıq susuzluqda...”

Kənd evləri yalnız yaxınlıqdakı bulağın nazik gözündən axan su ilə dolanır. Çox vaxt suyu başqa kəndlərdən pulla alırlar.

Buna da bax: “Sədərək”də ölən alver- [Fotolar]

“BİZ DƏ SU GÖRƏRDİK”

Həsrət Səlimov:

“Kəndin yanından Oğuz-Qəbələ su kəməri keçir. Diametri 2 metrdir. Ordan kəndə nazik bir boru çəksəydilər, biz də su görərdik. Allaha da xoş gedərdi, bəndəyə də... Təşkilatlar gəlirlər, vəd edirlər, gedirlər”.

Sakinlərin deməsinə görə, kənddən təqribən 6 kilometr aralıda yeraltı su süxurları var. Ancaq o süxuru qazıb, nasoslarla suyu vurub, boru ilə çəkib kəndə çatdırmaq üçün kəndə canı yanan birisinə ehtiyac var.

Ağsunun icra hakimiyyətindən bildirdilər ki, qurum kəndlərin su ilə təminatına xüsusi diqqət ayrılır. Bu yaxınlarda Pirhəsənli, Rəhimli və Cəlayır kəndlərində su təminatı yaxşılaşdırılıb və modul tipli sutəmizləyici qurğular quraşdırılıb. Qəşəd kəndinə gəlincə, kənd əhalisi yaxınlıqdakı bulaqdan istifadə edir. Kənddə yeni su mənbələrinin yaradılması təklifi üzərində düşünürlər.

XS
SM
MD
LG