Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:46

İdxalda «dekabr sindromu»


Foto illüstrasiya
Foto illüstrasiya

-

Ötən ilin dekabrında Azərbaycanın xarici ticarət əlaqələrində daha bir mənfi saldo qeydə alındı. Amma bir fərqlə -Dövlət Gömrük Komitəsinin hesabatından göründüyü kimi, idxalın ixracdan gələn vəsaiti üstələməsi dekabrda ən yüksək həddə - 206.7 milyon ABŞ dollarına çatdı.

İlin 4-cü rübündə ixracın ard-arda azalması fonunda idxalın həcmi son on ayın ən yüksək rəqəmini – 1 milyard 12 milyon dolları «fəth etdi».

«YANAN PLANLAR» DEKABRDA MAL QEYDİYYATINI ARTIRIR

Statistikanın təhlili göstərir ki, gömrük orqanlarında «dekabr sindromu» yaşanır. Son bir neçə ilin dekabrında mal idxalı ixracı aşır. Bəzi ekspertlər bu amili başqa bir sindroma – «yanan planlar»a bağlayır. Dövlət büdcəsi qarşısında öhdəliyini yerinə yetirmək üçün gömrük əvvəlki aylarda olduğundan daha çox mal qeydə alır.

İndisə idxalın artımına iqtisadiyyatda baş verən ümumi geriləmənin sonucu kimi də baxılır.

Beləcə, «ölkəyə gətirilən malların alınmasına çəkilən xərclərin artımı hansı mənfi nəticələrə gətirib çıxara bilər» sualının cavabı aktuallaşır.

«BUNDAN SONRA DA AYLIQ MƏNFİ SALDO QEYDƏ ALINA BİLƏR»

İqtisadçı ekspert Kənan Aslanlı AzadlıqRadiosuna deyib ki, xam neft ixracının kəskin azalması idxalla ixracın həcmini bir-birinə yaxınlaşdırdığından bundan sonra da aylıq mənfi saldo qeydə alına bilər. Ekspert fikrini əsaslandırarkən, qarşıdakı dövrdə ixracatda gözə çarpa biləcək meyllərə diqqət çəkir: «Neft sektorunda nisbi azalan stabil ixrac, qeyri-neft sektorunda - kimya sənayesi və kənd təsərrüfatı məhsullarında nisbi artan ixrac ola bilər».

Kənan Aslanlının fikrincə, investisiya hədəfli texnika və avadanlıq idxalının rüsumdan azad olunması və gözlənilən bir sıra sərmayə layihələri idxalı artıra da bilər:

«Ancaq manatın təkrar devalvasiya riski ortadan qalxmayıb. Buna görə də bir çox idxalçı gözləmə mövqeyindədir».

İqtisadçıların fikrincə, çoxalan idxal dollara da tələbi artırır. Dolların məzənnəcə yüksəlməsini şərtləndirən amillərdən biri də budur.

XS
SM
MD
LG