Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:00

Tbilisi Bakının xətrinə dəyib


Qaz
Qaz

-

«World Politics Review»da Michael Cecire Gürcüstan hökumətinin Rusiyadan daha çox qaz almaq niyyətindən söz açır. Yanvarın ortasında Tbilisidə bu plana etiraz aksiyası keçirilib. Elə hökumətin opponentləri də iddia edirlər ki, «Gazprom»dan asılılıq Gürcüstanı Kremlin təzyiqi qarşısında zəiflədəcək. Ancaq müəllifin fikrincə, Tbilisinin «Gazprom»a sarı dönməsi onun Moskvanın qucağına atılması anlamına gəlmir, hökumət enerji təminatını şaxələndirmək istəyir:

«Gürcüstanın Rusiya qazına bu marağı onun daimi təchizatçısı Azərbaycanın da xətrinə dəyib. Bu ölkə Gürcüstanın daxili istehlakının 80 faizini verir, üstəlik, bir sıra dini müəssisələri pulsuz qazla təmin edir. Düzdür, Gürcüstan rəsmiləri vurğulayırlar ki, «Gazprom»la danışıqlar Azərbaycan qazının əvəzlənməsi ilə nəticələnməyəcək, sadəcə, ona əlavə olacaq. Ancaq qeyri-Xəzər mənbələrindən gələn qaz Azərbaycanın Gürcüstan bazarındakı payını azaldacaq ki, Bakı bu ssenarinin həyata keçməsini görmək istəmir».

Müəllifin fikrincə, şaxələndirmədən savayı, burada bir geosiyasi element də var, Gürcüstan digər strateji tərəfdaşlar axtarışındadır. Azərbaycanla son 20 ildə münasibətlər güclənib. Ancaq Bakı insan haqları baxımından getdikcə Qərbdən uzaqlaşır, Rusiya və İrana tərəf yönəlir:

«Neftin ucuzlaşdığı bir məqamda Azərbaycanda ölkədaxili iğtişaşlar artıb, gələcək də qeyri-müəyyən görünür. Bu kontekstdə Tbilisinin qaza görə Bakıya bel bağlamaq istəməməsinin səbəbini görmək çətin deyil. Hətta, Rusiya kimi ixracatçılar hesabına şaxələndirmə özünün sabitliyi və etibarlılığı bahasına olsa belə».

Sanksiyalar
Sanksiyalar

SANKSİYALARIN YUMŞALDILMASINI GÖZLƏYƏNLƏR VAR

Avropalı investorlar səbirsizliklə iyulu, Brüsselin Rusiyaya sanksiyaları qaldıracağı günü gözləyirlər. Bunu «Forbes»da Kenneth Rapoza yazır.

«Məncə, sanksiyaların qaldırılması qısa müddətdə Rusiya iqtisadiyyatı üçün elə bir ciddi dəyişiklik demək deyil, ancaq investorlara bunun təsiri böyük olacaq», - «Prosperity Capital Management» şirkətinin direktoru Martin Charmoy deyir. 2 milyard dollarlıq bu investisiya şirkətinin bütün sərvəti Rusiyadadır.

Ötən il ABŞ məhkəməsi «BNP Paribas» şirkətini Sudan, Kuba və İrana sanksiyaları pozduğuna görə cəzalandırıb və heç kəs BNP olmaq istəmir.

İndiliksə özəlliklə Moskva və Sankt Peterburqla sıx biznes əlaqələri olan qlobal investorlar Rusiya səhmlərinin necə ucuzlaşmasını müşahidə etməkdədirlər.

Bazar ertəsi «Bloomberg» xəbər yayıb ki, dövlət katibi John Kerry Kiyevdən çox Moskvaya doğru azacıq meyllənməkdədir. Almaniya kansleri Angela Merkel də Ukrayna böhranının həllinə səy göstərir, həmkarı Petro Poroshenko parlamentini inandırmağa çalışır ki, Donbasa səsvermə hüququ verilməlidir. Kiyevdən ötrü Donbasın Krımın yoluyla getməsindənsə, ona muxtariyyət vermək daha sərfəlidir. Krım 2014-cü ildə Rusiya tərəfindən ilhaq olunub.

«Son vaxtlar «barış» prosesinin aşkar əlamətləri görünməkdədir», - «Commerzbank»ın yeni yaranan bazarlar üzrə strateqi Simon Quijano-Evans «Bloomberg»ə deyib. «Görünən odur ki, bütün tərəflər indiki geosiyasi qarışıqlığın həllinə doğru daha aydın şəkildə irəliləyir».

Hassan Rouhani Romada.
Hassan Rouhani Romada.

İRAN «BÖYÜK BAZARLIĞA» ÇIXIB

«The Daily Beast» saytı isə İran prezidenti Hassan Rouhani-nin İtaliyaya səfərindən, imzaladağı sənədlərdən bəhs edir.

Müəllif Barbie Latza Nadeau yazır ki, iqtisadi sanksiyalardan öncə İtaliya İranın Avropada ən böyük ticarət tərəfdaşı idi və bu ölkə İranı yenidən qazanmaq istəyir. «Saipem» neft kəməri şirkəti ilə 5 milyard dollarlıq, «Danieli» polad şirkəti ilə 5.7 milyard dollarlıq saziş imzalanıb.

İsrailin Romadakı səfiri Naor Gilon xəbərdarlıq edib ki, hər hansı biznes sazişində tərəflərin müəyyən dəyərlərə və sərhədlərə hörmət qoyması əksini tapmalıdır.

«İran tarixən Holokostu inkar edib və hər il də bu ərəfədə Holokostu məsxərəyə qoyan tədbirlər keçirir», - Gilon ANSA agentliyinə deyib.

«Amnesty International»ın İtaliyadakı baş direktoru Gianni Ruffini ölkənin baş nazirindən xahiş edib ki, Rouhani ilə görüşlərdə ölüm cəzası məsələsini qaldırsın. Ötən il İranda minlərlə edamın həyata keçirildiyi bildirilir. Matteo Renzi isə birgə mətbuat konfransında tərəflərin biznes əlaqələrini müzakirə etdiyini bildirib.

XS
SM
MD
LG