Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:53

«Birinci kim köçdüsə, mənzil onundur»


Bina
Bina

-

«Kommunal borclarımız qeyri-yaşayış sahəsinə görə hesablanır. Bu isə o deməkdir ki, biz, məsələn, su pulunu üçqat çox ödəyirik. Çünki bina hələ ki, qeyri-yaşayış sahəsi sayılır. Qeyri-yaşayış sahəsinə görə kommunal ödəniş isə yaşayış sahəsinə görə ödənişdən üç dəfə çoxdur».

«SAHİBİNİ TAPA BİLMİRİK»

Bakı şəhəri, Nobel prospekti 189a ünvanındakı yeni tikilidən mənzil alanların boğazacan şikayəti var. İki ildir ki, binada yaşayan Vüqar İmamverdiyev deyir, binaya qaz verilmir, işıqlar tez-tez sönür, lift xarab olur, zirzəmiyə su yığılır. Ancaq bu problemləri heç kim həll etmir. Səbəbini də belə izah edirlər ki:

«Deyirlər, bina Fövqəladə Hallar Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyəti tərəfinə təhvil verilməyib. Ona görə də binadakı belə problemləri onu inşa etmiş və sizə satmış şirkət həll etməlidir. Şirkətin sahibini isə tapa bilmirik. Sorağı gah Dubaydan, gah Türkiyədən gəlir, bircə biz ona yetə bilmirik».

RÜŞVƏT İDDİALARI

Payçı deyir, binada qaz olmadığından mənzillər elektriklə qızdırılır. Bu isə hər ay xeyli işıqpulu ödəmələrinə səbəb olur:

«Təkcə bu ay şəxsən mən 240, bir qonşum 290, bir başqa qonşum 220 manat işıqpulu ödəmişik. Bu, hələ təkcə işıq puludur. Su pulu 1 manat 36 qəpikdən hesablanır. Halbuki yaşayış sahəsi üçün suyun kubu 3 qəpikdən hesablanır. Bundan başqa, zirzəmiyə su dolur, özümüz pul yığıb suyu çəkdiririk. Lift xarab olur, lift idarəsinə yazırıq, gəlmirlər. Heç kəs yaxın durmur ki, bina təhvil verilməyib. Bizə maraqlıdır ki, bu qədər yazıb pozuruq, ancaq bu şirkətə qarşı tədbir görülmür. MTK rəhbərliyinə deyəndə ki, «niyə binanı təhvil-təslim etmirsən», deyir, «gərək Fövqəladə Hallar Nazirliyi rəy verə, külli miqdarda rüşvət istəyir» və s. Bir sözlə, hamı bir-birindən pul istəyir, ortada biz qalmışıq».

Sakin deyir, bütün bunlar azmış kimi, bir də görürsən, binada səs-küy qopdu. Səbəbini özündən eşidək:

«Məlum olur ki, bir neçə adama satılmış mənzilə görə elə həmin mənzilin qapısında mübahisə düşüb. Deməli, mənzili aldınsa, təcili köçməlisən içərisinə ki, səndən əvvəl başqası köçməsin. Birinci kim köçdüsə, mənzil onundur. Digərlərini isə şirkət işçiləri sakitləşdirirlər ki, «gedək, sənə başqa binadan mənzil düzüb qoşaq». Biri ev alır, qapını bağlayıb gedir, təmir etməyə imkanı çatmır, bir müddətdən sonra gəlib görür ki, kimsə təmir edib, oturub. Şəxsən mən özüm də vaxtında evimə girməsəydim, evsiz qalacaqdım. Borca-xərcə girib təcili təmir edib köçdüm».

BİNA TƏHVİL VERİLMƏYİB

Xətai rayon İcra Hakimiyyətindən bildiriblər ki, bina Bakı Şəhər İcra Hakimiyyətinə təhvil verilməyib. Binadakı kommunal problemlərin aradan qaldırılması ilə bağlı şirkət rəhbərliyinə bir neçə dəfə xəbərdarlıq olunub.

«Real» MTK sahibi İlham Qasımov iri tikinti işləri ilə məşğul olur. «Sahil D» şirkətinin təsisçisidir. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı Sahib İbrahimovla şərikli biznesləri var. Şərikli inşa etdirdikləri «Sahil D» kompleksindəki mənzillərin özbaşına satılması və pulların mənimsənilməsi ilə bağlı 1 ildən çoxdur ki, cinayət işi başlanıb. İstintaqı Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə və dələduzluq maddələri ilə aparır.

XS
SM
MD
LG