Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:20

Atalar, deyəsən, devalvasiyada da üçdən deyib...


İlham Əliyev
İlham Əliyev

-

İqtisadi çətinliklər, insanların həyat şəraitinin ağırlaşması medianın aparıcı mövzusudur.

Amma rəsmi «Azərbaycan» qəzeti bir qədər fərqli mənzərə yaradır. Qəzet: «Bu gün Azərbaycan özü donor ölkədir. Biz Suriya qaçqınlarını da maliyyə yardımını təmin edirik» deyə dövlət başçısı İlham Əliyevin Londonda keçirilən toplantıdakı çıxışından sitat verir.

Bu səfərlərin mənası nə?

MƏMURLAR XALQI ALDADIR...

«Yüksəkvəzifəli məmurların bölgələrə əhalinin problemlərini öyrənmək adı ilə etdikləri səfərlər formaldır». «Azadlıq» qəzeti Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovla Sosial Müdafiə Fondunun rəhbəri Elman Mehdiyevin Masallı və Lerikə səfərlərini belə dəyərləndirir.

Qəzetdə yazılır ki, hər iki məmur problemli vətəndaşların şikayətlərini dinləmək əvəzinə onları aldadır. Qeyd edilir ki, Masallıda saat 11 üçün Mədəniyyət Mərkəzində F.Ələsgərovla görüş təşkil ediblər. Amma sakinlər bundan məlumatsız saxlanılıb. Görüş barədə rayona xəbər yayılan kimi əhali Mədəniyyət Mərkəzinə axışmağa başlayıb:

«Dərdini deməyə gələnlərə isə bildirilib ki, saat 16-da idman kompleksində F.Ələsgərov onları qəbul edəcək. Lakin verilən vədə əməl olunmayıb. F.Ələsgərov görüşə gəlməyib».

Oxşar durumun Lerikdə SMF sədri E.Mehdiyevin keçirdiyi görüşdə də yaşandığı bildirilir. Qəzetdə yazılanlara görə, orada da problemlər barədə danışa bilən, həqiqətən də ciddi şikayəti olan sakinləri qonaq məmurdan uzaq tutublar:

«Beləliklə, hər iki səfər-görüş bir növ «quş qoymaq» xətrinə keçirilib .Nə ayrı-ayrı vətəndaşların, nə də ümumilikdə Masallı və Lerikin problemləri öyrənilib».

Bütünlükdə isə bu qəzet ölkə məmurlarının rayonlara səfərlərinin heç bir əhəmiyyətinin olmayacağı və xalqın bu vədlərə qarnının tox olduğunu nəzərə çatdırır.

Manat
Manat

«BİZİ TEZLİKLƏ NÖVBƏTİ DEVALVASİYA GÖZLƏYİR»

«Exo» qəzeti isə devalvasiyadan sonra manatın kursuna toxunub. Bu mövzuya həsr edilən bir məqalədə qeyd edilir ki, Azərbaycan manatı «üzən məzənnə»yə keçdikdən sonra onun dollar və avroya nisbətdə kursu müntəzəm olaraq enməyə başladı. Amma son bir neçə gündə nisbi sakitlik yaşanır. Yəni, manatın ucuzlaşması dayanıb və hətta bir qədər də qiyməti qalxıb. Neftin qiyməti kifayət qədər aşağı olduğu indiki vaxtda manatın hətta əhəmiyyətsiz dərəcədə olsa belə güclənməsini ekspert belə şərh edir:

«Son günlərdə müşahidə etdiyimiz Azərbaycan milli valyutasının möhkəmlənməsi təəssüf ki, müvəqqəti xarakter daşıyır. Bu Mərkəzi Bankın həyata keçirdiyi inzibati tədbirlərin nəticəsidir»- deyə Dayanıqlı İnkişaf Tədqiqat Mərkəzinin rəhbəri Nəriman Ağayev bildirib:

«Zəif manat ölkədə ixracı stimullaşdırır, əksinə güclü manat idxal üçün əlverişlidir. Amma Azərbaycan milli valyutasının bundan sonra da güclənməsini gözləməyə dəyməz. Bizi tezliklə devalvasiyanın növbəti dalğası gözləyə bilər» - deyə ekspert qeyd edib.

Başqa bir ekspert Samir Əliyev də indi müşahidə edilən manatın möhkəmlənməsini Mərkəzi Bankın süni şəkildə yaratdığı hal kimi dəyərləndirib:

«Azərbaycan Mərkəzi Bankı müəyyən müddətə, özü də süni şəkildə manata tələbat yaratmaq istəyir. Bu onunla bağlıdır ki, bankların manata ehtiyacları var, amma manat yoxdur. Mərkəzi Bankın pul bazası azalıb. Hazırda onun həcmi 5.8 milyard manatdır. Halbuki cəmi bir il əvvəl bu həcm 11 milyard manata bərabər idi. Bütün bu pullar Mərkəzi Bankın sərəncamı altındadır və banklarda sadəcə manat yoxdur. Bütün bunlar süni şəkildə yaradılıb, ona görə də müvəqqəti xarakter daşıyır. Artıq bir aydan, maksimum iki aydan sonra situasiya dəyişməyə başlayacaq . Azərbaycan milli valyutası yenə də ucuzlaşacaq» - deyə S. Əliyev manatla bağlı qarşıdakı aylarda baş verə biləcəkləri proqnozlaşdırıb.

İçərişəhər
İçərişəhər

İÇƏRİŞƏHƏRDƏ TARİX DƏFN EDİLİR

«İçərişəhərdə aparılan təmir-tikinti işləri bu qədim memarlıq qoruğunun tarixini məhv edir. Bu proses nəinki dayanmayıb, əksinə daha sürətlə davam edir». İçərişəhərdə müşahidələr aparan «Yeni Müsavat» qəzetinin yazarı Məhəmməd Türkmən bu fikirdədir: «Qədim məhəllələrin yollarının köhnə daş örtükləri, binaların üzlükləri sökülərək yeni ağlay daşları ilə əvəzlənib. Tarixin koloriti bu soyuq daş üzlüklərin altında qalır».

Müəllif İçərişəhərin Qoşa Qala qapısından Qız qalasına kimi olan küçələrdə 10-larla kafenin, restoran fəaliyyət göstərdiyini bildirir. Bu istirahət və əyləncə məkanlarının qədim binalarda yerləşdiyini vurğulayır:

«Sahibkarlar müştəri cəlb etmək üçün qədim evlərin divarlarını müxtəlifmüasir naxış və rəsmlərlə bəzəyir, əski pəncərələrini plastik pəncərələrlə əvəz edir. Qədim qapıları dəyişirlər. Bu isə binaların tarixi görünüşünə kölgə salır. İçərişəhərin küçələrində də qədim evlərin harmoniyasını müasir şəkildə təmir olunmuş evlər pozur».

Müəllifə görə, aparılan tikinti işləri Qız Qalasına da kölgə salır. Qalanın yaxınlığındakı qədim Atəşgah məbədi hasara alınıb. Oranın yenidən tikilərək restoran kimi fəaliyyət göstərəcəyi deyilir. Adının çəkilməsini istəməyən İçərişəhər sakini deyir ki, hasara alınan bu ərazidə qədim atəşgah olub. «İndi isə, həmin yerdə kilsə tikiləcək» - deyə İçərişəhərin sakinləri ciddi narahatlıq bildirir.

Başqa bir sakin isə buranın bir müddət əvvəl restoran kimi fəaliyyət göstərdiyini, indi yenidən təmir olunub restoran olacağını bildirib:

«Əgər bu ərazidə restoran tikilsə, o zaman kənardan baxdıqda Qız qalası yarıya kimi həmin tiklinin arxasında görünməz olacaq. Hasara alınmasınınsəbəbi isə aparılan işlərin kənardan görünməsini əngəlləmək və tarixi bu yolla məhv etməkdir».

XS
SM
MD
LG