Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:48

Generalın ailəsindən prezidentə müraciət


Zakir Nəsirov
Zakir Nəsirov

-

Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət-Axtarış İdarəsinin keçmiş rəisi, ömürlük azadlıqdan məhrum general Zakir Nəsirovun ailəsi onun azadlığa buraxılması üçün prezidentə müraciət edib. Hacı Məmmədov olayları ilə əlaqədar ömürlük azadlıqdan məhrum edilmiş generalın həyat yoldaşı müraciətində Zakir Nəsirovun günahsız cəzalandırıldığını bildirib.

Müraciətdə Zakir Nəsirovun artıq 11-ci ildir ki, etmədiyi cinayətlərə görə həbsdə yatdığı qeyd olunur.

«Onun yaşı 70-ə yaxınlaşır, səhhətində problemlər var. Sizə ona görə müraciət edirik ki, bildiyimizə görə, Novruz bayramı ərəfəsində Sizin tərəfinizdən növbəti əfv fərmanı veriləcəyi gözlənilir. Ümidvarıq ki, Sizin humanistliyiniz sayəsində Zakir Nəsirov da əfv ediləcək, azadlığa, ailəsinə qovuşacaq»,- müraciətdə belə deyilir.

Müraciətdə vurğulanıb ki, Zakir Nəsirov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və əməkdaşlarının Hacı Məmmədovla sövdələşməsinin qurbanı olub.

Zakir Nəsirov özü də məhkəmə prosesinin gedişində Hacı Məmmədovun cinayətlərindən xəbərsiz olduğunu, MTN-in keçmiş rəhbərliyinin göstərişi ilə ondan daxili işlər naziri Ramil Usubovun əleyhinə ifadə almaq üçün həbs edildiyini, lakin belə bir ifadə verməkdən imtina etdiyinə görə cəzalandırıldığını bildirib.

DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və dəstəsi 2005-ci ilin martında həbs olunub. Bu iş üzrə 20-dən artıq adam cinayət məsuliyyətinə cəlb olunub ki, onların da bir qismi ömürlük azadlıqdan məhrum edilib.

MTN ətrafında son olaylardan sonra Hacı Məmmədov Ali Məhkəməyə yazılı şəkildə müraciət edib. O, müraciətində Zakir Nəsirovla bağlı məqama da toxunub və onun günahsız olduğunu qeyd edib. Hacı Məmmədov yaxınları vasitəsilə ictimaiyyətə müraciətində də keçmiş MTN rəhbərliyinin göstərişi ilə Zakir Nəsirovun əleyhinə ifadə verdiyini açıqlayıb.

XS
SM
MD
LG