Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:31

Rusiyanın Qafqazda nüfuzunu nə sarsıtdı


Rusiya prezidenti Vladimir Putin Gümrü hərbi bazasında - 2013
Rusiya prezidenti Vladimir Putin Gümrü hərbi bazasında - 2013

-

Azərbaycanın Moskvayla münasibətlərdə təzyiq rıçağı artdı; «Brexit» AB üçün heç də pis deyil; Miqrant böhranı necə həll olunacaq – 10 mart Qərb mediasının icmalı.

«Stratfor» Araşdırmalar Mərkəzi Rusiyanın Qafqazdakı rolunda ciddi dəyişikliklər baş verdiyini yazır. Son həftələr diplomatik fəaliyyət güclənib, Rusiya rəsmiləri bir sıra məsələlər üzrə danışıqlar aparırlar – Gürcüstana qaz, Ermənistana silah satışı, Azərbaycanla siyasi və təhlükəsizlik əlaqələrini gücləndirməsindən danışırlar.

«Bu diplomatik təlaş fonunda digər oyunçular, Türkiyə və Qərb daxil olmaqla, Moskvanın regiondakı roluna meydan oxumağa başlayıblar. Üstəlik, Rusiyanın Qafqazda mövqeyinin dəyişməsi Ukrayna və Suriyada daha böyük münaqişələrdən ötrü vacib indikator sayıla bilər», - mərkəz yazır.

Təhlildə Rusiyanın uzun illər Qafqazda ən güclü xarici qüvvə olduğu vurğulanır. Ancaq 2014-cü il «Maydan hərəkatı»ndan sonra bu nüfuz sarsılmağa başladı. Neftin ucuzlaşması və Qərbin sanksiyaları Rusiya iqtisadiyyatını zəiflətdi. Moskvanın Ukrayna və Suriya münaqişələrində iştirakı isə onun əvvəlki siyasi və hərbi dövlət imicini məhdudlaşdırdı.

Nəticədə Gürcüstan Qərbə inteqrasiyasını gücləndirdi. Azərbaycanın isə Rusiya ilə münasibətlərdə təzyiq rıçağı artdı. Axı Avropa bu ölkəyə Cənub Dəhlizi marşrutuna təbii qaz verəcək alternativ mənbə kimi baxır. Cəsarətlənən Azərbaycan Ermənistanla Dağlıq Qarabağ münaqişəsində daha aqressiv mövqe tutmağa başladı. Moskva münaqişədə status- kvonun Azərbaycanın xeyrinə dəyişməsinə nəzarət etmək istəyini açıqlamaqla Bakını Qərbə və ya Türkiyəyə çox yaxınlaşmaqdan çəkindirməyə çalışdı.

Yazıda vurğulanır ki, Gürcüstanın Qərbə üz tutmasına baxmayaraq, Moskva onunla da münasibəti saxlayır. İki ölkənin ticarəti son illər artıb. Ancaq Azərbaycanla münasibətlər bir az qəlizləşib. Rusiya Baş nazirinin müavini Dmitry Rogozin martın 3-də Bakıya gəldi. «Kommersant» qəzeti yazırdı ki, səbəb Azərbaycanın Rusiyadan aldığı silahın pulunu verməməsidir. Bu səfərdən bir neçə həftə öncə Azərbaycan Rusiyaya nota göndərmiş, Ermənistana 200 milyon dollarlıq silah kreditinin ayrılmasına etiraz etmişdi.

«Amma Rusiya hər iki ölkəyə silah satır və iki ölkə arasında diplomatik manevri də bədəlsiz ötüşmür. Ermənistan Rusiyanın Dağlıq Qarabağ münaqişəsində Azərbaycana kömək istəyindən şübhələnir, elə Yerevanla imtiyazlı silah sazişi də bununla əlaqədardır. Eyni zamanda, Rusiyanın Suriya münaqişəsinə qoşulması və Türkiyə ilə qarşıdurmasının əks-sədası Qafqazdan gəlir, Ankara Moskvaya əlaqə təsir rıçaqları axtarır. Qərbin sanksiyalarından azad olmuş İran da Qafqazda fəallaşa bilər».

«Stratfor» yazır ki, Qərblə Türkiyə Rusiyanın Qafqazdakı strateji mövqeyində üzə çıxan boşluqlardan yararlanmağa çalışır. Rusiya yaxın gələcəkdə regionun dominant hərbi dövləti kimi qalacaq, ancaq Ukrayna və Suriyada iqtisadi və təhlükəsizlik öhdəlikləri Qafqazda nüfuzunun davamlılığını getdikcə lap çətinləşdirir.

Britaniya/Avropa Birliyi
Britaniya/Avropa Birliyi

«BREXIT» AB ÜÇÜN HEÇ DƏ PİS DEYİL

«Britaniyanın Avropa Birliyindən mümkün ayrılması (ingiliscə buna qısaca «Brexit» deyilir, yəni «British exit») ətrafında dramın davam etdiyi bir məqamda düşünürəm ki, bu tərketmə baş verməlidir. Avroskeptik olduğuma görə deyil, əksinə, AB-ni güclü dəstəkləyirəm. Britaniyanın blokdan çıxmasının AB-yə yaratdığı risklər geniş müzakirə olunur və bu riskləri gözardı etmək olmaz. Ancaq, məncə, AB-nin Böyük Britaniyasız da üstünlükləri var. AB-nin hazırkı problemlərinin çoxunun həlli daha dərin inteqrasiya və kollektivçilik, həssas islahatlar tələb edir. Britaniyanın əngəlləyici mövqeyi ilə bunu həyata keçirmək mümkün deyil».

Bunu Karneqi Fondunun saytında Catherine Woollard yazır. Müəllif AB-nin 2008-ci il maliyyə böhranından bəri çətinliklərlə əlləşdiyini vurğulayır. «Bu böhrandan çıxış yolu AB qanunlarının icrasından, vahid həllin tapılmasından, bir çox sahələrdə daha sıx inteqrasiyadan keçir… AB-nin üzərində qurulduğu fundamental prinsipləri isə Böyük Britaniya heç vaxt tam dərk etməyib və ya qəbul etməyib. Bu prinsiplər AB qanunlarının milli qanunvericilikdən üstünlüyü, suverenliyin azaldılmasıdır ki, üzv ölkələr bunlara vahid məqsəd naminə gedirlər», - müəllif yazır.

Yazıda britaniyalıların ta əvvəldən AB-yə özəl maraq göstərmədiyi, onların AB institutlarına inanmadığı qeyd olunur: «Ancaq britaniyalılar özlərinin siyasi institutlarına da güclü inanmırlar. İndi «Brexit» (Britaniyanın AB-ni mümkün tərk etməsi) debatı gücləndikcə, rəy sorğuları Britaniya əhalisinin də AB-yə qarşı çıxdığını göstərir. Təəccüblü deyil, çünki Britaniya informasiya mənbələri qərəzlidir».

Müəllif Baş nazir David Cameron-un üzvlük tərəfdarı olmasına baxmayaraq, onun dilindən AB barədə müsbət söz eşitmədiyini söyləyir: «Çıxışlarının tonu AB-ni ən yaxşı halda lazımlı şeytan, ən pis halda isə düşmən kimi göstərir… Həmişə elə danışır ki, sanki Böyük Britaniya artıq blokdan çıxıb… «Brexit» heç də tamamilə pis bir şey deyil. AB-nin qalan hissəsi Britaniyanın gedişindən necə faydalanmaq barədə düşünməlidir. Bu ayrılıq həm də qaçılmazdır».

Yunanıstan-Makedoniya sərhədində qaçqın uşaq.
Yunanıstan-Makedoniya sərhədində qaçqın uşaq.

MİQRANT BÖHRANI NECƏ HƏLL OLUNACAQ

«The New York Times» Avropa Birliyi ilə Türkiyənin miqrant böhranının həllini hədəfləyən ilkin razılaşmasından yazır. İnsan haqları fəalları bu sazişlə bağlı narahatlıq sərgiləyirlər.

Türkiyə ərazisindən Yunanıstana qanunsuz keçmiş bütün yeni miqrantları geri almağa razılaşıb. Əvəzində AB-dən qaçqınlara yardım alacaq, Türkiyə vətəndaşlarının Avropaya vizasız gediş-gəlişi və quruma üzvlük danışıqlarının sürətlənməsi masa üzərindədir.

Ancaq BMT-nin qaçqınlar üzrə agentliyi müvafiq təhlükəsizlik təmin olunmadan qaçqınların bir ölkədən digərinə qaytarılmasından narahatlıq bildirir. Beynəlxalq qanunvericiliyə görə, qaçqınlar yalnız o halda bir ölkəyə qaytarıla bilər ki, onların baş götürüb qaçdıqları məkana bir də qaytarılmayacaqlarına təminat verilsin.

«The New York Times» yazır ki, rəsmilər bu razılaşmanın bəzi müddəalarının qanuni olub-olmadığını araşdırmalıdır. Gələn həftə Avropa liderlərinin sammitində saziş ratifikasiya edilməlidir.

Saziş qəbul olunarsa, görünür, Yunanıstana təhlükəli dəniz səyahətinə çıxmağın anlamı qalmayacaq. Çünki miqrantları yenidən Türkiyəyə qaytaracaqlar. Ancaq məsələ ondadır ki, AB gələn iki il ərzində yalnız 20 min suriyalı qaçqını yerləşdirməyə razılaşıb. BMT-nin qaçqınlar üzrə agentliyi bunu «çox kiçik» rəqəm sayır. Axı 4.8 milyon suriyalı ölkəsini tərk edib. Hələ digər ölkələrdən olan qaçqınlar bir yana dursun.

XS
SM
MD
LG