Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:04

“Mayda ət bahalaşacaq”


►Ət bazarında təklif var, tələb yox

İllərdi hər bayramqabağı bahalanan mal və qoyun ətinin qiymətində bir dəyişiklik yoxdur.

Manatın ucuzlaşması, bəzi ərzaq və qeyri-ərzaq məhsullarının bahalanmasına baxmayaraq, ət məhsullarının qiyməti həminkidir, dana ətinin kilosu 7 manata, qoyun əti 9-10 manatdır. Marketlərdə bu qiymət bir-iki manat baha, bazarlarda bir-iki manat ucuzdur.

İnşaatçı Taleh İbrahim qiymətin artmamasından məmnundur, deyir ki, ata-anası, qardaşları kənddə yaşadığından əti daha çox ordan aldırır:

“Eyni qiymətdir, iki həftədən bir Bakıya gələn olanda 3-4 kilo alıb göndərirlər. 4 nəfərlik ailəyik, gəzməyimiz-geyinməyimizdən kəsmişik, hələ ki, yeməyimizdən kəsməmişik, bizə nə qədər lazımdır, ət alırıq”.

“Uzun müddətdir ət ala bilmirəm”

Ancaq tikintidə bənna, suvaqçı kimi çalışmış Həsən bir neçə aydır ki, işsiz olduğundan uzun müddətdir evinə heyvan əti ala bilmədiyini deyir:

“Zəng edirlər ki, “sifariş verəcəyik, ancaq yayda”. Mənim də iki uşağım var, yaya kimi dolandırmalıyam. Əlimizdə-ovcumuzda nə var xərcləyirik, bir də yoldaşımın qazancı ilə ötüşürük. Oğlumun biri əsgərlikdədir, o biri ödənişli təhsil alır. Bu İlaxır çərşənbədə yoldaşım plov belə bişirə bilmədi”.

Bakının 28 may qəsəbəsində dükanda aldığı 2-3 kiloluq quzu ətini doğradan, adını Nəsimi söyləyən gənc qəssabla söhbətimizə qarışıb “işləyirəm, amma məcburam nisyə almağa, pulunu sonra verəcəm” deyir.

“Nisyə mala heyrət edənlər özləri indi nisyə alır”

Qəssab Nail müştəri qıtlığından şikayətçi deyil, “məni tanıyırlar, daimi müştərilərim var” söyləyir.

Amma onu kədərli göstərən daimi müştərilər arasında “nisyə” alanların çoxalmasıdır: “Elə adamlar vardı, deyirdi ki, nisyə də ətalmaq olar? İndi bu adamların özləri nisyə ət alırlar”.

Nail Əliyevin uzun illərdir çörəyi qəssablıqdan çıxır, belə vəziyyətləsə ilk dəfədir rastlaşır:

“Hər şeyin qiyməti qalxıb, amma ətin qiyməti əvvəlkidir. Qiyməti qaldırmamışıq. Hələ əksinə, bu gün quzu ətini də 1 manat saldıq.9 manata verirdik, indi kilosu 8 manatdır. Heyvan sahibi gördü ki, gətirdiyi heyvan qalıb, satılmır, məcbur oldu, qiymətində güzəşt eləsin ki, biz də kilosunda 1 manat endirək”.

Toyların azalmağı ət bazarını “vurub”

Müsahibimiz əlavə edir ki, heyvanı əvvəl 600 manata alırdılarsa, indi 650-680-ə almağa məcburdular.

Onun sözlərinə görə, toylar da azaldığından ət satışı zəifləyib:

“Bəzi qəssablar şadlıq evləri ilə çalışır. Onlardan sifariş götürür, elə əsas gəlir də ordan olur. İndi toylar elə azalıb ki, həftəyə bir-iki sifariş olur, ya yox”.

Qəssab Nail onu da deyir ki, hər dəfə dükanını “bu gün yaxşı satış olar” ümidi ilə açır,“son 3-4 ayı gözləyirəm, görək necə olacaq, bu işlər hara qədər davam edəcək” söyləyir.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Aqrar sektor üzrə ekspert Vahid Məhərrəmov ət bazarında alıcı tələbatının aşağı düşdüyünü deyir:

Gözlə

No media source currently available

0:00 0:02:03 0:00
Direct-ə keçid

“Apardığımız müşahidələr göstərir ki, təklif artıb, tələbat da yoxdur. Ona görə də ətin qiyməti qalxmayıb, onsuz da bu qiymət digər ölkələrlə müqayisədə kifayət qədər baha sayıla bilər”.

“Mayda ət bahalaşacaq”

Ancaq ekspertin fikrincə, may ayında ət bahalaşacaq. O, bunu kökəltmə ilə məşğul olan fermerlərin sayının azalması ilə izah edir: “Heyvanlar arasında ciddi xəstəliklər yayılır, kifayət qədər yem tədarük olunmayıb, bu da fermerləri məcbur edir ki, heyvanları kəsimə versin. Bu da bazara təsir edir”.

Alıcılıq qabiliyyətinin düşməsi kiçik biznes olan qəssab dükanlarının sayını azalda bilərmi? Vahid Məhərrəmov hesab edir ki, artıq bu tendensiya başlayıb: “Bir çox ət satılan orta marketlər bağlanır”.

Müsahibimizin fikrincə, iqtisadi sahədə ciddi dəyişiklik olmasa, ət istehsalı kəskin şəkildə azalacaq. Azərbaycanda adambaşına ət istehlakının normadan xeyli aşağı olduğunu vurğulayan ekspert əlavə edir ki, belə davam etsə, söhbət əhalinin sağlamlığından gedəcək.

Azərbaycanda il ərzində adambaşına 34-35 kilo ət istehlakı düşür, Ümumdünya Səhiyyə Təşkilatının normasına görə isə, orta hesabla adambaşına 80 kq ət düşməlidir.

Buna da bax:

"Hakimiyyətin yumşalması davam edəcək"
Gözlə

No media source currently available

0:00 0:13:48 0:00

XS
SM
MD
LG