Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 12:47

Əziz Rzazadə. Qapıda gözləyən var: üç ölüm mələyi


-

(hekayə)

“Korlar ölkəsində təkgöz insan kral olar”.

Üç gün əvvəl növbədə olduğu gecə mütaliəsinə başladığı kitabda oxumuşdu bu cümləni. Çox xoşuna gəlmiş və qələmlə həmin kəlamın altından qalın bir xətt çəkmişdi.

Haradasa, özü də bu cür bir insan idi doktor Şəfəq Babanlı. Fərqi kor gözlə də görmək mümkün idi. Əvvəla, xəstəxanadakı qadın heyəti arasında yaşca ən böyük olsa da, yaraşığını, zərifliyini qoruya bilmişdi. Qarasınca danışacaq, arxasınca qeybət qıracaq bədxahlara göz dağı verə biləcək qədər kübar, xanım-xatın qadın idi.

Əslində, eyib sayılmayacaq bir çatışmazlığı vardı – göz zəifliyi, uzaq əşyaları eynəksiz güclə seçirdi. Amma eynək taxmağa heç həvəsli deyildi, çünki yaşlı göstərirdi onu, bu da qəlbini incidir, pərişanlığa qapılır, içindəki həyat eşqindən əlini-ayağını üzürdü.

Amma başqalarında heç olmayan, olması heç güman edilməyən ağlasığmaz bir səciyyəyə sahiblənmişdi – gecə növbələrində xəstəxana dəhlizləri və palatalarda dolaşan kabusları görə bilirdi. Şəfəq Babanlı bu bacarığını qəlbinin gizli dolablarında saxlayırdı və buna o qədər alışmışdı ki, artıq hansısa mərtəbədə alatoran künc-bucaqda yanından sivişib-ötən qaraltıları, xəstə yataqları başındakı vahiməli kölgələri eyninə almırdı.

Çərşənbə günü yenidən növbəyə başladığı gün ayna önündə özünə baxdı və plastmas sağanaqlı eynəyini gözünə taxdıqda arxasında anidən peyda olub eyni aniliklə yox olan kölgəni adəti üzrə sakitcə, təlaşsız seyr etdi. Sonra eynəyini çıxarıb ağ xalatının cibinə qoydu və otaqdan çıxıb liftə sarı addımladı. Öncə dördüncü mərtəbəyə qalxıb xəstələri bir-bir yoluxdu, hər şeyin qaydasında olduğuna əmin olduqdan sonra bir mərtəbə aşağı endi.

Dəhlizin o biri başında, cərrahiyyə əməliyyatı otağının qapısı üstündə xəbərdaredici lövhənin işığı yanırdı. “Diqqət, əməliyyat gedir. Kənar şəxslərin girişi qadağandır”.

Növbətçi şəfqət bacısı da yerində oturmuşdu, qarşısındakı qeydiyyat dəftərinə nəsə yazırdı. Dəhlizin bəriki tərəfində yalnız bir adam vardı – var-gəl edən, heç cür qərar tuta bilməyən gənc bir kişi. Həyəcanlı olduğunu anlamaq və görmək üçün nə xüsusi fəhmə, nə də eynəyə ehtiyac vardı.

Skamyada gen və uzun qara ləbbadə geyinmiş, əllərində dəryaz tutmuş üç kölgəyə bənzər varlıq oturmuşdu. Şəfəq Babanlı onları gözucu süzdü. Hər üç kabus ona sarı baxdı. Amma həkim nə onların sifətini, nə də gözlərini görə bildi.

O, liftə sarı getdi. Çox uzaqda deyildi. İyirmicə addım.

Şəfəq Babanlı bu iyirmi addımın nə qədər zaman apardığını bilmədi. Amma arxasında eşitdiyi pıçıltıya bənzər səslər, sonra qışqırıq onu geri boylanmağa vadar etdi.

Qarşısında canlı sədd, kölgədən hörülmüş divar kimi həmin o üç kabus dayanmışdı.

– Siz kimsiz, hə? – qadın təlaşlanmadan soruşdu.

– Ölüm mələkləri.

– Kimin canını almağa gəlmisiz? – həkimin üst dodağı azca səyridi.

– İşimizi bitirdik, artıq gedirik.

– Yəni?

– Xəstəxanaya gənc bir qadın gətirilmişdi, əməliyyat olunurdu, – ölüm mələklərindən biri boğuq səslə dedi. – Uğursuz oldu, qadın keçindi.

– Gənc kişi də həkimi günahlandırdı, – ikinci mələk dilləndi, – dedi ki, söz verdiyi kimi, əlindən gələni etməyib. Çığırıb-bağırdı, sonra da həkimi bıçaqlayıb öldürdü.

Şəfəq Babanlı baxışlarını üçüncü ölüm mələyinə dikdi.

– Nə? – deyə o, narahatlığı üzündən oxunan həkimi qabaqladı.

– Siz kimin canını almağa gəlmişdiz?

– Hələ anlamamısan?

– Yox, – deyə qadın gözlərini döydü. Sonra çevrilərək liftin düyməsini basdı. Polad kəndirlərin qıcırtısı, yuxarı qalxan lift kabinəsinin uğultusu eşidildi. Eşidildimi? Yox, o bunu eşitmədi, qulaqları tutulmuş, qorxu bütün bədəninə hakim kəsilmişdi. İlk dəfəydi, ilk dəfə kabus görməyə alışmış qadın soyuq ölümün nəfəsini duyurdu.

Qapı açıldı və başını çiyni üzərindən çevirərək baxışlarını hələ də üçüncü ölüm mələyinə zilləmiş Şəfəq Babanlı ayağını irəli atdı. Lift şaxtasının qaranlıq və buz kimi soyuq boşluğunda itdi.

XS
SM
MD
LG