Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:37

İlham Əliyev Joe Biden ilə görüşdü


İlham Əliyev və Joe Biden
İlham Əliyev və Joe Biden

-

Prezident İlham Əliyev martın 31-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Joe Biden ilə görüşüb.

“AZƏRTAC”ın xəbərinə görə, Joe Biden bildirib ki, bu görüşlər Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın daha da genişlənməsinə, əlaqələrin yeni səviyyəyə qaldırılmasına xidmət edir. O, ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəklədiyini, bunun onlar üçün böyük əhəmiyyət daşıdığını qeyd edib.

ABŞ-ın vitse-prezidenti bütün sahələrdə, o cümlədən, iqtisadi sahədə ikitərəfli əlaqələrin daha da genişlənməsi üçün yaxşı imkanların olduğunu deyib. O, təhlükəsizlik sahəsində Azərbaycanla yaxşı əməkdaşlıq qurulduğunu söyləyib. Azərbaycanın Əfqanıstandakı beynəlxalq antiterror koalisiyasında fəal iştirakını və töhfəsini yüksək qiymətləndirib.

Joe Biden ABŞ-ın Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi ilə bağlı fəaliyyətini tam dəstəklədiyini və bu sahədə lazımi addımlar atacaqlarını bildirib

Prezident İlham Əliyev isə deyib ki, Azərbaycanda bütün sahələrdə islahatlar aparılır. Ölkədə fikir, mətbuat, sərbəst toplaşma və internet azadlıqları təmin olunub.
İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi barədə ətraflı məlumat verib.

O, həmsədr ölkə kimi ABŞ-ın prezidenti Barak Obama-nın mövcud status-kvonun yolverilməzliyi ilə bağlı mövqeyinin mühüm əhəmiyyət daşıdığını söyləyib. Prezident İlham Əliyev münaqişənin sülh yolu və danışıqlar vasitəsilə həll olunmasında ABŞ-ın rolunun mühüm önəm kəsb etdiyini bildirib. Azərbaycanın ABŞ ilə siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduğunu deyib.

Görüşdə ABŞ-ın dövlət katibi John Kerry də iştirak edirdi.

Prezident İlham Əliyev Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi sammitində iştirak etmək üçün ABŞ-a gedib. O, daha öncə ABŞ Dövlət Katibi John Kerry və konqresmenlərlə də görüşüb.

XS
SM
MD
LG