Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:40

Rasim Əliyevi döyənlərə ağır cəza- [Fotolar]


►"Əgər prezidentin nəzarətində olan bir işdə bu qədər ədalətsizliyə yol verilirsə, bu dövlətin nəyində yaşayasan?!"

Jurnalist Rasim Əliyevin döyülüb öldürülməsilə bağlı məhkəmə prosesi başa çatdı. Aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalistin ölümündə təqsirləndirilən beş nəfərə hökm oxundu.

Təqsirləndirilən şəxslərdən Elşən İsmayılov 13 il, Arif Əliyev 12 il 6 ay, Camal Məmmədov 11 il, Samir Mustafayev və Kənan Mədətovun hər biri 9 il azadlıqdan məhrum edilib.

“CƏZALARINI ALMALIDIRLAR”

Mərhum jurnalistin atası Məmmədəli Əliyevin hökmə münasibəti belə olub:

"Bizdən olsa, daha ağır cəza almalarını istərdik, amma görünür, qanun, onlara verilən maddə belə deyir. Hesab edirəm ki, o beş nəfərin hamısı məsələni əvvəlcədən biliblər və gedib döyüblər. Aydın məsələdir ki, hər valideyn övladını müdafiə edir, çalışır, onun günahsızlığını sübut eləsin. Amma mən belə fikirləşmirəm, onların beşi də cinayətdə iştirak edib və cəzalarını da almalıdılar. Arada insan ölümü var, cəzasız qala bilməz".

Məmmədəli Əliyev onu da bildirib ki, hökmdən apellyasiya şikayəti verib-verməmək barədə, hələlik, qəti qərarları yoxdur.

Təqsirləndirilən şəxslərin yaxınları isə hökmün ədalətsiz olduğunu düşünür.

Samir Mustafayevin qardaşı Seymur Mustafayev deyir ki, Samir mərhum jurnalistə bir çırtma da vurmayıb, əksinə, əl verib onu yerdən qaldırıb. Amma məhkəmə heç bir cinayət törətmədiyi halda, ona ağır cəza verdi:

"Qardaşım heç bir günahı olmadığı halda, 9 il cəza alırsa, mən belə dövlətdə yaşamaq istəmirəm. Mən özüm erməni ilə üzbəüzdə döyüşmüşəm. Budurmu vətəndaşa verilən qiymət?"

“BU DÖVLƏTİN NƏYİNDƏ YAŞAYASAN?”

Yaxınları Rasim Əliyevin məzarı başında
Yaxınları Rasim Əliyevin məzarı başında

Kənan Mədətovun anası İlhamə Mədətova isə bildirib ki, Rasim Əliyevin ölümündə ciddi rol oynamış həkimlər məsuliyyətdən kənarda saxlanıldığı halda, günahsız adamlara ağır cəza verildi:

"İnanmazdım ki, bu 50 ildə bu qədər ədalətsiz ölkədə yaşayırammış. Ölən adama barmağı ilə toxunmayan adama 9 il həbs vermək ədalətsizlikdir. Hətta mən belə dövlətdə yaşamaqdan imtina etmək istəyirəm. Əgər prezidentin nəzarətində olan bir işdə bu qədər ədalətsizliyə yol verilirsə, bu dövlətin nəyində yaşayasan?! Beş ailəni ağlar qoydular, halbuki, onu öldürənlər həkimlər idi. Anası özü də məhkəmədə ifadəsində dedi ki, oğlunun bədənində əməliyyat yeri görməyib..."

Camal Məmmədovun atası hökmdən apellyasiya şikayəti verəcəklərini bildirib.

Rasim Əliyev “Facebook” sosial şəbəkəsində futbolçu Cavid Hüseynov barədə şərh yazandan sonra, 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Avqustun 9-da səhərə yaxın xəstəxanada vəfat edib. Bununla əlaqədar altı nəfər həbs olunub. 5 nəfər CM-nin 126.3-cü (qəsdən bədənə ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddəsi ilə ittiham olunur. Onlardan ikisinə - Arif Əliyev və Elşən İsmayılova həm də CM-nin 177-ci (oğurluq) maddəsilə ittiham verilib.

Jurnalistin ölümündən sonra həbs edilən futbolçu Cavid Hüseynovun işi isə bu qrupdan ayrılıb.

Ona CM-nin 307.1 (ağır cinayətin hazırlanması və ya törədilməsini bilib xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.

Cavid Hüseynovun işi üzrə də məhkəmə davam edir.

Rasim Əliyevin döyülməsi videosu

Rasim Əliyevin döyülməsi videosu yayıldı
Gözlə

No media source currently available

0:00 0:00:31 0:00

Mövzu ilə əlaqədar oxu:

«Altı ailəni bədbəxt eləyirlər» - Jurnalistin ölüm işi

XS
SM
MD
LG