Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:02

Xaricdə təhsil dövlət proqramı: bakalavr olsun, olmasın?


Tural Abbasov
Tural Abbasov

-

«Xaricdə bakalavr təhsilinə ayrılan vəsaitin dayandırılması yaxşı hal deyil» – Böyük Britaniya hökumətinin təqaüdüylə London Böyükşəhər Universitetində oxuyan Tural Abbasov belə deyir.

Təhsil naziri Mikayıl Cabbarov deyib ki, Azərbaycanda gerçəkləşdirilən xaricdə təhsil proqramı bu il dayandırılır və artıq proqramın yeni formatı hazırlanır. Yeni proqrama uyğun olaraq xaricə, əsasən, PHD və magistr səviyyəsində təhsillərini davam etdirmək istəyən gənclər göndəriləcək (PHD – ingiliscə «Doctor of Philosophy» ifadəsinin baş hərfləridir və fəlsəfə doktoru anlamına gəlir. Akademik yetkinliyin və intellektual yetişkinliyin ən son mərhələsindən biridir. Belə proqramların çoxu bəlli bir çalışma dönəmini, seçilən sahəyə aid əhatəli imtahan və doktorluq dissertasiyasını nəzərdə tutur –red.). Format dəyişikliyi dünyanın aparıcı ali təhsil ocaqlarından professor-müəllim heyətinin Azərbaycana dəvət edilməsinə də yol açacaq. Başqa sözlə, indən belə bakalavr təhsil dərəcəsi dövlət proqramı çərçivəsində maliyyələşdirilməyəcək.

«DÖVLƏT PROQRAMLARININ ŞƏFFAFLIĞINA İNANMADIĞIMDAN…»

T.Abbasov bildirir ki, şəffaflığına inanmadığından, dövlət proqramlarına heç vaxt üz tutmayıb: «Deyilənə görə, bəzi hallarda ədalətli seçimlər də olub, ancaq bu, hər zaman baş vermir».

Onun qənaətinə görə, bakalavr təhsil səviyyəsinin proqramdan çıxarlmasının mənfi təsirləri olacaq: «Azərbaycan təhsil sistemi birbaşa xaricdə magistr dərəcəsi almağa yetərli akademik bacarıqlar vermir. Birbaşa magistr və ya PHD oxumağa gedən tələbələr ilk vaxtlar çox əziyyət çəkirlər. Bu da stress, imtahanlarda uğursuzluq və ən pisi, intiharlar doğura bilər. Bakalavr proqramları magistrlə müqayisədə daha asandır».

T.Abbasovun fikrincə, akademik yük tədricən artır və tələbələr tədricən akademik bacarıqlara yiyələnir və magistr təhsili almağa daha hazırlıqlı olurlar.

Təhsil Nazirliyinin məlumatına görə, 2007-2015-ci illərdə proqram çərçivəsində 3 min 558 iddiaçı göndərilib və onlardan 1001 nəfəri məzun olub. İki min 889 nəfər təhsilini davam etdirir. Yenə bu ilin 10 ayının da daxil olduğu, amma Dövlət Neft Fondunun açıqladığı rəqəmə görə, proqram çərçivəsində 3 min 26 nəfərin xaricdəki təhsil xərcləri qarşılanıb. Hesablamalarda fərq təbiidir, çünki Təhsil Nazirliyi xərcləri maliyyələləşdiriləcək gənclərin Neft Fonduna göndərilən sənəd sayını elan edir, fondsa konkret maliyyələşdirdiyini. Maliyyələşmə prosesi çox ciddi yoxlamalarla müşayiət olunduğundan fondun statistikası nazirliyin açıqladığı rəqəmlərdən həmişə «geri qalır».

«BAKALAVRIN LƏĞVİNİ 2011-CI İLDƏN TƏKLİF ETMİŞDİK»

Xaricdə təhsil proqramını araşdıran təşkilatlardan biri də İqtisadi Tədqiqatlar Mərkəzidir (İTM). Təşkilatın rəhbəri Qalib Toğrul AzadlıqRadiosuna açıqlamasında deyib ki, nazirliyin bu addımını onlar 5 il öncə təklif ediblər: «Xaricdə təhsillə bağlı Dövlət Proqramının monitorinqindən və xarici təcrübəni öyrəndikdən sonra bu təklifi hələ 2011-ci ildə vermişdik. Təklifimizi onunla əsaslandırmışdıq ki, təhsilin bu pilləsinə sərf olunan xərc yüksəkdir, eyni zamanda həmin pillədə qazanılan biliklər sonrakı – magistr, PHD səviyyələri ilə müqayisədə daha az yararlıdır. Keçmiş Sovet İttifaqı məkanında ilk dəfə (1993-cü il) xaricdə təhsillə bağlı proqram hazırlamış və onu uğurla həyata keçirmiş Qazaxıstanın «Bolaşak» proqramı hələ 2011-ci ildən xaricə bakalavr göndərməyi dayandırıb. Ölkədə Nazarbaev Universiteti yaradılıb, xaricdə təhsil almış tələbələrdən ibarət xaricidilli pedaqoji kollektiv formalaşdırılıb və artıq yüksəksəviyyəli bakalavrlar yetişdirilir. Təklifimizi vaxtaşırı səsləndirsək və gündəmdə saxlasaq da, çox təəssüf ki, birinci proqram dövründə bakalavrların xaricə göndərilməsi davam etdirildi. Sonuncu statistika göstərir ki, proqram çərçivəsində maliyyələşdirilənlərin 40 faizə yaxını bakalavrlardır».

Qalib Toğrul
Qalib Toğrul

HUMANİTAR İXTİSASLARIN MALİYYƏLƏŞDİRİLMƏSİNƏ SON QOYULMALIDIR?

Bəs yeni proqramda nələr dəyişməlidir? Ekspertin fikrincə, özəlliklə müxtəlif istiqamətlərdə pedaqoji kadrların hazırlanmasına diqqət yetirilməlidir: «Bu, indiki böhran dövründə bizi xeyli əlavə xərcdən azad edər, yüksəkixtisaslı bakalavr kadrlarının hazırlanmasına təkan verərdi. İkincisi, humanitar ixtisaslar üzrə xaricdə təhsilin maliyyələşdirilməsinə son qoyulmalı və ya onların payı minimuma endirilməlidir. Texniki və tibb ixtisasları üzrə göndərilənlərin sayı artırılmalı, bütün hallarda üstünlük onlara verilməlidir. Daha sonra xaricə göndərilənlərlə bağlı tələblər sərtləşdirilməli, sənəd qəbulu sadələşdirilməlidir. Tələblərin sərtləşdirilməsi deyərkən, TOEFL, IELTS üzrə xarici biliklərin qiymətləndirilmə səviyyələrinin yüksəldilməsini nəzərdə tuturam. Eyni zamanda, düşünürəm ki, xaricə göndərilən tələbələrin ana dillərini hansı səviyyədə bilmələri də dəyərləndirilməli və bundan ötrü də ayrıca səviyyə müəyyənləşdirilməlidir».

«BİZDƏ HƏR İL UNİVERSİTETLƏRİN SİYAHISINA BAXILIR, ANCAQ …»

Q.Toğrulun fikrincə, proqram çərçivəsində ayrı-ayrı layihələr icra olunmalıdır: «Birini deyim. Siz bilirsiniz ki, adətən, mühəndis-texniki fənləri seçən tələbələrin xarici dil bilikləri zəif olur. Ona görə də proqrama qəbul zamanı onların texniki bilikləri qiymətləndirilməli, xarici dil bilikləri seçim meyarı olmamalıdır. Belə tələbələrə münasibətdə «6+6» tipli layihədən yararlanmaq olar. Texniki ixtisaslar üzrə xaricdə təhsil hüququ qazanmış tələbələr 6 ay Azərbaycanda, qalan 6 ay da xaricdə təhsil alacağı dili öyrənə bilər. Mühəndis-texniki, tibb və pedaqogika üzrə xüsusi ixtisasartırma təcrübə proqramlarını müxtəlif formatlarda və genişləndirilmiş şəkildə də tətbiq etmək olar. Universitetlər siyahısına da hər il yenidən baxılmalı, öz ölkəsinin 20-liyində və THE (Times Higher Education), ARWU (The Academic Ranking of World Universities) kimi beynəlxalq reytinqlərin ilk 200-ü sırasında olan ali təhsil ocaqları siyahıda saxlanmalıdır. Bizdə universitetlərin siyahısına hər il baxılır, ancaq meyar bilinmir. Bundan başqa, hər il açıqlanan və öncəlik tanınan ixtisaslarda birmənalı şəkildə texniki ixtisaslara üstünlük verilməli, absurd təcrübədən - hazırda tətbiq olunan 1-ci və 2-ci dərəcəli ixtisas istiqamətlərindən imtina olunmalıdır».

Yeni proqramın necə yönəldiləcəyi də sual doğurur. İTM rəhbəri sözügedən proqram çərçivəsində hansı tələbələrin xaricə göndərilməsində son söz sahibi olan qurumun - Prezident yanında Təhsil Komissiyasının ləğv edildiyini yada salır. Həmin komissiya yalnız göndəriləcək tələbə siyahısının təsdiqində deyil, hər il universitetlərin, üstün istiqamətlərin qəbulunda, hətta proqramdan kənarlaşdırılacaq tələbələrlə bağlı son qərarın verilməsində ayrıca səlahiyyətlərə malik olub: «Artıq komissiya yoxdur. Ümumiyyətlə, çox yaxşı olardı ki, xüsusi publik hüquqi şəxs yaradılsın və Dövlət Proqramının idarə olunması ilə bağlı bütün səlahiyyətlər bu qurumun əlində cəmləşdirilsin».

«PROQRAMIN İLK 4 İLİ ŞƏFFAF OLMAYIB»

Birinci proqramın icrasına gəlincə, Q.Toğrul hesab edir ki, ilk 4 ildə onun idarə olunması sahəsində qeyri-şəffaflıq hakim olub: «Yalnız İTM-in gerçəkləşdirdiyi - ölkənin 5 əsas universitetini əhatə edən maarifləndirmə və Dövlət Proqramının xüsusi monitorinqi layihəsindən sonra Təhsil Nazirliyi müəyyən hesabatlar açıqlamağa və prosesi nisbətən şəffaf aparmağa məcbur qalıb. Fəxrlə xatırlayıram ki, həmin illərdə proqram çərçivəsində xaricdə təhsil almaq istəyən yüzlərlə tələbə məsləhət almaq üçün ümid yeri kimi məhz bizə üz tuturdu. Nazirlikdə rəhbərlik dəyişdikdən sonra yaxşılığa doğru xeyli dəyişikliklər oldu. Buna sevinir və düşünürəm ki, 2007-2015-ci illərdə, nəzərdə tutulan sayda - 5 min gənc xaricə göndərilməsə də, mühüm işlər görülüb. İndi növbəti keyfiyyət mərhələsinə qədəm qoymağın vaxtıdır».

XS
SM
MD
LG