Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:40

«Oğru məlumdur, polis hərəkətə keçmir»


Dükana buradan girilib
Dükana buradan girilib

-

«Polis cinayəti törətməkdə şübhəli bilinən şəxsi tapıb izahatını ala bilmir. Daha doğrusu, heç buna çalışmır. Polisin bu hərəkəti, hərəkətsizliyi məndə şübhələr yaradır».

İmişli rayonunun Qulubəyli kəndinin sakini Mirzamin Nağıyev AzadlıqRadiosuna başına gələn əhvalatı danışır. Əhvalat da bundan ibarətdir ki, builki bayram ovqatını martın 19-dan 20-nə keçən gecə dükanına girən oğrular alt-üst edib:

«Binanın dam örtüyü olan şiferin bir hissəsini və tavan taxtasını çıxarıb içəri keçiblər. Kassadakı pulları, kontur kartlarını, başqa əşyaları götürüblər. Kasıb bir adam kimi lap 1 manatım da oğurlansa, mənə görə böyük itkidir».

«QALDI OĞRUNU TUTMAQ»

Mağaza sahibi oğurluqdan xəbər tutan kimi Daxili İşlər Nazirliyinin «102» xidmətinə zəng vurub. Bundan sonra İmişli rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin əməkdaşları araşdırmaya başlayıb:

«Oğurluq malların hansı kommersiya obyektlərinə satıldığı müəyyən olundu. Həmin malı alanlar dindirildi, malları kimdən aldıqları da bilindi. Bir sözlə, oğruya gəlib çatınca hər şey aydınlaşdırıldı. Oğrunun kimliyi də aydınlaşdı. Qaldı oğrunu tutmaq. Bu mərhələyə çatanda, polis, nədənsə, hərəkətə keçmədi».

Deyir, cinayəti törətməkdə şübhəli bilinən şəxslərdən birinin adı həm polisə, həm də mağaza sahibinə bəllidir. Hətta rayon prokurorluğu həmin şəxs barəsində «məcburi gətirilmə» qərarı da verib. Ancaq bu şəxsin izahatı hələ də alınmayıb:

Mirzamin Nağıyev
Mirzamin Nağıyev

«BAĞIŞLAMAQ FİKRİM YOXDUR»

«İmişli polisinin hərəkətsizliyindən Daxili İşlər Nazirliyinə bir neçə dəfə teleqram və məktub göndərmişəm, ancaq cavab almamışam. Bu müddətdə hadisəni törədənlərin yaxınları mənimlə əlaqə saxlayıblar. O adamın günahından keçsəm, dəymiş zərəri ödəməyə hazır olduqlarını bildiriblər. Mənimsə keçmək fikrim yoxdur. Çünki son vaxtlar kənddə bir-birinin ardınca altı oğurluq hadisəsi baş verib. Heç birinin üstü açılmayıb. Görünür, cəzasızlıq növbəti cinayətlərə yol açıb. Bu gün mən bağışlayacağam, sabah yenə başqasının əmlakını oğurlayacaqlar».

İmişli rayon Polis Şöbəsindən AzadlıqRadiosuna bildiriblər ki, Mirzamin Nağıyevə məxsus mağazadan oğurluq faktı ilə bağlı şöbədə cinayət işi qaldırılıb. Mağaza sahibinin şübhələndiyi şəxs dindirilməkdən ötrü şöbəyə dəvət olunub. Polisin çağırışına gəlməyən vətəndaş izahatı alınması üçün polis tərəfindən axtarılır.

XS
SM
MD
LG