Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:26

Müxalifət «Panama sənədləri»nin araşdırılmasını istəyir


Bayraq
Bayraq

-

Bakıda BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsi, korrupsiya, intiharlar, Qarabağ münaqişəsi fonunda Türkiyə-Rusiya münasibətləri bu gün medianın aparıcı mövzusudur.

AVROPADA TOLERANTLIĞIN MƏRKƏZİ…

«Azərbaycan» qəzetində «Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi edir» sərlövhəli məqalə dərc edilib.

Söhbət BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumundan gedir. Məqalədə qeyd edilir ki, belə beynəlxalq tədbirlərin təşkilində Azərbaycanın yüksək təşkilatçılığı, zəngin mədəniyyəti və tolerantlığı önə çıxır. Yazıda oxuyuruq: «Son illər belə mötəbər tədbirlərin Azərbaycanda keçirilməsi ölkənin Şərqlə Qərb arasında mühüm mədəniyyət və tolerantlıq körpüsü olmasından irəli gəlir. Azərbaycan təkcə Cənubi Qafqazda deyil, Avropada tolerantlıq, sülh və inkişaf mərkəzlərindən birinə çevrilib».

Mehriban Əliyeva və İlham Əliyev
Mehriban Əliyeva və İlham Əliyev

MİLLİ ŞURA «PANAMA SƏNƏDLƏRİ»NİN ARAŞDIRILMASINI İSTƏYİR

«Azadlıq» qəzetində isə «Milli Şura «Panama sənədləri»nə görə Qaralova müraciət etdi» adlı yazı dərc edilib.

Yazıda bildirilir ki, bu yaxınlarda «Panama sənədləri» adı altında dünya mediasında yayımlanan ifşaedici materialların Azərbaycan hakimiyyəti ilə bağlı hissəsinin araşdırılması məqsədilə Milli Şura Baş prokuror Zakir Qaralova müraciət edib.

Müraciətdə deyilir ki, Böyük Britaniyanın nüfuzlu «The Guardian» qəzetində «London law firm helped Azerbaijan’s first family set up secret offshore firm» (London hüquq firması Azərbaycanın birinci ailəsinə gizli ofşor şirkəti yaratmaqda kömək edib) başlıqlı məqalə dərc olunub. Həmin məqalədə prezident İlham Əliyevin ailə üzvləri və Vergilər naziri Fazil Məmmədovla bağlı konkret vergidənyayınma, korrupsiya ittihamları öz əksini tapıb.

Yazıda daha sonra oxuyuruq: «İstər prezident İlham Əliyev, istərsə də deputat Mehriban Əliyeva seçkilərdə Mərkəzi Seçki Komissiyasına təqdim etdikləri bəyannamələrində Panama və Vircin adalarındakı ofşor şirkətlər vasitəsilə əldə etdikləri gəlirləri göstərməyiblər. Azərbaycan seçki qanunvericiliyinə görə isə, bu, istər prezident, istərsə də parlament seçkilərinin nəticələrini ləğv etmək üçün ciddi hüquqi əsasdır. Əgər bu gəlirlər seçki bəyannamələrində bəyan edilibsə, onların Azərbaycan xalqından gizlədilməsi faktı artıq Mərkəzi Seçki Komissiyası üzərində ciddi hüquqi və siyasi məsuliyyət yaradır».

İntihar
İntihar

İNSAN HƏYATININ DƏYƏRİ NƏDİR?

«Əgər insan özünə qəsd etməyin böyük günah olduğunu bilirsə, o zaman onu bu addımı atmağa vadar edən nədir?». Bu sual «Novoye Vremya» qəzetindəki «İnsan həyatının dəyəri nədir?» sərlövhəli məqalədə yer alıb.

Müəllif yazır ki, bu sualın cavabı heç də sadə deyil. Səbəbləri daha çox psixoloji və sosial sahədə axtarmaq lazımdır: «Son bir neçə ildə Azərbaycanda intihar halları çoxalıb. İkinci devalvasiyadan sonra demək olar ki, hər həftə intihar baş verir. Bu bizim cəmiyyətin böyük sosial probleminə dönüb. İntiharların baş verməsində banklara kredit borclarının olması səbəb kimi tez-tez hallanır. Kredit faizlərinin artırılmasından sonra insanlar çıxılmaz duruma düşüblər. Daha pisi, evsiz-eşiksiz qalırlar. İntihar «epidemiyası» yüksək səviyyədədir və əgər işsizlik daha yüksək səviyyədədirsə, ona qarşı necə mübarizə aparasan?».

Məqalədə həm intihar üsullarına, həm intihar edənlərin yaş qruplarına və həm də bu halların baş verdiyi regionlara nəzər yetirilib. Müəllif yazır ki, bu məsələlərin hərtərəfli araşdırılmasından ötrü Sosioloji Mərkəz yaradılmalıdır.

Sergei Lavrov və Eduard Nalbandian
Sergei Lavrov və Eduard Nalbandian

AZƏRBAYCANI TƏKLƏMƏK SSENARİSİ…

«Yeni Müsavat» qəzetində dərc edilən «Bakıda rus-türk savaşına start, yoxsa…» sərlövhəli məqalədə Qarabağ münaqişəsi fonunda regionda baş verənlər təhlil edilir.

Məqalədə deyilir ki, Rusiya xarici işlər naziri S.Lavrov-un Ermənistanda Qarabağ münaqişəsi ilə bağlı Türkiyəni ittiham etməsi iki ölkə arasında gərginliyin göstəricisidir: «Rusiya artıq 3-cü 10 illikdir ki, işğalçının, Qarabağ separatçılarının gözünü də üfürmür, onları hərtərəfli himayə edir. İndi kimdir münaqişəni, müharibəni qızışdıran? Problemin beynəlxalq hüquqa əsasən həllini tələb edən Türkiyə, yoxsa Ukrayna, Gürcüstan torpaqlarını zəbt edən Rusiya?».

Məqalədə qeyd olunur ki, məqsəd Türkiyəni problemdən daha uzaq salmaq və Azərbaycanı təkləməkdir: «Məgər bizim öz kürəyimizi söykəyəcəyimiz bir dövlət, alyans olmalı deyil? Necə olur ki, Ermənistana bu rəva görülür, Azərbaycanın öz təbii müttəfiq(lər)i ilə yaxınlaşması isə anormal sayılır və qıcıqla qarşılanır?».

XS
SM
MD
LG