Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:26

Ictimai fəallara görə mürtəce qərarlar Moskvadan gəlir (VİDEO)


Sivil Toplum Platforması toplaşıb
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

Sivil Toplum Platforması toplaşıb

Hökumət beynəlxalq sazişlərdən irəli gələn öhdəliklərini sonadək yerinə yetirmir. Avropa Məhkəməsinin qərarlarının icrasında ciddi problemlər var. BMT-nin insan hüquqlarını müdafiə mexanizmlərinin yerinə yetirilməsində durum yaxşı deyil...

Sivil Toplum Platformasının Beynəlxalq Mətbuat Mərkəzində «Azərbaycan hüquq sistemində beynəlxalq məhkəmələrin yeri və rolu» mövzusunda keçirdiyi forumun əsas müzakirə mövzuları bunlar idi.

Forumda QHT rəhbərləri və Ombudsman Aparatının təmsilçisi iştirak edib. Prezident Administrasiyası, Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası, Milli Məclisin komitələri dəvət edilsə də tədbirə qatılmayıblar.

«Konstitusiyaya ziddir»

Hüquqşünas Ələsgər Məmmədli parlamentdə dövlətlərarası orqanların qərarlarının Azərbaycan tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında konstitusiya qanunu layihəsi hazırlandığını yada salıb. O, deyib ki, qanun layihəsinin plenar iclasa tövsiyə edilməsi açıq şəkildə konstitusiya ilə müəyyən edilmiş hüdudları aşmaqdır.

«Bu layihə Azərbaycanın imzaladığı Avropa İnsan Haqları Konvensiyası ilə də ziddiyyət təşkil edir. Konstitusiyaya görə, Azərbaycanın qoşulduğu beynəlxalq normalar ölkədə birbaşa qüvvəyə malikdir» – deyən hüquqşünas vurğulayıb ki, sözügedən qanun layihəsi təklifi plenar iclasa çıxarılmadan qatlanıb geri qaytarılmalıdır.

Azərbaycan Avropa «çempion»udur

Hüquqşünas Xalid Bağırov Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycana qarşı 110-dan çox qərarının olduğunu bildirib.

X. Bağırov vurğulayıb ki, hökumət qərarlarda nəzərdə tutulan kompensasiyaları ödəyir, ancaq ümumi tədbirlər həyata keçirmir. Ümumi tədbirlər qanunvericilik islahatlarının aparılmasını nəzərdə tutur.

Hüquqşünas seçki hüququ üzrə Azərbaycanın Avropada «çempion» olduğunu deyib. «Avropa Məhkəməsi tarixində seçki hüququ üzrə 47 üzv dövlətə qarşı 40-dək qərar qəbul edib. Bu qərarlardan 17-si yalnız Azərbaycana qarşıdır» – o bildirib.

İşgəncə və pis rəftar

Məruzəçilər Azərbaycanın BMT-nin insan hüquqları ilə bağlı çoxsaylı tövsiyələrini də yerinə yetirmədiyini deyiblər. 2010-2015-ci illərdə işgəncə və pis rəftarla bağlı Penitensiar Xidmətdən 334, Daxili İşlər Nazirliyi sistemindən 984, prokurorluq orqanlarından 677 şikayət daxil olub.

«BMT-nin İşgəncələr Əleyhinə Komitəsi bu faktların araşdırılmasını və məlumat verilməsini tələb edir. Ölkədə əsas problemlər kimi Ombudsman Aparatına daxil olan şikayətlərin sayı və baxılması, gender bərabərliyinin pozulması, regionlarda vəkillərin azlığı göstərilir. Habelə, əcnəbi olmayan şəxslərin deportasiyası, işgəncə faktlarının araşdırılmaması, diffamasiya haqqında qanunun qəbul edilməməsi», – hüquqşünas Ziya Quliyev qeyd edib.

Yeni qurum yaradılmalıdır

Hüquqşünas Əsabəli Mustafayevsə deyib ki, Avropa Məhkəməsinin qərarlarının icra vəziyyətinə nəzarət edən qurum təsis edilməlidir: «Praktikada Avropa Məhkəməsinin qərarlarının icrası və kompensasiyaların ödənilməsinə nəzarət edəcək bu qurum yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi var. O şəxs də Prezident Administrasiyasında oturur. Heç bir qurum Avropa Məhkəməsinin qərarlarının nə vaxt Ali Məhkəmənin plenumunda baxılacağına, qərarların icra vəziyyətinə görə cavabdeh deyil»

Ombudsman Aparatının şöbə müdiri nə deyir?

Ombudsman Aparatının şöbə müdiri Faiq Ağayev isə deyilənlərlə razılaşmayıb. O bildirib ki, ölkədə insan hüquqları sahəsində müsbət addımlar atılır: «Ombudsman institutu bütün saxlanma yerlərində, həbsxanalarda monitorinqlər aparır. İndiyədək işgəncə faktları ilə bağlı bir dənə belə şikayət daxil olmayıb. Ölkədə insan haqları ilə bağlı çoxsaylı müsbət addımlar atılıb, dövlət proqramları qəbul edilib»

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər isə Azərbaycanda insan hüquqları ilə bağlı mürtəce addımların atılmasında yerli hakimiyyətlə yanaşı Rusiyanı da günahkar bilir: «İnsan hüquqlarına qarşı qərarların təşəbbüsləri Moskvadan gəlir. Azad dünyadan fərqli olaraq Rusiya avtoritar rejimlərin genişlənməsində maraqlıdır. Bu gün Azərbaycanın Rusiya tərəfindən işğalı günüdür. Biz Rusiyanın qeyri-demokratik sifarişlərinin qarşısını almalıyıq»

XS
SM
MD
LG