Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:07

Qarabağın azadlığı demokratiyadan keçir?


İlham Əliyev BMT-də çıxış edir.
İlham Əliyev BMT-də çıxış edir.

-

Qarabağ münaqişəsi, ictimai-siyasi vəziyyət və əhalinin gündəlik ehtiyacları bu gün medianın aparıcı mövzusudur.

BMT TRİBUNASI AZƏRBAYCANDADIR

«Azərbaycan» qəzetində «BMT tribunası Azərbaycandadır» başlıqlı yazı dərc edilib. Yazının müəllifi qəzetin baş redaktoru, deputat Bəxtiyar Sadıqovdur.
Deputat yazısında Bakıda keçirilən BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu kontekstində prezident İlham Əliyevin fəaliyyəti dəyərləndirilir.
Yazıda qeyd edilir ki, ölkə rəhbərinin forumda çıxışı Azərbaycan həqiqətləri timsalında dünyadakı ikili standartların, ədalətsizliklərin kəskin ifşasına yönəldi. Prezident bütün bəşəriyyəti, dövlətləri, beynəlxalq təşkilatları ədalətli mövqeyə, haqlını dəstəkləməyə, zora və hərbə qarşı birgə fəaliyyətə səslədi. Məqalədə daha sonra oxuyuruq: «Azərbaycan yenə də xəbərdarlıq edir: Dünyanı qorumaq, düzgün məcraya yönəltmək gərəkdir. Azərbaycan öz nümunəsi, xalqın əsrlər boyu keçdiyi həyat yolu əsasında düzgün istiqamət göstərir. Prezident İlham Əliyev təkcə öz dövləti və xalqı üçün yox, bütün bəşəriyyəti təhdid edən hadisələri öncədən xəbər verir. Onu dinləmək və dediklərinə əməl etmək bəşəriyyətin gələcəyi üçün faydalıdır».

Məqalə videodan sonra davam edir

AzadlıqRadiosunun Youtube Kanalında izləyin: Orduda hansı islahata ehtiyac var?

QARABAĞIN AZADLIĞI DEMOKRATİYADAN KEÇİR

«Azadlıq» qəzeti Qarabağ cəbhəsində vəziyyətin gərginləşməsi ilə ölkədaxili ictimai-siyasi proseslər arasında paralel aparır. ««Lazım»ın sülh masasındakı məğlubiyyəti» sərlövhəli məqalədə Qarabağ probleminin həll edilməməsinin əsas səbəbkarı kimi Rusiya göstərilir: «Hökumət avtoritar idarəetməni davam etdirmək üçün dünya ilə münasibətləri soyudub və Qarabağın işğalına yaşıl işıq yandıran Rusiyanın «çadırı»na sığınıb. Hər ötən gün təsdiqləyir ki, Qarabağ münaqişəsinin həllinə əngəl törədən Rusiyadır və sülh danışıqlarının mənası yoxdur».

Müəllifin yazdığına görə, «3 günlük aprel müharibəsi» göstərdi ki, Ermənistan Azərbaycan torpaqlarını boşaltmaq niyyətində deyil.

Məqalədə BMT Sivilizasiyalar Alyansı VII Qlobal Forumunda Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədovun narazı tonda «danışıqları daha 25 il də davam etdirək, biz ədalət istəyirik» sözləri də şərh edilir: «Bu hökumətin ədalətdən danışması adamı qıcıqlandırır. Uzun illərdir dünya YAP hakimiyyətindən ədalət tələb edir. Amma hakimiyyət repressiyanı gücləndirir, seçkiləri daha kobud şəkildə saxtalaşdırır, korrupsiya cinayətləri çoxalır».

Müəllifin düşüncəsinə görə, ölkədə insan azadlıq və hüquqlarının təmin edilməsi bir çox problemlərin həllinə açar olacaq: «Uzun illərdir bəyan edilir ki, Qarabağ münaqişəsinin həlli Azərbaycanın demokratikləşdirilməsindən keçir. Amma hökumət bütün sahələrdə ölkənin adını «qara siyahılara» saldıraraq, qarşı tərəfin arqumentini gücləndirməyə, beynəlxalq aləmin dəstəyini zəiflətməyə xidmət edib».

S.Sarkisian və V.Putin
S.Sarkisian və V.Putin

QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİNDƏ YENİ İMKAN YARANIB?

«Yeni Müsavat» qəzetində isə «Ermənistanın aprel məğlubiyyətinin şok səbəbi» sərlövhəli məqalə dərc edilib.

Yazıda qeyd edilir ki, Ermənistan ordusu texniki-hərbi təchizat, əlaqələndirmə və kəşfiyyat sahəsində ciddi böhran yaşayır.

Müəllifin fikrincə, Qarabağ probleminin həlli məsələsində unikal imkan yaranıb. Qələbənin qazanılması düsturu isə belə təqdim edilir: «Yaranmış durum Azərbaycana işğalçını ədalətli sülhdən imtina edəcəyi halda yerində oturtmaq üçün real unikal şans yaradır. Amma bu şərtlə ki, Bakı Rusiya amilini, beynəlxalq şərtləri də düzgün hesablasın. Bütün hallarda zamanın artıq Azərbaycanın xeyrinə işlədiyini söyləmək mümkündür. Hər necə olsa, 4-günlük uğurlu savaş Ermənistan-Rusiya müttəfiqliyinə də ciddi çat salıb. Ermənistanın Moskva sarıdan «beli boşalıb»».

Məqalədə qeyd edilir ki, Yerevanın təkliflərdən imtina etməsi Rusiyanı da çətin duruma salıb.

Bakıda supermarket
Bakıda supermarket

YERLİ-YERSİZ MÜDAXİLƏLƏR

«Bizim Yol» qəzeti isə bir müddət öncə bir qrup supermarket sahibinin vergi dərəcələrinin aşağı salınması ilə bağlı iqtisadiyyat nazirinə müraciəti və bu sahədə yaranmış vəziyyəti iqtisadçı Nemət Əliyevlə dəyərləndirib.

İqtisadçı qeyd edir ki, həmin müraciətlə ticarət şəbəkələrindəki vəziyyət yuxarı orqanların diqqətinə çatdırılıb: «Manatın dəyərdən düşməsinə baxmayaraq, ticarət şəbəkələrində qiymətlərin sərbəstləşməsinə imkan verilmir. Burada ya vergi dərəcələri aşağı salınmalıdır, ya da qiymətlərin rentabelliyi təmin olunmalıdır. Bir də, dövlət qurumlarının yersiz müdaxilələri çoxdur, qazanclarına əl qoyulur, bunlar ardan qaldırılmalıdır».

N.Əliyevin deməsinə görə, kənar müdaxilə olmadığı halda supermarketlər işin öhdəsindən gələrlər.

İqtisadçı deyir ki, həqiqətən də ölkəyə idxal edilən mallara 18 faiz Əlavə Dəyər Vergisinin qoyulması çoxdur. Ancaq o düşünmür ki, hökumət supermarketlərin təkliflərinə müsbət münasibət bəsləyəcək.

XS
SM
MD
LG