Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:01

Azərbaycan 7 milyard dollar axtarır


Rövnəq Abdullayev
Rövnəq Abdullayev

-

«Cənub Qaz Dəhlizi» QSC 7 mlrd. dollarlıq investisiya cəlb etmək niyyətindədir.

APA-nın xəbərinə görə, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

«Biz bütün banklarla işləyirik. Bilirsiniz ki, «Cənub Qaz Dəhlizi» QSC 1 milyard dollar cəlb edib. Bu ilin sonuna qədər 1.5 milyard dolların cəlb olunması gözlənilir. Biz Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı ilə əməkdaşlıq edirik. Ümumiyyətlə, biz 7 milyard dollaradək ucuz və uzunmüddətli vəsait cəlb etmək niyyətindəyik. İnanıram ki, proses normal şəkildə aparılacaq», - deyə R.Abdullayev qeyd edib.

«Cənub Qaz Dəhlizi» QSC prezident İlham Əliyevin sərəncamı ilə 2014-cü il fevralın 25-də yaradılıb. Bunda məqsəd «Şahdəniz» qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Xəttinin genişləndirilməsi, TANAP və TAP layihələrinin idarə olunmasını təmin etməkdir. Cəmiyyətin nizamnamə kapitalı 100 mln. ABŞ dollarıdır. Həmin sərəncamla Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi Neft Fonduna, idarə edilməsi isə İqtisadiyyat Nazirliyinə tapşırılıb.

TANAP və TAP layihələri «Cənub Qaz Dəhlizi»nin ayrı-ayrı hissələrini təşkil edir.

Trans-Anadolu Qaz Kəməri (TANAP) layihəsi «Şahdəniz-2»dən çıxarılan təbii qazı Türkiyə və Avropaya çatdırmalıdır.

Trans-Adriatik Qaz Kəməri (TAP) layihəsi isə Cənubi Qafqaz Qaz Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) və TANAP-ın davamıdır. «Şahdəniz-2» yatağındakı qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur.

XS
SM
MD
LG