Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:20

«Suyun bahalaşmasının real iqtisadi əsası yoxdur»


Azərsu
Azərsu

-

Bu gün – mayın 16-da Tarif (Qiymət) Şurasının yeni su tarifləri qüvvəyə minir. Artıq açıqlanıb ki, şura 13 may tarixli qərarı ilə əlavə dəyər vergisi (ƏDV) daxil, Bakı, Sumqayıt, Xırdalan şəhərlərində və Abşeron rayonunda yaşayan əhali hər kubmetr suya 35 qəpik, digər inzibati ərazi vahidlərinin sakinləri - 30 qəpik ödəyəcəklər. Qeyri-əhali üzrə ödənişlər əvvəlki səviyyədə qalıb, yəni hər kubmetrə 1 manat, sudan xammal kimi yararlananlara, suyun istifadə təyinatından asılı olmayaraq (çirkab sularının axıdılması xidmətləri də daxil), hər kubmetrə 8 manat müəyyənləşdirilib. Başqa sözlə, bu gündən başlayaraq 1 milyon 387 min 96 abunəçinin xərcləri artıb.

QİYMƏT ŞURASI ÖZ «ƏSASNAMƏ»SİNİ POZUB

Tarif Şurası, əvvəlki qərarlarında olduğu kimi, yenə əsasnaməsini pozub. Qurumun əsasnaməsinin «Şuranın vəzifələri» bölümündə yazılır ki: «Qiymətlərin dövlət tənzimlənməsi üzrə həyata keçirilən işlər barədə kütləvi informasiya vasitələrinə tənzimləmənin zəruriliyi, məqsədi və mümkün nəticələri barədə məlumat vermək» lazımdır. Ancaq şuranın açıqladığı məlumatda suyun qiymətinin qaldırılmasına dair heç bir əsaslandırma yoxdur.

Bundan başqa, şuranın «qiymətlərin iqtisadi cəhətdən əsaslılığını, səmərəliliyini, bazarın tələbləri və əhalinin alıcılıq qabiliyyəti baxımından optimallığını müəyyənləşdirmək üçün araşdırmalar və təhlillər aparmaq» hüququ var. İndi qurumun belə araşdırması olub-olmadığını bilinmir, çünki açıqlanan məlumatda bu barədə hər hansı məlumat verilmir.

«BAŞ MENECERİN TƏKBAŞINA QƏRAR VERMƏSİNƏ SON QOYULMALIDIR»

Müstəqil iqtisadçıların ortaq fikrinə görə, qiymət artımının real iqtisadi əsası yoxdur. İqtisadiyyat eksperti Nazim Bəydəmirli deyir ki, su tariflərinin artması istehsalçılara da, istehlakçılara da təsir göstərəcək: «Vətəndaşların xərcləri, müəssisələrin istehsal etdikləri malların maya dəyəri artacaq. Qiymət artımı həmişə ancaq qiymət artıran tərəfə sərf edir, digər tərəflər ancaq ziyan çəkir».

Ekspert bildirir ki, «Azərsu» ASC-nin son illər büdcədən aldığı subsidiyalar, investisiya layihələrinə sərf olunan ictimai vəsaitlər, eləcə də istehlakçılardan toplanan xidməthaqqı astronomik olsa da, göstərilən xidmət hələ də əhalini qane etmir: «Bakı və regionların içməli su təminatı tam yerinə yetirilmir, o üzdən heç şübhəmiz yoxdur ki, bu qiymət artımı keyfiyyət dəyişikliyinə görə deyil, izafi idarəetmə xərclərini qarşılamaq üçün həyata keçirilib. İri vergi ödəyiciləri sayılan, ancaq büdcəyə aramsız borclu qalan, 100 milyonlarla büdcə investisiya vəsaitini müxtəlif tenderlərdə səmərəsiz istifadə edən bu tip qurumların menecerləri üzərində ictimai nəzarəti gerçəkləşdirmək üçün müşahidə şuraları yaradılmalıdır. Baş menecerin təkbaşına qərar verməsinə son qoyulmalıdır».

«XƏRCLƏR VƏ GƏLİRLƏR İCTİMAİ NƏZARƏTDƏ SAXLANILMAYANADƏK...»

N.Bəydəmirli yada salır ki, müxtəlif jurnalist araşdırmalarında baş menecerlərin qohum-əqrəbasının şirkətlərinəhətta tendersiz layihələrverilib: «Və ya tender qanunu kobud şəkildə pozularaq verilib. Müstəqil audit şirkətlər kommunal xidmət göstərən təbii inhisarçıların təklif etdikləri tariflərin maya dəyərinə nə qədər uyğun olub-olmamasını cəmiyyətə açıqlamalıdır. Bu, qiymətlərin ədalətli və optimal olmasına görə vacibdir. Xərclər və gəlirlər ictimai nəzarətdə saxlanılmayanadək belə əsassız qiymət artımı ilə hər zaman qarşılaşmaq ehtimalımız var».

Ekspert Qubad İbadoğlu qiymət artımının Fransa Sahibkarlar Təşkilatı - MEDEF-in bəzi üzvləri ilə prezident İlham Əliyevin görüşündən sonra baş tutmasına diqqət çəkir.

SUYU FRANSIZLAR BAHALAŞDIRIB?

Ekspertin fikrincə, qiymət «Azərsu» ASC-nin müraciəti əsasında bahalaşdırıldığından, bu qərarın korporativ maraqlardan qaynaqlanması şübhə doğurmur: «Lakin indiki həssas sosial durumda «Azərsu»nun bütün məsuliyyəti öz üzərinə götürüb müstəqil qərar verməsi də inandırıcı görünmür. Fikrimcə, bu qərarla böyük özəlləşdirmə arasında əlaqə də axtarmaq mümkündür. Çünki hazırkı qiymət səviyyəsi ilə Azərbaycanın su, enerji və digər kommunal xidmətlər bazarına xaricdən investisiyanın cəlb edilməsi çox şübhəli görünür. Odur ki, bu yanaşma ilə hökumət suyun və digər kommunal xidmətlərin qiymətlərini mərhələli şəkildə artıra və sonra isə həmin obyektləri özəlləşdirməyə çıxara bilər».

Q.İbadoğlu deyir ki, bu halda Tarif Şurasından yalnız suyun deyil, digər xidmət və məhsulların da bahalaşmasını gözləmək olar: «Məncə, milli iqtisadiyyatın kiçildiyi, işləyənlərin gəlirlərinin dəyərsizləşdiyi, işsizliyin kütləvi surətdə çoxaldığı indiki durumda Tarif Şurasının bu tip əsaslandırılmamış qərarları sosial durumu daha da gərginləşdirə bilər. Suyun qiymətinin artması manatın devalvasiyasından sonra ən çox bahalanan qablaşdırılmış suların qiymətində yeni bahalaşma dalğası doğuracaq. Keyfiyyətində ciddi dəyişiklik gözə dəyməyən suyun mövcud qiymətindəki artım bir müddətdən sonra ailə büdcəsində daha əhəmiyyətli yer tutacaq. Qiymət bahalaşmasından sonra ödənişləri tam həcmdə və vaxtında təmin edə bilməyən «Azərsu»nun qara günləri başlaya bilər».

XS
SM
MD
LG