Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:47

Ekspert: «Bu il 1 dollar 2 manat ola bilər»


Nardaranda məscid
Nardaranda məscid

-

Azərbaycanda dövlət-din münasibətləri, «Formula-1» yarışlarına çəkilən xərclər, inflyasiya, üçüncü devalvasiya xofu və məktəbli formalarının bahalaşması bu gün medianın aparıcı mövzusudur.

AZƏRBAYCAN-TOLERANTLIQ NÜMUNƏSİ

«Azərbaycan tarixən dini dözümlülük ənənələri ilə fərqlənsə də, beynəlxalq standartlara cavab verən dövlət-din münasibətləri, tolerantlıq prinsipləri ölkəmizdə məhz Heydər Əliyevin xidmətləri sayəsində bərqərar olub».

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı «Azərbaycan» qəzetindəki «Tolerantlığın Azərbaycan modeli dünyada ən mükəmməl nümunədir» sərlövhəli məqaləsində belə yazır.

Yazıda dini sahədə qanunvericilik normalarının yaradılması , konfessiyaların fəaliyyətinə nəzarət keçmiş prezident H.Əliyevin müstəsna xidməti kimi dəyərləndirilir. Müəllifin fikrincə, bununla H.Əliyev ayrı-ayrı dövlətlərin Azərbaycana öz dini modelini gətirmək səylərinin qarşısını alıb. M.Qurbanlı qeyd edir ki, Azərbaycanın bu gün dünyaya tolerantlıq nümunəsi olması isə dövlət başçısı İlham Əliyev siyasətinin nəticəsidir.

M.Qurbanlı qeyd edir ki, dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində strateji vəzifələr üç əsas amil üzərində qurulub: dini etiqad azadlığının təmin edilməsi, dünyəvi dövlətçilik prinsiplərinin qorunub saxlanılması, dini təəssübkeşliyin fanatizm və ekstremizmə çevrilməsinin qarşısının alınması.

Formula-1
Formula-1

AZƏRBAYCAN NƏ XƏRCLƏDİ, NƏ QAZANDI?

«Hökumət nə çəkilən xərcləri, nə də gələn gəliri tam açıqlayır». İqtisadçı Nemət Əliyev iyunun 17-19-da Bakıda keçirilən «Formula-1» yarışlarına çəkilən xərcləri «Bizim Yol» qəzetinə dəyərləndirərkən belə deyib.

Bununla belə, iqtisadçı öz təxminlərini oxucularla bölüşür: «Müxtəlif hesablamalara görə, 350 milyon dollar xərclənib. Avropa dövlətləri belə yarışlardan milyonlar qazanırlar. Hökumət belə irimiqyaslı yarışlara əl qoyubsa, o zaman gəlirlərini, mənfəətini də müəyyənləşdirməlidir ki, iqtisadi maraqlarını təmin edə bilsin. Tam məsuliyyətlə demək olar ki, Azərbaycanın heç bir qazancı olmayıb, əskinə, bütün idman və musiqi yarışmalarında milyardlar itirilib».

İqtisadçı qeyd edir ki, ölkə ciddi iqtisadi böhran içərisindədir. O, «Formula-1» yarışlarına çəkilən xərcləri də ölkənin vəziyyəti baxımından dəyərləndirir: «İndiki dövrdə ölkənin başı üstünü qara buludlar alıb. Böhran, tənəzzül bütün real sektora təsir göstərir. Milli valyuta 2 dəfə dəyərdən düşüb, bazarlar od tutub yanır, əhalinin alıcılıq qabiliyyəti kəskin şəkildə pisləşib. Belə vəziyyətdə xərclənmiş pullar ölkə iqtisadiyyatının köməyinə yetirmi? Xeyr».

Əkrəm Həsənov
Əkrəm Həsənov

ÜÇÜNCÜ DEVALVASİYA XOFU

«Exo» qəzeti isə ölkədə artan inflyasiya fonunda banklara qoyulan əmanətlərin faydasını araşdırır. Məqalədə qeyd edilir ki, ölkədə inflyasiya 10 faizdən yuxarıdır. Belə olan halda banklara 12 faizlə qoyulan əmanətlərin hansı gəliri ola bilər? Məqalədə daha sonra oxuyuruq: «Depozitlər üzrə faiz dərəcələri də bunun üzərinə gələndə, əmanətlər Azərbaycanda hətta inflyasiyanı belə önləyə bilmir».

Daha sonra məqalədə mövzu ilə bağlı ekspert fikirlərinə yer verilir.
«Bizdə həqiqətən inflyasiya faiz dərəcələrini qabaqlayır. Ölkə bankları artıq strateji düşüncə ilə fəaliyyət göstərmir, bugünkü günlə yaşayır. İki devalvasiya nəticəsində onsuz da banklarda əmanətləri olanların gəlirləri kifayət qədər azalıb və bu azalmaqda davam edir»,- deyə hüquqşünas Əkrəm Həsənov bildirib.

Hüquqşünas qeyd edir ki, bank strukturunun böyük təhlükə qarşısında olmasına baxmayaraq, ölkənin maliyyə strukturlarını xilas etməklə bağlı proqramı yoxdur.

Ə.Həsənov diqqəti təhlükəli daha bir məqama çəkir. O qeyd edir ki, cəmiyyət daxilində üçüncü devalvasiyanın baş verə biləcəyi ilə bağlı bir xof dolaşır: «Böyük ehtimalla, bu il dollar 2 manata bərabər ola bilər. Manatın indiki məzənnəsi düzgün dəyərləndirilməyib, sadəcə, milli valyuta dövriyyədə az olduğuna görə indiki məzənnədə qala bilir».

Məktəbli forması
Məktəbli forması

BİLİRLƏR Kİ, MƏKTƏB MÖVSÜMÜ GƏLİR...

«Azadlıq» qəzeti məktəbli formalarının bahalaşmasından bəhs edir.

Bu mövzuya həsr edilən yazıda oxuyuruq: «Göründüyü kimi, hakimiyyətimiz «ənənə»yə sadiqlik nümayiş etdirir. İdman yarışlarına milyardlar xərcləyənlər kasıb-kusubun xərcini artırmağa qərar verib. Bütün boşluqları sadə vətəndaşın cibi hesabına doldurmaq istəyirlər. Bilirlər ki, qarşıdan məktəb mövsümü gəlir və ailələr məktəbli formasını almağa məcburdurlar».

Müəllifin düşüncəsinə görə, hökumətin bütün anti-böhran proqram və tədbirləri ancaq vətəndaşı müflisləşdirməkdən ibarətdir.

Məqalədə qeyd edilir ki, ötən il baş verən iki devalvasiya nəticəsində qiymətlər təqribən 50 faiz bahalaşıb. Kommunal xərclərin, vergilərin artırılmasını da yada salan müəllif hakimiyyəti sərt şəkildə tənqid edir: «Bunlar vətəndaşa kömək etmək əvəzinə, onsuz da çətin vəziyyətdə olan ailələri daha çətin duruma salırlar».

XS
SM
MD
LG