Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:41

Dövlət istəməsə, qiymətlər qalxmaz


Əli Əlirzayev
Əli Əlirzayev

“Qiymət artımından öncə onu kompensasiya etmək üçün əhalinin gəlirləri də artmalıdır”, - keçmiş deputat Əli Əlirzayev belə deyir

“Qiymət artımından öncə onu kompensasiya etmək üçün əhalinin gəlirləri də artmalıdır”, - keçmiş deputat Əli Əlirzayev belə deyir.

- Əhalinin vəziyyəti yaxşılaşmalıdır, gəlirlər artmalıdır, əməkhaqqı, təqaüdlər artmalıdır. Ondan sonra qiymət dəyişə bilər. İkincisi, qiymət artdıqdan sonra əhali də qənaət rejiminə keçəcək, elektrik enerjisindən az istifadə edəcək. Amma istənilən halda, bu artım bəzi ailələrin büdcəsinə 1 manat, bəzisinə 2-3 manat təsir edəcək. Ümumiyyətlə, əhali qiymət artımını heç zaman yaxşı qəbul etmir.

- Əhali qiymət artımını bəlkə də ona görə sevmir ki, elektrik enerjisinin bahalanmasından sonra başqa qiymətlər də qalxa bilər?

- Düzdür, elə sahələr var, orda enerji daha çox istifadə olunur, orda qiymətin qalxması başqa qiymətlərə də təsir edəcək. Enerji iqtisadiyyatda aparıcı həlqədir. Enerjinin qiyməti qalxırsa başqa məhsulların da qiymətinə təsirini göstərəcək, ərzağın da qiyməti qalxacaq, beləliklə, əhalinin xərcləri də artacaq. Nəticədə əhalinin rifahı pisləşə bilər. Mən ümumiyyətlə, demirəm ki, qiymətin qalxmasını əhali yaxşı qəbul edir.

- Hökumət qiyməti artırmaya bilərdimi?

- Əsaslandırılır ki, yeni avadanlıqlar quraşdırılır, yeni texnologiya tətbiq olunur, onlar da xaricdən dollarla alınır, qiymət bahalanıb və s. Bununla da, çəkilən xərclər artdıqca gəlirlilik, rentabellilik azalır. Ona görə də məhsulun qiymətini artırmağa məcburdurlar. Amma yenə deyirəm, bu halda əhalinin də gəlirləri artmalıdır. Sovet dövründə qiymət qaldırılmamışdan qabaq əməkhaqları artırılırdı. Əlbəttə hökumət istəsə, o xərcləri büdcə hesabına ödəyə bilər. Enerjini əhaliyə ucuz da sata bilər. Hamısı dövlətin məhsuludur, dövlətin inhisarındadır. Həmin sahəyə dotasiya ayıra bilər. Bazar iqtisadiyyatı dövründə dotasiya sözü çox işlədilmir, ancaq dövlət həmin sahənin xərclərini boynuna götürə bilərdi, enerji də, neft də dövlətindir. Büdcəyə daxilolmalar azaldıla bilərdi. Dövlətin tənzimləmə siyasəti var. Məsələn, vacib məhsullara vergini ləğv edə bilərdi. Ancaq bir şey də var, qiymət ucuz olanda insanlar bəzən israfçılıq da edirlər. Qiymət qalxandasa qənaətə keçirlər.

XS
SM
MD
LG