Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:34

'Hökumət borcu xalqa yüklədi' – Media icmalı


Sayğac
Sayğac

Elektrik enerjisinin qiymətinin artırılması, Bakıdakı «qul bazarları», bankların vətəndaşlara qarşı kollektor özbaşınalıqları bugünkü medianın aparıcı mövzusudur.

HÖKÜMƏT ENERJİ BÖLMƏSİNİN BORCLARINI ƏHALİNİN ÜZƏRİNƏ YÜKLƏYİR

«Azadlıq» qəzeti elektrik enerjisinin satış qiymətinin 7 qəpiyə qaldırılmasının nəticələrini iqtisadçı Qubad İbadoğlu ilə bölüşür.

İqtisadçıya görə, bu qərar inflyasiyanı artıracaq, aztəminatlı əhalinin sosialı durumunu daha da ağırlaşdıracaq.

Q.İbadoğlu elektrik enerjisinin qiymətinin artırılmasını belə izah edir: «Fikrimcə, elektrik enerjisinin qiymətinin artmasına səbəb «Azərenerji» ASC-nin pisləşən vəziyyəti və «Azərişıq» ASC-nin artan xarici borclarıdır».

Q.İbadoğlu deyir ki, bu il yanvarın 1-nə «Azərenerji»nin dövlət büdcəsinə borcu 780 milyon manat və ya dövlət mülkiyyətində olan vergi ödəyicilərinin ümumi borclarının 68.2 faizini təşkil edib.

Ekspert belə hesab edir ki, dövlət artan borc yükünü xalqın çiyninə qoyur: «Göründüyü kimi, hər iki dövlət təşkilatının artan maliyyə öhdəliklərinin müqabilində elektrik enerjisinin qiymətini bahalaşdıran hökumət borc yükünü əhalinin çiyninə yükləyir».

Q.İbadoğlu müqayisə apararaq əhali qrupu üçün Qırğızıstanda 1 kilovat-saat elektrik enerjisinin 1.1 sent, Azərbaycanda 4.4 sent, Qazaxıstanda 4.7 sent olduğunu nəzərə çatdırır.

Nazirlər Kabinetinin iclası
Nazirlər Kabinetinin iclası

HƏDƏF DƏYİŞMİR

«Azərbaycan» qəzetinin «Hədəf dəyişmir» məqaləsində ölkənin iqtisadi uğurları barədə danışılır.

Müəllifə görə, yaşadığımız dövr gözlənilməzlikləri ilə zəngindir və hadisələr o qədər sürətlə cərəyan edir ki, bəzən 3 aylıq bir dövrə də yekun vurmaq lazım gəlir: «Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin rübdə bir dəfə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclaslarının keçirilməsində də əsas məqsəd budur».

Müəllif bu gözlənilməzliklər sırasında bu ilin aprelində Qarabağ cəbhəsində baş vermiş hadisələri də xatırladır: «İl başlananda heç kim proqnoz verə bilməzdi ki, 3 ay sonra Qarabağ cəbhəsində Ermənistanın təxribatları üzündən hərbi vəziyyət son dərəcə gərginləşərək əməlli-başlı savaşa keçəcək və bu savaş nəticəsində işğal olunmuş Azərbaycan ərazisinin bir hissəsi azad ediləcək. Üstəlik, həmin 4-günlük müharibədən sonra problemin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlarda Azərbaycanın səsi daha ötkəmli olacaq».

İntihar
İntihar

İNTİHAR PROBLEM DEYİL, SİMPTOMLARI PROBLEMDİR

«Novoye Vremya» qəzeti son vaxtlar ölkədə tez-tez baş verən intihar hallarına dair «İntihar problem deyil, simptomları problemdir» sərlövhəli məqalə ilə çıxış edir.

Müəllif iyulun 14-də qeydə alınan intihar faktlarını sadalayır, hakimiyyəti bu prosesin qarşısını almağa çağırır: «Bu məsələlər üzərində ilkin olaraq hakimiyyət düşünməlidir, amma cəmiyyət də kənarda qalmamalıdır. Belə hallara bundan sonra da dözüm göstərmək təkcə biabırçılıq deyil, həm də cinayətdir».

Yazıda qeyd olunur ki, intihar «cavanlaşır»: «İntihar statistikası dəhşətlidir, ona görə ki, həyatdan getmək üçün bu üsula ən çox gənclər əl atırlar. Bu, artıq o hadisə deyil ki, intiharı bütün dövlətlər üçün bəla adlandırasan. Cəmiyyətin bu faktlara nəzər yetirmədən, intihara hadisə kimi vərdiş etməsindən dəhşətli nə ola bilər ki?».

Müəllif yazır ki, Azərbaycan kütləvi intihar halları yüksək olan ölkələr sırasında deyil, amma belə davam edərsə, ölkə tezliklə bu siyahıda ola bilər. «Novoye Vremya» hesab edir ki, mənzil problemi, gəlir mənbəyinin olmaması, ailə qura bilməmək, sabahkı günə məyusluq və inamı itirmək intiharın simptomlarıdır.

Qul bazarı
Qul bazarı

«QUL BAZARI»NDA DURAN FƏHLƏ

«Bizim Yol» qəzeti «Qul bazarında duran fəhlə» yazısında işsiz insanların bir günü barədə müzakirə açır.

Müəllif deyir ki, bu adamlar qazanc əldə edə bilmək üçün paytaxtda 5-6 «qul bazarı»ndan biri olan metronun «Xalqlar Dostluğu» stansiyası yaxınlığındakı körpünün altında toplaşırlar. Bura ölkənin müxtəlif rayonlarından gələnlərin toplaşmasını müəllif belə izah edir: «Rayonlarda işsizlik səbəbilə Bakıya üz tutan şəxslər burada çörəkpulu qazanmaqda çətinlik çəkirlər. Günəmuzd işləyən bu şəxslər alın təri ilə qazanılan 15-20 manat üçün hər cür işə razıdırlar, çünki onlardan çörək gözləyən ailələri var».

Müəllif burada müxtəlif yaş kateqoriyalarına aid insanların olduğunu, bu insanların təmir-tikinti işində ixtisaslaşdıqlarını bildirir. Hətta polislər onlara burada durmalarına belə mane olurlar.

Əli adlı fəhlə manatın iki devalvasiyasından sonra ərzağın bahalaşması, ixtisarların genişlənməsi ilə insanların sıxıntılar yaşadığını deyir: «Bundan sonra kimisi intihar etdi, kimisi ölkədən çıxdı, kimisi də fəhlə bazarına üz tutdu. Son zamanlar bura gələnlərin sayı artıb».

Əkrəm Həsənov
Əkrəm Həsənov

BANKLARLA ƏLBİR OLAN KOLLEKTORLARIN «QULDURLUĞU»

«Yeni Müsavat» qəzeti isə «Banklarla əlbir olan kollektorların «quldurluğu»» sərlövhəli məqalədə qanunsuz fəaliyyət göstərən kollektorların işini tənqid edir.

Hüquqşünas Əkrəm Həsənov «Yeni Müsavat»a deyir ki, banklar vaxtı keçən, amma qaytarılmayan kreditləri geri ala bilmək üçün vətəndaşlara «kollektor» adı ilə fəaliyyət göstərən şəxslər vasitəsilə hədə-qorxu gəlirlər. Ə.Həsənov Azərbaycanda kollektorların fəaliyyətinin qanunla tənzimlənmədiyini deyir və bu insanların vətəndaşlara hədə-qorxu gəlməsini «cinayət» adlandırır.

Ə.Həsənov onu da qeyd edir ki, banklar «kollektor» dedikləri qurumlar vasitəsilə müştərinin bank sirrini açmış olurlar, bu isə artıq bank və müştəri münasibətlərinin pozulması deməkdir. O, kredit borcuna görə ölkədə artıq məhkəmə presedentlərinin yarandığını vurğulayır: «Kredit borcuna görə həbslər davam edərsə, nəticələr pis olacaq. İntiharların sayı artacaq, insanların psixoloji durumları pisləşəcək və cəmiyyətdə sosial gərginlik artacaq. Həm də bu, Azərbaycanın beynəlxalq imicinə zərbə olacaq».

XS
SM
MD
LG