Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:35

Fethullah Gulen kimdir?


►Belə görünür ki, indi Erdogan ölkə daxilində Gulen hərəkatını məhv etmək üçün əlindən gələni edəcək

Türkiyədə hərbçilər 1960-cı ildən bəri hakimiyyəti düz üç dəfə devirməyə nail olublar. 1997-ci ildə isə hökuməti istefa verməyə məcbur ediblər. Bəs bu sonuncu çevriliş cəhdi niyə baş tutmadı?

Hadisələrdən dərhal sonra ölkə prezidenti Recep Tayyip Erdogan və yaxın ətrafı baş tutmamış dövlət çevrilişinə görə özlərinin "kölgə hökuməti" adlandırdıqları qüvvələri günahlandırdılar.

Türkiyədə artıq hər kəs bilir ki, bu ifadə işlədilirsə, söhbət ABŞ-ın Pensilvaniya ştatında yaşayan 75 yaşlı dini lider Fethullah Gulen və onun hərəkatından gedir.

Ancaq Türkiyə rəsmi dairələri "kölgə hökuməti"nin adını çəkər-çəkməz Fethullah Gulen mətbuat konfransı keçirərək çevriliş cəhdində hər hansı iştirakını təkzib etdi.

Buna da bax: Fethullah Gulen danışdı: «Çevriliş baş tutsaydı belə...»

"Son əlli ildə bir çox hərbi çevrilişdən əziyyət çəkmiş bir insan olaraq mənim üçün belə bir cəhdlə əlaqəli olmaq ittihamı xüsusilə təhqiredicidir. Mən buna bənzər ittihamları qətiyyətlə rədd edirəm," deyə o bildirib.

Bəs Fethullah Gulen kimdir və Erdogan niyə çevriliş cəhdinə görə məhz onu günahlandırır?

Fethullah Gulen
Fethullah Gulen

Hələ 1999-cu ildən bəri ABŞ-da siyasi mühacir həyatı yaşayan Gülen bir zamanlar Erdoganın müttəfiqi olub və 2002-ci ildə Erdoganın mühafizəkar Ədalət və İnkişaf Partiyasının (AKP) hakimiyyətə gəlməsində çox böyük rol oynayıb. Ancaq bir neçə ildən sonra onların yolları ayrılıb. Bunu hakimiyyəti bölüşdürə bilməmələri ilə də, Erdoganın avtoritar idarəetmə üslubu ilə də əlaqələndirənlər var. Artıq bu ilin may ayında Gulenin hərəkatı Türkiyədə terrorçu təşkilat elan olundu.

İlahiyyatçı Fethullah Gulen hələ 1960-cı illərdə İzmirin əsas məscidində cümə namazlarının imamı olduğu vaxtlardan tanınmağa başlamışdı. 1999-cu ildə o, ölkənin dünyəvi dövlətini təhdid etməkdə ittiham olunur və könüllü siyasi mühacirətə gedir. Sonradan ona qarşı ittihamlara son qoyulsa da o ABŞ-da öz tərkidünya həyatını yaşamağa davam edir. Gülen müsəlman dünyasında ən böyük dini əsaslı vətəndaş təşkilatının rəhbəridir. Onun "Hizmet" ("Xidmət") hərəkatının milyonlarla tərəfdarı olduğu deyilir. Bu hərəkatın 150 ölkədəki ali məktəbə hazırlıq mərkəzlərinin (dershane) sayı 1000-ə çatır.

Buna da bax: 'Gülənin müsahibəsi ANS-i bağlamağa əsas ola bilməz'

İcmaya xidməti mühafizəkar dini dəyətlərlə birləşdirən "Hizmet" hərəkatı əsasən mötədil İslamın tərəfdarı hesab olunur. Ancaq bəzi hökumətlər bu hərəkatda özlərinə qarşı təhlükə görürlər. Belə ki, onun imkanlı biznesmenlər arasında sanballı şəbəkəsi var. Hərəkat öz hazırlıq mərkəzləri vasitəsilə xeyli sayda tələbəni də öz tərəfinə çəkə bilib.

Dershanelər icmanın daxilindəki iş adamları tərəfindən maliyyələşdirilir. Hərəkatı tənqid edənlər deyirlər ki, adətən kasıb ailələrdən olan tələbələri hərəkata cəlb etmək asan olur. Hərəkatın heç bir rəsmi beynəlxalq strukturu, yaxud üzv siyahısı mövcud deyil. Üzvlər sadəcə olaraq Gulenin ictimai xidmət mesajından ilhamlandıqlarına görə birgə çalışdıqlarını deyirlər.

1991-ci ildə müstəqillik qazanmış Orta Asiya respublikaları Gulen məktəblərinə qucaq açsa da, sonradan regionda hökm sürən avtoritar dairələr onların islamçılığı təşviq etdiyini əsas gətirərək bu məktəbləri Gulen hərəkatının əlindən aldı. Ancaq bu hərəkat dünyanın heç yerində Türkiyədəki qadər tənqidə və təzyiqə məruz qalmayıb. Erdogan hökuməti daim Gulen tərəfdarlarını Türkiyənin dövlət qurumları daxilindəki mövqelərindən istifadə edərək hökuməti təhdid etməyə və hakimiyyəti ələ keçirməyə çalışmaqda ittiham edir.

Fethullah Gulen
Fethullah Gulen

Erdogan bundan əvvəl Gulen hərəkatını onun hökumətinə iftira atmaq cəhdlərində ittiham edib. Erdoganın yaxınlarının adlarının hallandığı korrupsiya qalmaqalı ilə bağlı polis araşdırması xüsusilə yaddaqalan olub.

2013-cü ildə ortaya çıxmış bu qalmaqal rəsmi şəxslərin büdcə pullarına qızıl alaraq onu İrana ötürmək hesabına varlandığı barədə ittihamlardan qaynaqlanırdı. Rəsmilərin bunu nüvə proqramına görə beynəlxalq sanksiyalardan əziyyət çəkən Tehrana kömək üçün etdiyi deyilirdi.

Bu qalmaqalın ardınca bir çox prokuror və sözügedən korrupsiya sxemi ilə bağlı araşdırma aparan yüksək vəzifəli şəxslər vəzifələrindən kənarlaşdırıldı. Erdogansa ictimaiyyətə deyirdi ki, bu, Türkiyəni onu dağıtmaq istəyən "qara qüvvələrdən" qorumaq üçün vacibdir. Ötən ilsə Erdogan Gulen hərəkatına aid məktəbləri onun əlindən alaraq onlara hökumət nəzarətçilərinin təyin edilməsinə nail oldu.

Bu baş tutmamış dövlət çevrilişindən sonra belə görünür ki, Erdogan ölkə daxilində Gulen hərəkatını məhv etmək üçün əlindən gələni edəcək. Türkiyə silahlı qüvvələrinin rəisi vəifəsini icra edən Umit Dundar iyulun 16-da verdiyi bəyanatda bildirib ki, hərbçilər öz sıralarını "paralel yapının" üzvlərindən təmizləməkdə qərarlıdır. Baş nazir Binali Yildirim isə iyulun 16-da jurnalistlərə deyib ki, Fethullah Gulenə yer verən hər hansı ölkə Türkiyənin dostu olmayacaq. O xüsusi olaraq ABŞ-ın adını çəkməyib. Ancaq artıq bundan əvvəl rəsmi Ankara ABŞ-ın Güleni ekstradisiya edəcəyinə ümid ifadə etmişdi.

Yildirim həmçinin dolayı yolla Vaşinqtonu Ankaranın Gulenlə bağlı narahatlığını bundan əvvəl anlamamaqda ittiham edib. "Bu bizə baha başa gəldi," deyə o əlavə edib. Vaşinqton hələ ki, bu dolayı tənqidə cavab verməyib.

Buna da bax: Gülən çevriliş cəhdi ilə bağlı ittihamlara münasibət bildirir- BRİFİNQ

XS
SM
MD
LG