Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:32

'Ətrafımızda otellər tikiblər, ancaq əhaliyə su vermirlər'


Illüstrasiya
Illüstrasiya

►“Özümüz xətt çəkmişik, niyə su yoxdur?”

“Yığışıb deputatımıza üz tutduq, o da Bayıldakı NQÇİ-yə (Neft-Qaz Çıxarma İdarəsi) müraciət elədi, idarənin həyətindən məhəlləmizə su çəkməyə razılıq aldı. 10 qonşu yığışıb pul toplayıb gərəkən ləvazimatları aldıq, NQÇİ-nin həyətindən su çəkdik”.

Bayıl qəsəbəsi, G.Əliyev küçəsində (Bayıl bazarı deyilən ərazinin yaxınlığı) yaşayan sakinlər AzadlıqRadiosunun “Qaynar xətt”inə danışırlar.

Onlar bildirirlər ki, 4-cü ildir yaxınlıqdakı idarənin həyətindən su çəkdiriblər, ancaq bu da onların su tələbatını ödəməyib. Əvvəlki kimi, suyu yenə maşınla alırlar. Məhluqə Süleymanova deyir, 4 il əvvəl su çəkdirəndə problemin kökündən həll olunduğunu düşünmüşdü:

“ÇARƏ ETMİRLƏR”

“Biz susuzluqdan çox əziyyətlər çəkmişik. Uzun illər bizə vəsaitin, pulun yoxluğunu səbəb gətirib su çəkməkdən imtina etdilər. Biz də nəhayət, su xəttini özümüz həll etdik. Əvvəllər həm səhər, həm də axşam normal təzyiqlə gəlirdi. Bu ilin aprelindən yenə su yoxdur. Belə çıxır ki, azı 10 ailə pulu boş yerə xərcləyib. Bu yaxınlarda icra hakimiyyətinə getdik, dedik, “indi ki, özümüz xətt çəkmişik, niyə su yoxdur? Su olmayacaqdısa, niyə boşuna pul xərclədik?” Bizimlə kobud davrandılar, dedilər, “nə yığışmısınız, səsinizi başınıza atmısınız?” Bizi oradan demək olar ki, qovdular”.

Buna da bax: 'Suraxanının icra başçısı əlilləri işsiz qoyub'

Ərazidə yaşayan Cavanşir Həsənov:

“Bu əraziyə su “Şanxay”, Ceyranbatan, Kür xətləri ilə gəlir. Hamısı da eyni vəziyyətdədir. Ətrafda bulvar salırlar, bahalı otellər tikirlər, gəl ki, əhali susuzluqdan əziyyət çəkir. Nə su idarəsi, nə icra hakimiyyəti bir çarə etmir. Dövlət bizim üçün su çəkməkdənsə, özümüz kasıb canımızla dövlətə kömək eləyib su xətlərimizi çəkmişik. Bəs niyə su vermirlər?”

“NASOS QOŞUBLAR”

Səbail rayon icra hakimiyyəti günahı elə sakinlərin özlərində görür. Qurumdan “Qaynar xətt”ə bildirilib ki, problemi yaradan əsas səbəblərdən biri, adamların su xətlərinə su nasosu qoşmasıdır:

“Baxış keçirilib, məlum olub ki, bir qonşu su xəttinə nasos qoşub, nəticədə ondan o tərəfə yaşayan qonşuya su gedib çatmır. Üstəlik də, yay fəslində su çatışmazlığı həmişə yaşanır. Çünki yayda suya daha çox tələbat olur – istər məişətdə, istərsə də təsərrüfatda...”.

Məhluqə Süleymanova deyir, həqiqətən də qonşular su xətlərinə su nasosu qoşublar. Ancaq bunu çarəsizlikdən ediblər. “Su normasında axsa, su nasosuna da ehtiyac qalmaz”, deyir sakin.

XS
SM
MD
LG