Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:46

Nasist lideri Himmler gündəliklərində nədən yazırdı


Heinrich Himmler
Heinrich Himmler

-

“Himmler hər gecə filmlərə baxırmış, məsəlçün 1943-cü ilin fevralında o Leninqradın blokadasına həsr olunmuş İsveç filminə və Suvorov polku haqda sovet filmlərinə baxıb. Filmdən sonra hər gecə saat 2-də Himmler yatmağa yollanırmış”

Alman alimləri Himmlerin gündəliklərini aşkarlayıblar

"Deutsch Welle" xəbər verir ki, bu yaxınlarda Heinrich Himmler-in uzun müddət itmiş hesab olunan gündəlikləri aşkarlanıb. Sən demə “üçüncü reyxin” əsas simalarından və Holokostun təşkilatçılarındna biri Himmler şəxsi həyatda özünə korluq vermirmiş. O filmə baxmağı çox sevər, tez-tez sevimli qızına hədiyyələr göndərər, arvadı və məşuqəsiylə mehriban münasibət saxlayarmış.

SS reyxsfüreri və ikinci dünya müharibəsi illərində konslagerlərin yaradıcısı Heinrich Himmlerin xidməti gündəliyinin 1938, 1943 və 1944-cü ilə aid itmiş səhifələri hələ 2013-cü ildə Rusiya Müdafiə Nazirliyinin Podolskdakı mərkəzi arxivindən tapılıb. Onun tədqiqi ilə Moskvadakı Alman tarixi institutu məşğul olur. Tədqiqatçılar Himmlerin qeydləri haqda ancaq indi məlumat verirlər.

Alimlər Himmlerin gündəlik həyatı, görüşdüyü adamlar, axşamlar baxdığı filmlər haqda danışıblar. Sən demə Himmler gündüzlər nümunəvi ailə başçısı kimi yaşayır, arvadı və qızını Mammi və Pyuppi adı ilə əzizləyir, axşamalr isə milyonlarla insanın qətlinə fərman verirmiş.

Buna da bax: "Düşərgə yatağı"

“Gündəliklərdən belə görünür ki, “üçüncü reyxin” ən önəmli simalarından olan Himmler işğal siyasəti, yəhudilərin məhvi, terrorun və nasist Almaniyasının möhkəmlənməsi yolunda mühüm qərarların müəllifi olub. O əlindən gəldiyi qədər hər şeyi nəzarətdə saxlamağa və ən kiçik detallarına qədər düşünüb planlaşdırmağa çalışırdı” – deyə bu haqda Himmlerin gündəliklərini araşdıran Matthias Uhl danışır. Onun sözlərinə görə Himmler Osvensim, Sobibor və Buhenvald ölüm düşərgələrinə şəxsən səfər edirmiş.

Heinrich Himmler müharibə əsirlərinə baş çəkir.
Heinrich Himmler müharibə əsirlərinə baş çəkir.

Qeydlərindən belə görünür ki, SS reyxsfürerinin kütləvi qətllərdə iştirakı onun həyatının hüzuruna zərrəcə də təsir etmirmiş. Tapılmış sənədlərdən belə görünür ki, Himmler hər səhər saat 10-da oyanar, yarım saatlığa səhər yeməyini yeyərmiş. Bundan sonra ya onun isveçli masajçısı ya da katibi Rudolf Brandt qəbuluna gələr, həmin günki planları haqda məlumat verərmiş.

Hər gün günorta saat 12-də nahar vaxtı Himmler müxtəlif adamlarla birgə yemək yeyərmiş. Hər gün 18:00-da isə Alman ordusunun zabit və generallarını qəbul edərmiş. 20:00-da axşam iclasından sonra Himmler filmə baxmağa yollanarmış. “Himmler hər gecə filmlərə baxırmış, məsəlçün 1943-cü ilin fevralında o Leninqradın blokadasına həsr olunmuş İsveç filminə və Svorov polku haqda sovet filmlərinə baxıb. Filmdən sonra hər gecə saat 2-də Himmler yatmağa yollanırmış” – deyə Matthias Ulm bildirir.

Buna da bax: «Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu»

Alimlər Himmlerin qısa müddətdə özü üçün qurduğu nasist şəbəkəsinin böyüklüyünə təəccüb edirlər. “Onun şəbəkəsinə iki ilə iki mindən çox partiya funksiyaneri, siyasətçi, hərbçi, iş adamı daxil olmuş və hamısı birliklə Himmlerin planlarını gerçəkləşdirmək üçün çalışırdı”. – Matthias Ulm deyir. “Bəzən bir günə onun 19-a qədər görüşü olurdu”.

Bütün bu gərgin iş qrafikinin içində Himmler ailəsinə də diqqət ayırır, arvadı Marqaretlə gözəl münasibətdə olub, hələ bir tez-tez baş çəkdiyi məşuqəsi də ortaya çıxıb. O kiçik qızı Hudruna böyük mehribanlıqla yanaşırmış, həftədə bir dəfə ona zəng edər, mütəmadi olaraq hədiyyələr, şokoladlar, şirniyyat və kitablar yollarmış.

XS
SM
MD
LG