Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:45

'Ərdoğan hakimiyyəti bölüşməyə nifrət edir'


Erdogan və Putin barışdı (Karikatura)
Erdogan və Putin barışdı (Karikatura)

►"Gülənin hərəkatı çox ikiüzlü bir təşkilatdır. Onların rəsmi məqsədləri çox gözəl səslənir.

Onun dediyinə görə, demokratiya və islamın qaydaları 97% üst-üstə düşür, 3%-ə görə isə döyüşməyin mənası yoxdur.

Ancaq bəlli deyil, hakimiyyətə gələndə onlar bu prinsiplə hərəkət edəcəklərmi?"

Nəyə görə xarici mətbuat yazdığı kimi Türkiyə siyasətində hər şey birmənalı deyil?

Mustafa Kamaloğlu (ad şərtidir) türk alimidir, Avropa Birliyinə daxil olan ölkələrin birində yaşayır. Hərbi çevriliş zamanı o, ailəsiylə birgə İstanbulda tətildə olub. Digərlərindən fərqli olaraq, Mustafanın bəxti daha çox gətirib: atışma zamanı xəsarət almayıb, baş verən olaylardan sonra da Avropaya geri dönməyə nail olub. Azadlıq Radiosunun Rusiya xidmətinə verdiyi müsahibədə o, Gülənlə Ərdoğanın hansı səbəbdən dalaşdığı, müxalifətçilərin hərbçiləri niyə dəstəkləmədiyi, həbs siyahısının kim tərəfindən hazırlandığı haqda danışıb. ​

- Hərbi çevriliş baş verərkən Türkiyədə idiniz?

- Bəli. Biz Avropaya 3 ay əvvəl köçmüşük, Türkiyəyə isə yay tətilinə gəlmişdik. Nə baş verdiyini öyrənən kimi dərhal istirahətimizi dayandırıb geri döndük.

- Uçuşdan öncə narahat idiniz?

- Bir az. Sərhədçilər adi halda tələb edilməyən bir neçə sənədi təqdim etməyimizi istədilər. Belə sənədlərdən bir neçəsi üzərmizdə idi. Misal üçün, sosial ödənişlərimizi təsdiq edən qəbz kimi sənədlər. Müəyyən vaxt öncə Türkiyə Elmlər Akademiyasında çalışırdım. Lakin sərhədçilərin verdiyi sualları eşitdikcə bunu onlara bildirməmək qərarına gəldim.

- O zaman uçuşunuz demək olar ki, sakit olub?

- Bəli, hərbi çevrilişdən 3 gün sonra oranı tərk etdik. Yoxlanışın ilk günləri olduğundan elə ciddi sorğu-sual yox idi.

- Səhv etmirəmsə, ölkədən çıxış məhdudiyyətini siz artıq hava limanında olarkən bilmisiniz.

- Bəli, hava limanında uzun növbələrin olduğunu gözləyirdik, ona görə uçuşdan 5 saat əvvəl ora getdik. Ancaq hava limanı boş idi. Çox tez bir zamanda pasport nəzarətini keçdik, yoxlamadan 2 saat sonra artıq gözləmə zalında olarkən internetdən oxuduq ki, alimlərin ölkədən çıxışına qadağa qoyulub. Xoşbəxtlikdən təyyarəyə minərkən bizi saxlayan olmadı.

- Türk alimlərinin və ya elmi işçilərin ölkəni tərk etməsinə qoyulan qadağanı gözləyirdiniz?

- Yox, hər şeyin bu şəkildə olacağına inanmazdım. Mən elə düşünürdüm ki, bu söhbət ordudakı həbslərlə də yekunlaşacaq. Lakin iqtidar, Ədalət və İnkişaf Partiyası (AKP) Gülən hərəkatının islamçılarına o qədər nifrət edir ki, hər yerdə onun agentlərini axtarırlar. Bu ancaq elm işçilərinə qarşı tətbiq edilməyib. Ərdoğan bütün hakimiyyət orqanlarını Gülənin tərəfdarlarından təmizləmək istəyir. Məmurlar, prokurorlar, hakimlər – dövlətə işləyən hər bir kəs bura daxildir. Alimlər niyə bu siyahıya düşüblər onu bilmirəm. Onlar dövlətin düzənini sıradan çıxara bilməzlər axı. Ordunu və ya məhkəmələri niyə təmizlədiklərini anlamaq olar, çünki onlar hər hansı bir ideologiyadan asılı ola bilməzlər, onlar yalnız konstitusiya ilə hərəkət etməlidirlər. Alimlərin siyasi mövqeləri, fikirləri isə heç kimə ziyan gətirə bilməz. Demək olar ki, Gülənin adamları Elmlər Akademiyasına və ya universitetlərə işə götürülənlərə diqqət edirdi, lakin belə bir dəstəbazlıq Türkiyədə tez-tez rast gəlinən bir haldır. Bu yeni bir şey deyil. İstənilən ictimai qrupun nümayəndələri “özününküləri” işə götürməyə çalışırlar. İstənilən halda Ərdoğan xüsusilə elm adamlarını hədəfə götürüb desək, bu böyük bir mübaliğə olar.

Buna da bax: Gizli diplomatiya Türk-Rus böhranını belə bitirdi

- Ola bilər ki, xarici mətbuat bir az təhrif edib, lakin məlumatlar yayılmışdı ki, alimlərin ölkəni tərk etməsi qadağan olunub.

- Yox, ancaq alimlər deyil. Bütün dövlət işçilərinə aiddir bu.

- Alimlər də Türkiyədə dövlət işçiləri hesab edilirlər?

- Bəli, indi heç dövlət işlərində çalışmayanları da buraxmırlar ölkədən. Ola bilər ki, hazırda onlar hər hansı bir təhsil müəssisəsində çalışanları da hansısa mənada dövlət işçisi hesab edirlər. Çünki onlar da dövlətin qanunları ilə çalışırlar və məzunlara dövlət diplomu verirlər. Bilmirəm niyə belə edirlər.

Türkiyədə çevriliş cəhdindən sonrakı həbslər. 20 iyul
Türkiyədə çevriliş cəhdindən sonrakı həbslər. 20 iyul

- İstanbulda indi nə baş veridyini bilirsiniz?

- Yaxşı bir şey yoxdur. Qızımın rəfiqəsi sərhədi keçərkən ciddi yoxlamadan keçib. Səbəb odur ki, nə vaxtsa valideynləri xaricdə işləyərkən o, Gülənin məktəblərindən birində təhsil alıb. Hansı ki, Türkiyə səfirliyi özü bu məktəbi qızın valideynlərinə tövsiyə edib. Ancaq yenə də qızı sərhəddən buraxıblar. Biz orada kosmopolit bir ərazidə, katolik kilsəsi, erməni kilsəsi, sinaqoq olan bir ərazidə yaşayırdıq. Həmin ərazidə çoxlu barlar da vardı. Axşamlar adətən hamı bu barlarda əylənər, içib rəqs edərdilər. Bizim tanışlarımız indi danışırlar ki, çevriliş cəhdindən sonra indi həmin barlara aqressiv islamçılar gedib, barda istirahət edənləri "islam qaydalarına riayət etmədiklərinə görə" döyürlər. Bir çox bar artıq fəaliyyətini dayandırıb, çünki problem istəmirlər.

- Polis onları müdafiə etmir?

- Təbii ki, yox. Ərdoğana qarşı etirazlar olanda orada əllərində dəyənək və gözyaşardcı qaz olan minlərlə polis vardı. İndi isə heç kim yoxdu.

- Hərbi çevrilişə sizin ilk reaksiyasınız necə oldu?

- İlk olaraq, bu olayın məzəli bir çevriliş olduğunu düşündüm. Öncədən aydın idi ki, bu çevriliş uğursuz olacaq, çox kiçik bir qrup hərbçi hakimiyyəti devirmək istəyir, onlar bunu bacarsalar belə, bütün ölkəni nəzarət altına götürə bilməyəcəkdilər. Onların hərəkətlərində də heç bir məntiq yox idi. Bosfordan keçən körpünü bağladılar, lakin hakimiyyətin bir üzvünü belə həbs etmədilər. Nazirlər, baş nazir, prezident sərbəst şəkildə KİV-də çıxış edirdilər. Bu çox qəribə idi, çünki cevriliş zamanı ilk olaraq elə həmin adamları həbs edirlər. Ya da ki, ordunun əsas fiqurlarından dərhal sonra onları həbs edirlər, təbii, əgər ordu özü çevrilişdə iştirak etmirsə. Bu, çox gülünc idi: dövlət televiziya kanalında aparıcı canlı yayımda çevriliş haqda xəbər verir, ekranda alt yazılarda isə baş nazirin ölkədə işsizlik haqqında bəyanatı yayımlanır. Bu qəsdçilər özlərini çox qeyri-peşəkar göstərdilər.

- Bir çoxları deyir ki, hərbi çevriliş Ərdoğanın özü tərəfindən səhnələşdirilmişdi. Britaniya agentliyi tərəfindən ictimai fikri öyrənməklə bağlı keçirilən sorğunun nəticələrinə görə, əhalinin 32%-i buna inanır. Hesab edirsiniz ki, bu mümkündür?

- İnanmıram ki, o, buna risk edərdi. Gec ya tez bunun üstü açılardı. Lakin hakimiyyətin bu çevriliş haqqında xəbərsiz olduğuna da inanmıram. Çox ehtimal ki, onlar bundan xəbərdar idilər, onlar bu cəhdin baş tutmasına izn verdilər ki, onun qarşısını da asanlıqla ala bilsinlər. Sonra isə bu bəhanəylə Gülənə sadiq kadrları da dövlətdən kənarlaşdıracaqlar. Əhalinin müəyyən hissəsinin isə bunun səhnələşdiriliyini düşünməsi Ərdoğana olan inamsızlıqdan irəli gəlir. Heç bir şeydə ona qətiyyən inanmırlar.

- Cümhuriyyət qəzetində belə bir qeyd vardı ki, Ərdoğan orduda böyük bir “təmizləmə” əməliyyatı aparacaq. Hərbçilər də bunu ən son anda biliblər, qarşıda dayanan təmizləmə günündən bir gün öncə. Hərbi çevriliş də guya ki, bunun qarşısını almağa bir cəhd idi. Bu versiya haqqında nə düşünürsünüz?

- Türkiyə hakimiyyəti hər il, avqust ayında orduda təmizləmə aparır. Ərdoğana qədər ordu kifayət qədər dünyəvi, sekulyar olmayan zabitləri kənarlaşdırırdı. Ərdoğan hakimiyyətə gələndə isə, o bu prosesi dayandırdı və bununla da müsəlman zabitlərin sayı artmağa başladı. Sonra əvvəlcə sakit şəkildə, daha sonra isə açıq şəkildə sekulyar zabitləri ordudan kənarlaşdırmağa başladılar. Son 2-3 il ərzində hakimiyyətin mövqeyi dəyişdi. Anladılar ki, gülənçilər onların vasitəsilə hakimiyyətin bütün orqanlarında yer alıblar – məhkəmədə, orduda və s. Ona görə hamıya məlum idi ki, bu avqustda bir çox gülənçilər ordudan uzaqlaşdırılacaq. Ola bilər ki, tutduğu vəzifədən azad edilənlərin 70%-i həqiqətən də gülənçi idilər, digərlərini isə sadəcə şübhələndiklərinə görə, bayıra atacaqdılar. Hərbiçilərin bu haqda ən son anda xəbər tutduqlarını demək düzgün olmaz. Bu hər ilin avqust ayında mütəmadi şəkildə keçirilən bir prosesdir.

Buna da bax: Erdoğanla Putinin yaxınlaşması Əliyev üçün pis xəbərdir

- Ərdoğanın özü necə, dindardır?

- Dindar olmalıdır, axı o dindar bir partiyaya başçılıq edir. Onun dindarlığının nə qədər səmimi olduğunu bilmirəm. Bunu demək mənim üçün çətindir – özüm aqnostik və ateistəm. Onlar üçün ənənələr daha vacibdir. Onları ənənəvi dindar ailəsində tərbiyə aldıqlarından müəyyən həyat obrazına öyrəşdiriliblər. Ərdoğan dini öz mənfəəti üçün istifadə edir ki, seçkilərdə dəstək alsın. O praqmatikdir. Deyə bilmərəm ki, o, müsəlman deyil, amma məncə onu öz maraqları daha çox narahat edir.

- Avropada və dünyada bir çoxları təəccüblənirlər ki, faktiki olaraq Türkiyədə heç kim bu çevrilişi dəstəkləmədi. Müxalif partiyalar, Ərdoğana qarşı etirazlara qoşulan insanlardan dəstək gəlmədi. Hərbçilər də nəcib şeylər söz verirdilər: demokratiyanı və dünyəvi dövləti bərqərar etmək.

- Çünki türklər artıq bu çevrilişlərdən təngə gəliblər. Məncə, ən ideal çevriliş 1960-cı ildə olub. O zaman hərbçilər həqiqətən də demokratik konstitusiyanı tətbiq etmək istəyirdilər. Ancaq o vaxtdan sonra hər şey korlandı. Son iki çevriliş (sonuncunu hesaba almasaq) həqiqətən demokratik sosialist hökuməti devirdilər. Bu olaylar islamçılar vasitəsilə baş vermişdi, baxmayaraq ki, onlar sekulyar və Atatürk ideyalarının müdafə etdiklərini söyləyirdilər. Onlar sağçı idilər. Deyə bilmərəm ki, faşist idilər, lakin bəzi faşist şeylər də edirdilər. Və bu çevrilişlərdən sonra həmişə islamçılar yox, demokratik və sosial baxışlı insanlar izlənilirdi. İnsanlar az da olsa inanırlar ki, ordu sekulyar olaraq qalır, lakin artıq orduya da etibar etmirlər. Türkiyədə artıq uzun zamandır ki, heçkim çevriliş istəmir, çünki heç kim hərbi çevrilişdən sonra baş verən olayları sevmir.

- Avropada bir çoxları düşünür ki, Ərdoğan çevrilişə qədər də Putin kimi bir diktatordur. Bu belədir?

- Diktatura nə deməkdir? Diktatoru seçkilərlə dəyişmək olmur. Ən azından ümid edirik ki, Ərdoğanı demokratik yolla dəyişmək mümkündür. Lakin o hər şeyi öz nəzarəti altına alıb – demokratik sistemdə isə belə bir şey olmamalıdır. O, məhkəmələri, məmurları, parlamenti nəzarət altında saxlayır və heç kimin də fikrini dinləmir. Əhalinin 50%-i ona səs verir, digər 50%-i isə o, vecinə almır. Deyə bilmərəm ki, o, diktatordur, lakin o, totalitardır – anlamır ki, demokratiya yalnız çoxluğun hakimiyyəti deyil. Demokratik sistemdə hər hansı bir qərar verilərkən parlamentdə hər bir fikir, mövqe nəzərə alınmalıdır. Ərdoğan isə bunu anlamır. İş orasındadır ki, o, heç öz tərəfdaşlarının da fikirlərin məhəl qoymur. Onun sistemində yalnız öz fikri önəm daşıyır, bütün ölkə yalnız onun fikri ilə idarə edilməlidir. Ərdoğan özündən başqa heç kimi vecinə almır. Buradan isə diktaturaya yalnız bir addım qalır.

- Ərdoğan deyir ki, çevrilişin arxasında dayanan Güləndir. Siz buna inanırsınız?

- Çevrilişi təşkil edən hərbçilər düşünürəm ki, Gülənin tərəfdarlarıdırlar. Ancaq belə işlər təkbaşına edilmir. Onlar yəqin ki, daxili və xarici qüvvələrin dəstəyinə güvənirdilər. Bunun arxasında dayananın isə kim olduğunu deyə bilmərəm.

- Eşitmişdim ki, əvvəllər Ərdoğanla Gülən dost imişlər. Onların arasında nə baş verib ki indi yolları ayırılıb?

- Demək olmaz ki, onlar dost idilər. Onlar müttəfiq idilər və türk aparıcı sinfinin üzvlərini dəyişmək istəyirdilər. Ərdoğan hakimiyyətindən öncə hakimiyyət orqanlarının böyük hissəsini “kamalçı” adlanan sekulyar adamlar təşkil edirdi. Demək olmaz ki, bu monolit bir axın (hərəkat) idi, orada müxtəlif axınlar mövcud idi, ancaq əsasən həmin insanlar dünyəvi, Qərbyönmlü idilər. Ərdoğan və Gülən də bunu dəyişmək istəyən partnyor olublar. AKP-yə sekulyar düşüncəli işçiləri əvəz etmək üçün kadrlar lazım idi, Təhsil – gülənçilərin proqramının əsas hissəsidir. AKP hakimiyyətə gələndə hər yerə Gülənin adamlarını təyin etməyə başladı, çünki AKP-nin kifayət qədər kadrı yox idi. Gülən Ərdoğan hakimiyyətinin bütün hərəkətlərini dəstəkləyirdi. Ərdoğan məhkəmə və ordunu təmizləyəndə, işdən azad olunanların yerinə gülənçilər göndərilirdi. Məncə dönüş nöqtəsi məktəblərlə bağlı oldu... Bu məktəblər attestat verən əls məktəblər deyildi. Bu müəssisələr əsasən tələbələri universitet və yaxşı kollec imtahanlarına hazırlaşdırır. Türkiyədə ali məktəbə daxil olmaq üçün ümumi bir imtahan vermək lazımdır. Lakin dövlət məktəblərində təhsilin səviyyəsi çox aşağı olduğundan siyasi mövqeyindən asılı olmayaraq, bütün valideynlər uşaqlarını bu tədris mərkəzlərinə göndərirdilər. Bu tədris mərkəzlərinin ən yaxşıları isə Gülən hərəkatına məxsusdur. Onlar hərəkatın əsas rekrutinq mərkəzi sayılırlar. Orada tələbələri çox yüksək səviyyədə imtahanlara hazırlayırlar, aztəminatlı ailələdən olan tələbələrə təqaüd verirlər, və beləliklə də insanları özlərinə cəlb edirlər. Ərdoğan 3 il əvvəl əmr etdi ki, bu məktəblər bağlanmalı və ya adi dövlət tədris ocaqlarına dəyişdirilməlidirlər. Onun bu addımı çox güman ki, Gülən hərəkatının bazasını dağıtmaq istəyi idi. Bu isə Gülənə ciddi bir zərbə oldu. Bundan dərhal sonra Ərdoğanın ətrafında baş verən korrupsiya hallarından, gizli telefon danışıqları və s. sızmağa başladı. Təbii ki, AKP tərəfdaşları bu korrupsiya hallarına inanmadılar. Biz inandıq, çünki əvvəl də bunun olduğundan şübhələnirdik. Düşünürəm ki, bu söhbətlərin bir çox hissəsi həqiqətdir. Bu sızmalar yalnız Gülənin adamlarından çıxa bilərdi, çünki yalnız onlar bu söhbətləri dinləyə bilərdilər. Bundan sonra da Ərdoğan və Gülən ittifaqı dağıldı. Ərdoğan öz ampluasında Gülənin adamlarını hakimiyyətdən təmizləməyə çalışırdı. Bəzilərini xaric etməyə nail də oldu, amma o, yenə də kimin Gülənin adamı olduğunu bilmirdi. Bu çevriliş cəhdi də Ərdoğana hakimiyyətdən bütün gülənçiləri götürmək üçün əla fürsət yaratdı.

Buna da bax: Ruslar Erdoğan haqqında: Barışmaq olar, inanmaq yox...

- Ərdoğan niyə birdən birə Gülən məktəblərini bağlamağa qərar verdi?

- O, tək lider olmadığını həzm edə bilmirdi. Ərdoğan hakimiyyəti paylaşmağa nifrət edir. Sultan kimi ancaq öz ürəyi nə istəyir onu verməyi sevir. Buna baxmayaraq, düşünmürəm ki, gülənçilər hakimiyyətdə qalmalı idilər. Mənə görə, Türkiyədə əsl demokratiyanın olmasını istəyiriksə, onları dövlət orqanlarından təmizləmək lazımdır. Ancaq inanmıram ki, AKP bunu bacara, çünki onların təmizləmə prosesində yalnız günahsızlar əziyyət çəkir. Ola bilər ki, bu hakimiyyəti gülənçilərdən təmizləməyin yeganə yoludur, lakin daha sonra nə olacaq? AKP-nin kifayət qədər ixtisaslı kadrları yoxdur ki, boşalan yerlərə yeni kadrlar təyin etsin. Ərdoğan əgər bu yerlərə öz adamlarını deyil, peşəkar kadrlar təyin edərsə, biz demokratik yolla gedəcəyik. Lakin o, demokrat deyil, ona görə də bu yolu seçəcəyinə də şübhə ilə yanaşıram.

Fethullah Gulen
Fethullah Gulen

- Gülənin proqramı, ideologiyası, məqsəd və hədəfləri nədir?

- Bildiyim qədərilə Gülənin hərəkatı çox ikiüzlü bir təşkilatdır. Onların rəsmi məqsədləri çox gözəl səslənir. Onun dediyinə görə, demokratiya və islamın qaydaları 97% üst-üstə düşür, 3%-ə görə isə döyüşməyin mənası yoxdur. Ancaq bəlli deyil, hakimiyyətə gələndə onlar bu prinsiplə hərəkət edəcəklərmi? Əmin deyiləm. Sözlərilə adətən hamını, hətta qeyri-dindarları da öz tərəflərinə cəlb edirlər, lakin realda tamam fəqrli addımlar atırlar. 2006-cı ildə guya onlara qarşı sui-qəsd hazırlayırlar iddası ilə gülənçilər minlərlə sekulyarı həbs etdilər. Və bütün siyasi rəqiblərini bu iddia ilə “sui-qəsdçilərin” siyahısına daxil etdilər. Həmin insanlar Gülənlə Ərdoğan arasında baş verən narazılıqlar yaranana qədər həbsdə qaldılar. 2006-cı ildə özləri təmizləmə aparırdılar, indi isə Ərdoğanın təmizləmə siyasətindən narazıdırlar. Əvvəllər də belə proseslər olub, sadəcə bu, daha sakit şəkildə aparılırdı. Türkiyədə ümumən bu proses onilliklərlə aparılır, sadəcə hesabla bu sonuncudur.

- Eşitdiyimə görə, ixtisasınıza uyğun Türkiyədə iş tapa bilmirdiniz. Səbəb isə kifayət qədər dindar olmamağınızdır. Bu həqiqətən də belə olub?

- Bu iş elə də asan deyil. Türkiyədə qohumbazlıq çox geniş yayılıb. Yaxşı bir işə düzəlmək üçün sənin yaxşı əlaqələrin olmalıdır. Bu kamalçılar da ola bilər, dindar qrup da – fərq etməz. Son 10 ildə AKP elə bir şərait yaratdı ki, universitetlər yeni iş yerləri yarada bilmirdilər. Bu qadağan edilmişdi, maddi vəsait verilmirdi. Gülən hərəkatı üçün isə bu işdə heç bir məhdudiyyət qoyulmurdu. Onlar bir neçə yeni universitetlər açıb, oranı dindar işçilərlə doldurdular. Deyə bilmərəm ki, onların hamısı gülənçidirlər, lakin siyasi baxışları çox oxşardır. Onlardan biri deyiləm, onlar da sekuyarlara iş vermirlər. AKP hakimiyyətdə olmsaydı belə, sənin yaxşı əlaqələrin olmalıdır ki, yaxşı iş də tapa biləsən. Bu yolla elm müəssisələrində bir çox yerlər bacarıqsız kadrlarla doldurulub. Son zamanlar isə işə yalnız dindar adamlar götürülür. Mənim belə bir iş müsahibəm olmuşdu. Universitetlərin birində rektor məndən soruşdu ki, Avropada oxuyan zaman məsciddə olmuşammı. Təsəvvür edə bilirsiniz, təbii-elmlər fakültəsi rəhbəri vəzifəsinə götürülən adama belə bir sual versinlər?Zarafat etdim ki, məsciddə yalnız bir-iki dəfə olmuşam, o da dəfn mərasimlərində. Bununla da söhbət bitdi, rektorun baxışlarından anladım ki, bu vəzifəyə təyin olmağımda şanslarım sıfra bərabərdir. Müəyyən müddət sonra mənə dedilər ki, adım qara siyahıya düşüb. Çətin ki, bundan sonra Türkiyədə ixtisasıma görə yaxşı iş tapa bilim.

- Çevrilişlə bağlı öz təssüratlarınız necədir? Öz gözlərinizlə nəyi görə bildiniz?

- Təlaş. Nə baş verdiyini heç kim anlamırdı. Hamı qorxurdu ki, banklar fəaliyyətini dayandıracaq və hər şey öz düzəninə düşüncəyə qədər yaşamağa pulları olmayacaq. Çevrilişdən xəbər tutan kimi ilk işimiz geri Avropaya bilet almaq oldu. Sonra hava limanına taksiyə pulumuzun çatmayacağından qorxub, nəğd pul çıxartmağa getdik. Bankomata çatdığımızda bütün şəhəri orada görmüş olduq. Sonu görünməyən növbələr vardı. Anladıq ki, orada dayanıb gözləmək mənasızdır. Hamı çevrilişə qarşı idi, bunu təşkil edənin də kim olduğunu heç kim bilmirdi.

Buna da bax: Gülen hərəkatını boğmaq Azərbaycana nə qazandırır

- Ərdoğanın demokratiyanın ordudan müdafisəi ilə bağlı çağırışıyla dost-tanışlarınızdan küçəyə çıxan oldu?

- Tanışlarımdan heç kim getmədi, çünki Ərdoğana inanmırlar. Bundan əlavə, bu məsuliyyətsiz bir çağırış idi. O, insanları onu, Ərdoğanı müdafiə etmək üçün küçələrə çağırırdı, bəs küçəyə çıxanları kim müdafiə edirdi? Bir çox insan öldürüldü, yaralandı. Qurbanların sayı daha çox ola bilərdi – hamısı isə tək onun hakimiyyətdə qalmasından ötrü. Ölkəni çevrilişdən bu xilas etdimi? Bilmirəm. Məncə, çevriliş o qədər qeyri-peşəkar hazırlanmışdı ki, istənilən halda o uğursuzluqla nəticələnəcəkdi. Ümumən, bu çox qəribə bir çeviriliş idi. Əgər mən hərbçi olsaydım, körpünü bağlamaq yox, ilk növbədə hakimiyyət nümayəndələrini həbs edərdim. Həm də körpü də yalnız bir tərəfdən bağlanmışdı. Digər tərəfindən hərəkət vardı. Bunu necə başa düşək? Bundan başqa, hərbi texnika şəhər kənarında yerləşir. Tankların İstanbulun mərkəzinə gəlməyi üçün onlarla kilometr yolu qət etməlidirlər. Xüsusi orqanlar necə olub ki, bunu görməyiblər? Bu məqamlar çox şübhəlidir. Təbii, düşünmək olar ki, bu hərbçilər kamikadze idilər. Ancaq kamikadzelərin məqsədi olur. Onlar məqsədlərindəki obyektə tərəf gedirlər ki, onu məhv etsinlər. Bəs bu qiyamçıların hədəfi nə idi? Heç nə?

- Necə düşünürsünüz bundan sonra hadisələr necə davam edəcək?

- İndi Türkiyənin əsl Qərbə istiqamətlənmiş demokratik ölkə yaratmağa çox gözəl şansı var. Hazırda Ərdoğanın gülənçilərdən təmizlədiyi yerləri kadlarla təmin etməyə imkanı yoxdur. O yenidən nə vaxtsa işdən çıxardığı və həbs etdiyi sekulyarları geri çağırmalı olacaq.

- Oxumuşam ki, bu hal artıq orduda baş verir. 2006-cı ildə “Çəkic” əməliyyatı zamanı istefaya göndərilən hərbçilərə indi yuxarı vəzifələr təklif edirlər.

- Bəli, orduda bu artıq baş verir, ancaq o zaman işdən azad edilənlərin hamısı geri qayıtmağa razılıq vermirlər. Çünki bu işin müəyyən müddətlik olub-olmadığı aydın deyil. Hər şey düzəninə qayıdandan sonra Ərdoğanın nə edəcəyi məulm deyil. Maraqlısı odur ki, indi orduda təmizləmə prosesinin siyahısını o zaman həbs edilən prokuror hazırlayıb. 2006-cı ildə o həbs ediləndə “Siz düzgün etmirsiniz, siz dövlətə və orduya sadiq adamları həbs edirsiniz. Məndə Gülənə sadiq adamların siyahısı var” deyirdi. Onu dinləyən olmadı və o, həbs olundu. İnsi isə onun dediyi siyahi Ərdoğana lazım oldu. Məncə, əgər hər şey Ərdoğandan asılı olacaqsa, bu yaxşı bir nəticə verməyəcək. Ümid edirəm, AKP-də sağlam düşüncəli insanlar tapılacaq. Televiziyada partiyanın bir çox üzvləri normal bəyanatlarla çıxış edirlər. Deyirlər ki, din kifayət deyil, vətəndaş barışığının vaxtı çatıb, hətta keçmiş səhvlərini də etiraf edirlər. Digər tərəfdən isə Ərdoğan yenə də bir neçə il öncə Gəzi parkı hadisələri zamanı ona qarşı Taksimdə etiraza çıxanları pisləyir. Çevrilişdən sonra hamı bir-birinə kömək etmək istəyir, o isə yenə ancaq öz hakimiyyətini möhkəmləndirməyi düşünür. O, çox avtoritar adamdır. Əgər hər şey ona bağlı olsa, Ərdoğan yenə ətrafındakı vəzifələrə yalnız özünə sadiq adamları təyin edəcək. Lakin belə bir hakimiyyətin dövrü çox uzun sürməz. Bacarıqsız insanlar belə böyük və çətin ölkəni idarə edə bilməyəcəklər.

- Dediniz ki, işdən azad edilən sekulyarlara yenidən iş təklif edirlər. Əlaqələrinizin olmamasına baxmayaraq, birdən sizə də belə bir təklif gəlsə, Türkiyəyə qayıdarsınızmı?

- Yox, mənim öz planlarım var və hakimiyyətin hər kapriziylə planlarımı dəyişmək niyyətində deyiləm. Həm də mən onlara inanmıram. Sabah mənə iş təklif edəcəklər, o birisi gün də işdən azad edib həbs edəcəklər. Yox, qayıtmaq fikrim yoxdur.

XS
SM
MD
LG