Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:19

'20 ildir kamerada oturub, bir dəfə siyasi mövqe nümayiş etdirməyib'


20 ildir həbsdə olan keçmiş OMON-çular Səfa Poladov və Arif Kazımov
20 ildir həbsdə olan keçmiş OMON-çular Səfa Poladov və Arif Kazımov

Sabah Elçin Əmiraslanov, Səfa Poladov, Arif Kazımovun məhkəməsidir

Elçin Əmiraslanovun qardaşı: «Bir tərəfi işləmir, iflic olub. Müharibə vaxtı güllə yarası alıb, sol tərəfi işləmir. İkinci qrup əlildir, ancaq birinci qrupa bərabərdir. Kamerada epilepsiyası tutur tez-tez, özündən getmələri var».

Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov 1996-ci ilin dekabrında həbs olunublar. Bu il cəzalarının 20 ili tamam olur.

Sentyabrın 8-də Qaradağ Rayon Məhkəməsində hakim Rəşad Məmmədovun sədrliyi ilə ömürlük azadlıqdan məhrum edilmiş üç keçmiş «OMON»çunun – Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) üzvlərinin işinə baxılacaq. Bunlar Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladovdur.

20 ildir həbsdə yatan Elçin Əmiraslanovun qardaşı İlqar Əmiraslanov danışır [audio]
Gözlə

No media source currently available

0:00 0:03:02 0:00
Direct-ə keçid

Vəkil Elçin Sadıqov bildirir ki, adları sadalanan bu şəxslər barəsində çıxarılmış ölüm cəzası «qanunsuz olaraq» ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənib. Buna görə də ərizə yazaraq onlar barəsindəki ölüm hökmünün 2000-ci ilədək qüvvədə olan CM-nin 23-cü maddəsinə əsasən bağışlanma ilə 20 ilədək azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsini istəyib.

Buna da bax:​ 20 ildir həbsdə qalan 3 OMON-çunun buraxılması üçün prezidentə müraciət edilib

Vəkil: «Bu şəxslər barəsində çıxarılmış ölüm cəzası «qanunsuz olaraq» ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənib».

Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov 1996-ci ilin dekabrında həbs olunublar. Bu il cəzalarının 20 ili tamam olur.

Elçin Əmiraslanovun qardaşı İlqar Əmiraslanov AzadlıqRadiosu-na müsahibəsində deyib ki, məhkəmənin vəkilin müraciətinə «müsbət cavab verəcəyinə» ümid edir:

– Hər bir insanın cəzasının yüngülləşdirilməsindən ötrü məhkəməyə müraciət etmək hüququ var. Biz də ailəliklə gözləyirik ki, sabah azad olunar, inşallah səhvləri bağışlanar. O, həm əlildir, həm də xəstəliyə düçar olub. Hökumət qarşısında xidmətləri var, özü müharibə veteranıdır. Torpaqlar uğrunda döyüşüb vaxtilə. Mən məhkəmənin qərarının müsbət olacağını, yəni ömürlük cəzanın götürüləcəyini gözləyirəm.

Mən də başa düşə bilmirəm, niyə bu qədər uzun müddət içəridə qalsınlar? Hamısı azadlıqdadır OMON-çuların.

– Buna qədər Elçin Əmiraslanov əfv üçün müraciət etmişdi.

– Əfvlə bağlı müraciət etmişik, ancaq müsbət nəticə olmayıb.

– Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladovla təxminən eyni vaxtda həbs edilənlərin hamısı artıq azadlıqdadır. Hüquq müdafiəçiləri qardaşınızın və adını çəkdiyim digər keçmiş «OMON»-çunun adını hökumətə təqdim etdikləri əfv siyahılarına saldıqlarını, ancaq onlara qarşı ayrıseçkilik olduğunu, əfv edilmədiklərini bildirirlər. Qardaşınıza qarşı «ayrıseçkilik» varmı? Səbəb nədir, sizcə?

– Vallah, səbəbini bilmirəm. Eşitdiyimə görə, bunlar əfv ərizəsini vaxtında yazmayıblar, deyiblər ki, «biz neyləmişik, günahımız yoxdur, biz sadəcə döyüşmüşük» - filan. Yəni o müraciəti yazmağa gecikiblər. Buna görə də əfv olunmadıqlarını deyirlər, hər halda belə eşitmişəm. Ancaq mən də başa düşə bilmirəm, niyə bu qədər uzun müddət içəridə qalsınlar? Hamısı azadlıqdadır OMON-çuların.

Buna da bax:​ Siyasi məhbusların vahid siyahısı Avropa Şurası qurumlarına verilib

Elçin Əmiraslanov deyir: «Biz döyüşçü olmuşuq, vuruşmuşuq, amma sonradan siyasi oyunlara qurban verdilər»

– Özü nə deyir bu haqda?

– Özü deyir ki, «biz döyüşçü olmuşuq, vuruşmuşuq, amma sonradan siyasi oyunlara qurban verdilər». O, heç vaxt siyasətə qarışmayıb. Bu gün də siyasətlə məşğul olmur, 20 ildir kamerada oturub, bir dəfə siyasi mövqe nümayiş etdirməyib. Siyasi qrupların oyununda bu hala salındı.

– Səhhətində problem var dediniz. Müalicə alırmı?

– Bir tərəfi işləmir, iflic olub. Müharibə vaxtı güllə yarası alıb, sol tərəfi işləmir. İkinci qrup əlildir, ancaq birinci qrupa bərabərdir. Bəlkə birinci qrup verdilər, görək. Epilepsiyası var, kamerada epilepsiyası tutur tez-tez, özündən getmələri var. Həkim nəzarətindədir. Bu yaxında Penitensiar Xidmətin mərkəzi xəstəxanasında bir ay müalicə aldı, ancaq kömək olmur. İçəri ilə çöl bir deyil. Hər vaxt hər şey ola bilər. Artıq 55-56 yaşındadır. Bir oğlu, bir qızı var. Onlar da Rusiyadadır, 5-6 aydan bir gəlib görüşə bilirlər.

Buna da bax:​ Keçmiş OMON-çuların 'səhhəti ağırdır'

20 ildir kamerada oturub, bir dəfə siyasi mövqe nümayiş etdirməyib

Xüsusi Təyinatlı Polis Dəstəsi (XTPD) 1990-cı illərin əvvəlində Dağlıq Qarabağda gedən döyüşlərlə bağlı yaradılmışdı. Ancaq 1994-cü ildən Azərbaycan hökuməti ilə XTPD arasında münasibətlər kəskinləşib. 1995-ci il martın 17-də hökumət XTPD-nin Bakının 8-ci kilometr qəsəbəsindəki qərargahını ələ keçirib. Rəsmilər dəstənin qiyam qaldırdığını bildirirlər. Atışmada rəsmi statistikaya görə 22 hərbçi, 7 mülki şəxs, 1 polis əməkdaşı həlak olub, 8 XTPD əməkdaşı öldürülüb. Hadisə nəticəsində 105 nəfərin yaralandığı bildirilir. XTPD rəhbəri Rövşən Cavadov aldığı güllə yarasından DİN-in hospitalında vəfat edib. Dəstənin qalan üzviləri isə həbs ediliblər. Sonradan şahidlər bildirdi ki, dəstənin qərargahından ağ bayraq qaldırılıb, ancaq hökumət qoşunları atışmanı dayandırmayıblar.

XS
SM
MD
LG