Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:35

Milyard yarımlıq güzəştli kreditdən kimə nə düşüb?


Arxiv fotosu
Arxiv fotosu

Sahibkarlığa Kömək Milli Fondu 2008-ci ildən dövlət büdcəsindən böyük rəqəmli güzəştli kreditlər ayırır. Fondun əsasnaməsinə görə, güzəştli kreditdən kiçik, orta və iri sahibkarlıq yararlanır. Bəs çoxmilyonlu kredit portfelindən kimə nə düşür?

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi müəyyənləşdirib ki, kiçik sahibkarlıq layihələri say etibarilə kredit portfelinin böyük hissəsini təşkil edir: «Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərindən istifadə qaydalarına görə, məbləği 500 min manatadək olan kreditlər kiçik və orta həcmli kreditlər hesab edilir. 2008-2013-cü illər ərzində kiçik və orta həcmli kreditlərin məbləği 15 dəfəyədək artıb. Lakin bu kreditlərin Fondun ümumi kreditlərində xüsusi çəkisi 21 faizi ötməyib və bu, kifayət qədər aşağı göstəricidir. Həmin dövrdə kiçik və orta həcmli güzəştli kreditlərin bütün iqtisadiyyat üzrə kreditlərdə payı hətta 0.5 faizdən də az olub», təşkilatın ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə həyata keçirdiyi «Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək» layihəsi çərçivəsində apardığı tədqiqatda deyilir.

Sahibkarlığa Kömək Milli Fondu 2008-ci ildən dövlət büdcəsindən böyük rəqəmli güzəştli kreditlər ayırır.

Fondun kredit portfelini bir az yaxından incələyək.

Ötən il güzəştli kredit portfeli 248 milyon manatdan çox olub. Orta sahibkarlığa 6 milyon, kiçik sahibkarlığa 55 milyon, iri biznesə 187 milyon manat ayrılıb.

Buna da bax:​ 'Kasıb krediti' niyə Banqladeşdə mümkündü, Azərbaycanda yox

Maliyyələşdirilən layihələr say hesabı ilə kiçik kreditlərə düşür, portfelin 98 faizini təşkil edir. Ancaq kreditin həcminə görə, ümumi məbləğin 75 faizi iri biznesə ayrılıb. Kiçik biznesdə hər layihəyə orta hesabla 11 min, iri biznesdə isə hər layihəyə 3 milyon manatdan çox kredit düşüb.

Yeni yaradılacaq iş yeri ilə bağlı kiçik və orta sahibkarlıq 9 mindən çox iş yeri təklif edir. İri sahibkarlıq isə aldığı milyonlarla güzəştli kredit müqabilində kiçik və orta biznesdən iki dəfə az, 3 min 500- ə yaxın iş yeri yaratmaq istəyir.

​Bu mənzərəni 2008-2015-ci illər arasındakı güzəştli kredit siyasətində görə bilərik. Bu müddət ərzində Sahibkarlığa Kömək Milli Fondu sahibkarlara ümumilikdə 1 milyard 500 milyon manatdan çox güzəştli kredit verib. Ayrılan kredit müxtəlif sənaye və kənd məhsullarının istehsalı və emalını, xidmət sahələrinin inkişafını əhatə edib. Kreditdən ən çox yararlanan isə iri biznes olub. Bu müddət ərzində iri güzəştli kredit portfeli 1 milyard 200 milyon manatdan çox olub.

İri sahibkarlıq isə aldığı milyonlarla güzəştli kredit müqabilində kiçik və orta biznesdən iki dəfə az, 3 min 500- ə yaxın iş yeri yaratmaq istəyir.

Kiçik sahibkarların payına 250 milyon manatlıq güzəştli kredit düşüb, orta sahibkarlığın payı isə 34 milyon manat olub.

40 min vs. 25 min iş yeri

8 il ərzində 24 minə yaxın biznes-plan maliyyələşdirilib. Kiçik biznes ümumi layihələrin 98 faizini təşkil edir, ancaq orta hesabla, hər bir kiçik biznesin layihəsinə 11 min manat düşür. Orta biznesdə maliyyələşmiş hər bir layihəyə orta hesabla 130 min, iri biznesə isə 1 milyon 600 milyon manatdan çox vəsait düşüb.

8 il ərzində 24 minə yaxın biznes-plan maliyyələşdirilib.

İctimai vəsaitlər hesabına verilən güzəştli kreditlərin verilməsində bir prioritet də yeni iş yerlərinin açılmasıdır. Statistikanın təhlili zamanı belə bir mənzərə yarandı: 2009-2015-ci illər ərzində kiçik sahibkarlıq 40 minə yaxın, iri sahibkarlıq 25 min yeni iş yeri təklif edib. Orta sahibkarlığın məşğulluq portfelində payı 2 min olub.

Buna da bax:​ Gürcüstanda adambaşına gəlir artıb, Azərbaycanda azalıb...

Dövlətin güzəştli kredit portfelindən bu illər ərzində aşağı faizlə müxtəlif illərdə 5-10 milyon manat alan şirkətlər arasında yüksək vəzifəli məmurlara məxsusluğu iddia edilən "Azərsun" Holdinq, "Gilan Holdinq" kimi şirkətlər də var. Bu şirkətlərin həmin vəsait hesabına açdıqları müəssisənin qırmızı lentini bir qayda olaraq ölkə prezidenti İlham Əliyev kəsir.

«Vəsait doğru-dürüst xərclənsəydi, neft gəlirlərinin azalmasını hiss etməzdik»

«Bir neçə il əvvəl aparılan jurnalist araşdırmalarında yüz minlərlə, hətta milyonlarla manat vəsait xərclənmiş müəssisələrin bəzilərinin qapısının qıfıllı olduğu üzə çıxmışdı...»

Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti adıyla üst-üstə düşmür. Bunu iqtisadçı Azər Mehtiyev deyir. O hesab edir ki, Fond yüksək vəzifəli məmurlara məxsus holdinqlərin maliyyə mənbəyi rolunda daha çox çıxış edib, nəinki kiçik və orta biznesin havadarı kimi:

«Fondun fəaliyyət siyasəti tam aydın deyil. Onların təqdim etdikləri rəqəmlər də şübhə doğurur, çünki statistikada nəticədən yox, biznes-planda təqdim edilən rəqəmlərdən istifadə edirlər».

Azər Mehtiyev vurğulayır ki, bir neçə il əvvəl aparılan jurnalist araşdırmalarında yüz minlərlə, hətta milyonlarla manat vəsait xərclənmiş müəssisələrin bəzilərinin qapısının qıfıllı olduğu üzə çıxmışdı. Ekspert əlavə edir ki, əgər bu illər ərzində ayrılan 1 milyard 500 milyon vəsait təyinatı üzrə və səmərəli xərclənsəydi, o zaman bu gün Azərbaycan maliyyə böhranı ilə üz-üzə qalmazdı və iqtisadi diversifikasiya artıq öz bəhrəsini verərdi: «Əgər Azərbaycan hökumətinin fəlsəfəsində məhz kiçik və orta sahibkarlığın inkişafı olsaydı, həmin kreditlərin nəticəsi olaraq ölkədə fərqli iqtisadiyyat görərdik və neft gəlirlərinin azalmasını bu qədər çılpaqlığı ilə hiss etməzdik».

«...kiçik biznesdə daha çox əl əməyidir, deməli, işçilərə daha çox ehtiyac var»

«İri biznesin onsuz da maliyyə əlçatanlığı var»

Kiçik və iri biznesin açdığı iş yerləri arasında belə fərq olması iri sahibkarlığın insan əməyinə az ehtiyac duyan daha müasir texnika ilə bağlı ola bilər. Kiçik və Orta Biznesin İnkişafı Təşkilatının rəhbəri İlkin Qarayev kiçik sahibkarlığın iri bizneslə müqayisədə daha çox iş yeri təklifini belə izah edir: «Onlar aldıqları böyük kreditə müasir avadanlıq gətirib quraşdırırlar, bu avadanlığı bir nəfər də idarə edə bilir. Amma kiçik biznesdə daha çox əl əməyidir, deməli, işçilərə daha çox ehtiyac var».

Buna da bax:​ İpoteka Fondu vəsait ödənişini dayandırıb

Ancaq İlkin Qarayev vurğulayır ki, əslində, dövlət vəsaitləri kiçik biznesin inkişafına yönəlməli idi: «İri biznesin onsuz da maliyyə əlçatanlığı var. Güzəştli kreditə daha çox kiçik biznes ehtiyac duyur. Biz vaxtilə tövsiyə etmişdik ki, kiçik sahibkarlıq üçün ayrıca fond yaradılsın».

Millət vəkilinin fikrincə, əsasən, kiçik və orta biznesə diqqət etmək lazımdır...

«Problemlər var»

AzadlıqRadiosu Sahibkarlığa Kömək Milli Fondu və İqtisadiyyat Nazirliyindən suallarına, hələlik, cavab ala bilməyib.

Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov isə hesab edir ki, güzəştli kreditlərin kiçik və iri biznesin inkişafında böyük köməyi olub. O, kiçik və orta sahibkarlığın layihələrini maliyyələşdirilməsində problemlər yaşandığını, «xüsusilə, fermer təsərrüfatlarının, emal müəssisələrinin yaradılmasında» çətinliklərlə üzləşildiyini vurğulayır.

Buna da bax:​ Hökumət hərraclarla manatı qoruya biləcəkmi?

Bu səbəbdən, millət vəkilinin fikrincə, əsasən, kiçik və orta biznesə diqqət etmək lazımdır ki, yaşanan problemlər həllini tapsın.

XS
SM
MD
LG