Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:30

'Heydər Əliyevə demişdim ki, AYB kimi quruma ehtiyac yoxdur...'


Rustəm Behrudi
Rustəm Behrudi

-

- Rüstəm müəllim, AYB-dən istefa etdiyinizi açıqladınız. Sizin doğum gününüzü təbrik etmədiyinə görə artıq belə bir qurumda ola bilməyəcəyinizi dediniz. İstefanın başqa səbəbləri vardımı? Yəni hansı ehtiyacdan doğru AYB-dən istefa vermək?

30 ildə bircə dəfə də olsun AYB-yə getməmişəm.

- Heç bir ehtiyacdan doğmadı. Quruma münasibətim lap əvvəldən hamıya məlumdur. Mən AYB-yə üzv olduğum düz 30 ildə bircə dəfə də ora getməmişdim. Ad günüm olanda da gördüm ki, bunlardan heç bir reaksiya yoxdur. Bu məsələ məni qıcıqlandırdı. Düşündüm ki, əgər illərcə bir quruma getmirsənsə, o sənə nəyə lazımdı? Heç bir problemim yoxdur əslində AYB ilə. Mən sadəcə tək başına ədəbiyyatda çarpışan biri olmuşam. Heç kimlə işim olmayıb. Sakit biri olmuşam. Ancaq adama təsir eləyir. Mənə Avropadan, Amerikadan doğum günümlə bağlı təbriklər gəlir. Ancaq AYB susur, səni adam yerinə qoymur, təbrik eləmir. Fikrət Qoca açıqlamasında deyir ki, belə şeyi müğənnilər eləyər. Mən Fikrət müəllimə hörmətim vardı, öz dövründə imzası olan bir şair idi. Orta məktəbdə şeirlərini əzbərlədiyim adam idi. O məni tanıyırdı. Bilməli idi ki, mənim kimi adama o şeyi yazmaq olmaz. Özü də Fikrət Qocanın özü müğənnilərin özü üçün mahnı mətni yazan biridir.

Buna da bax: "Ədəbiyyat tüccarlarına doğum günlərində mədhiyyə oxuyanlar"

-Qərarınızdan sonra sizə sərt reaksiyalar oldu. Dedilər ki, bir təbrikə görə bu cür istedadlı şair istefa verməməlidir...

- Bir təbrikə görə sitəm eləyəcək adam deyiləm. Sizə deyim ki, mənim haqqımda yazılan mədhiyyələri oxumuram heç. Mən ömrüm boyu düzgün bir yolda olan adam olmuşam. Türk mifologiyasını yaxşı bilirəm. Bu düşüncə tərzinə malik adam üçün təbrik böyük bir şey deyil. Ancaq bu dəfələrlə gördüyüm laqeydliyin nəticəsi idi. Həm də mən tək olmaq istəyirəm, AYB-də qalmağımın bir mənası yoxdur.

- Rüstəm müəllim, AYB-də Rafiq Tağı, daha sonra Şərif Ağayar üzvlükdən çıxarılmışdı. Bir neçə dəfə yazarlar ordakı haqsızlıqdan öz gileylərini bildirmişdilər. Bəs o zamanlar niyə istefa vermirdiniz?

- Mən kollektiv adamı deyiləm. Öz düşüncəm olur. Çoxluğun hay-küyünə gedən adam deyiləm. Ömrüm boyu heç kimə qoşulmadım. Tək başına yaşayan adam olmuşam. Artur Şopenhauerin bir fikri var, çox xoşuma gəlir: “Mənim qulaqlarım çoxluğun və qara kütlənin hay-küyünə kardır”. Sizə maraqlı bir detalı danışım. 1984-cü il idi. İçimdə qəribə bir hiss keçirdim. Onda “Boz qurd” adlı şeirimi yazdım. O vaxt “Ədəbiyat qəzeti” o qədər populyar idi ki, bir “padborka” şeiri çıxan adam Azərbaycanda şair kimi tanınırdı. Onda bu şeirim həmin qəzetdə çap olundu. Sizin tanıdığınız çox məşhur şairlər, “adam da heyvana şeir yazar” dedilər mənə. Onlar boz qurdun nə olduğunu bilmirdilər, başa düşmürdülər bunu. Mən isə mifologiyanı bilirdim. Mirəli Seyidov, 20 il əvvəl yazmışdı ki, Rüstəm bu şeirləri yazmasaydı türklük ideyası gedəcəkdi. Buna irad tutanlar isə üstündən xeyli vaxt keçəndən, sərhədlər açılandan sonra türkçülük haqqında, boz qurd haqqında şeirlər yazdılar. Mən azad biriyəm. Azadlıq mənim ən böyük sərvətimdir. Mən bilirəm ki, bir adamın azadlığının sərhədi o biri adamın azadlığında sona çatır. Şərif Ağayar tanıdığım, qələminə hörmət etdiyim adamdır. Rəhmətlik Rafiq Tağı da hörmət etdiyim dostum idi.Onunla çox gözəl söhbətlərimiz olmuşdu. Xüsusilə, İslam dininə münasibətimiz. Hətta Rafiq Tağı həbsdə olanda mən ona məktub yazdım, məşhur bir məktub idi o məktub: “Romantizmin süqutu”. Bilirsiniz, onlar istefa qərarını əsaslandırmışdı. Mən isə əsaslandırmağa əsas görmədim.

Son hadisələr AYB-dən çıxmağım üçün bir bəhanə idi. Sadəcə içimdən bir şey keçdi ki, mənim nə işimə qalıb. Niyə burdayam?

- O zaman belə demək olar: Doğum günü təbriki istefa üçün bir bəhanə idi...

- Əlbəttə. Tamamilə doğrudur. Bu bir bəhanə idi. Sadəcə içimdən bir şey keçdi ki, mənim nə işimə qalıb. Niyə burdayam? Nə üçün? Öz-özümə bunları dedim və başa düşdüm ki, mən tək qalmalıyam.

Buna da bax: ""Ulduz" jurnalı Rüstəm Behrudinin istefasına münasibət bildirdi"

- Çoxluqdan xilas olmaq istədiniz...

- Çox dəqiq vurğuladınız. Çoxluğun içində olmaq məni sıxdı. Hamı ilə bir yerdə olmaq bezdirdi.

- AYB-nin fəaliyyəti haqqında nə düşünürsünüz?

- Mən AYB haqqında fikrimi o vaxt mərhum prezidentimiz Heydər Əliyevin yanında demişdim. Demişdim ki, dünyada belə bir təcrübə yoxdur. Orda Anar da, Elçin də oturmuşdu. Dünyadakı təcrübə necədir? Eyni düşüncəyə, yaradıcı təfəkkürə malik olan şairlər yazıçılar öz cəmiyyətlərini yaradırlar. Yəni yazarlar birliyinin ətrafında toplaşırlar.

- Hələ də eyni fikirdəsiniz AYB haqda?

- Bəli, 20 il əvvəl dediyimin üstündə dururam. 20 il əvvəl bunu demişdim, indi də deyirəm.

- Sizcə, AYB kimi quruma ehtiyac yoxdur?

- Bəlkə də ehtiyac yoxdur. Dediyim ki, dünyada dövlət təminatı olan belə bir qurum söhbəti yoxdur. Yalnızca yaradıcı təfəkkürü eyni olan adamların yaratdığı yaxşı-pis yaradıcı təşkilarları var. Sovet hökuməti vaxtı AYB tamam başqa idi. O zaman yaradıcı adamlara ev, maşın verirdilər, yaxşı şərait qururdular. İndiki AYB-də o şeylər yoxdusa, cavanlara kömək etmirsə nəyə lazımdır elə bir qurum.

Orhan Pamuk Nobel mükafatını Yazıçılar Birliyinin üzvü olduğuna görə almadı ki.

- Amma prezident təqaüdü verilir...

- Onu da Mədəniyyət Nazirliyi hazırlayır. Dünyada belə dövlət təminatı olan qurum yoxdu. Uzağa getməyəcək. Adicə Türkiyədə belə bir qurum mövcud deyil. Orhan Pamuk Nobel mükafatını Yazıçılar Birliyinin üzvü olduğuna görə almadı ki. Bilirsiniz, böyük ədəbiyyatı tək başına yaradırlar, kollektiv yox.

- O zaman AYB sizin böyük ədəbiyyat yaratmağınıza mane olub?

- Heç vaxt mane olmayıb. Orda olmamaq olmaqdan daha yaxşıdır.

Buna da bax: "Rüstəm Behrudi. Gənc yazarlara 10 məsləhət"

- Anar müəllim də sizin istefanızla bağlı açıqlama verib ki, AYB təmirdədir, Təbrik də olacaq, tədbir də. Sadəcə, indi Yazıçılar Birliyinin binası təmirdədir. Üstəgəl, qurumda böyük əksəriyyət məzuniyyətdədir. Təmir bitib, hamı məzuniyyətdən qayıdandan sonra onun ad gününü təbii ki, qeyd edərik.

- 30 ildi təmirdədi AYB? Ad günü məsələsinin təmirlə nə əlaqəsi? Bu nə cür məntiqdir? 30 ildir AYB məni adam yerinə qoymayıb.

- Anar müəllim düşünüb ki, bəlkə bunu piar üçün eləmisiniz: “Amma belə piar əsl şairə yaraşmaz. Rüstəm isə əsl şairdir”. Sizin haqqınızda da xoş söz deyib...

- Yaxşı ki deyib. Mənim həmişə Anara münasibətim yaxşı olub. Anar ədəbiyyat tariximizdə qalacaq biridir. Bizim ən yaxşı ssenarilərimiz, əsərlərimiz Anarın qələmindən çıxıb. Hətta Anar müəllim mənim əleyhimə yazsa da, yenə də eyni fikirdə qalacaqdım. Sadəcə mənim AYB ilə bağlı bir neçə sualım var. Bir dəfə, səhv eləmirəmsə, 2004-cü ildə Orhan Pamuk Bakıya gəlmişdi. AYB-nin qurultayı idi, mən iştirak edə bilmədim. Gənc dostum Aydın Xanla Orhan Pamuku apardıq “Qurd qapısın”a, orda çox maraqlı ədəbiyyat söhbətləri elədik. Sözümü nəyə gətirirəm? Həmin gün mənə AYB-nin kitabçası, üzvlərin siyahısı verildi. Mən baxdım ki, yüzdə doxsan doqquzunu tanımıram. Şairliyimi qoyaq bir kənara. Gündəlik mətbuatı izləyən adamam, oxucuyam. Bir oxucu kimi bunları tanımıramsa, nə işim var orda mənim. Yaradıcı qurum necə olur? Orda hər kəs bir-birini tanıyır, hörmət edir. Mən isə AYB-də bu münasibəti görmədim. Hətta ədəbiyyata dəxli olmayan adamlar belə mənim əleyhimə danışırdı.

- Rüstəm bəy, nə vaxtsa AYB sıralarına təkrar qayıtmaq fikriniz olacaqmı?

- Ayxan, sizcə, “Şaman duası”nı, ”Tənhalıqda ölüm qorxusu”nu, “Salam dar ağacı”nı yazan şair ora qayıdarmı?

- Məncə, qayıtmaz...

- Mən də sənlə həmfikirəm./kulis.lent.az/

Söhbətləşdi: Ayxan Ayvaz

XS
SM
MD
LG