Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 04:02

Fond bazarında marketmeyker xidməti təklif edilir


Azərbaycan manatı
Azərbaycan manatı

Fond bazarında canlanma yaratmaq istəyi duyulur

Sentyabrın 19-da Bakı Fond Birjasında (BFB-də) 9 şirkətin səhmlərinin marketmeykerliyinə başlanıb. İnvestisiya qurumlarından biri həmin şirkətlərə aid səhmləri alıb-satmağa boyun olub. Gün boyu 5 min manat həcmində, alış və satış qiymətində 5 faiz fərqlə ticarət aparılacaq. Ancaq alış və satış qiymətlərinin təhlili göstərir ki, səhmlər gerçək bazar qiymətindən hələ çox uzaq qiymətləndirilir.

9 şirkətin səhminin alıcısı var

«AzFinance İnvestisiya Şirkəti» Qapalı Səhmdar Cəmiyyəti qiymətli kağızlar bazarında az-çox tələbat duyulan 9 şirkətin səhmlərinin alışı və satışı qiymətlərini açıqlayıb. Bunlar «Cənubtikintiservis», «Bakıtikişsənaye», «AZENCO», «Dərnəgülsənayetikinti», «Sumqayıt Çörək», «Savalan», «Bakı İxtisaslaşdırılmış Mexanizasiya-7» və «Avro-Asiya İnşaat Korporasiyası «EVRASCON» ASC-lərin səhmləridir.

Buna da bax:​ Bakıdakı o məşhur ünvanda daha bir "sirli" şirkət quruldu

Birjada qiymət necə formalaşır?

BFB-də, bir qayda olaraq, bu və digər səhmdar cəmiyyətlərin səhmləri nominal qiymətlə satışa çıxarılır. Tək istisna «Cənubtikintiservis» ASC-nin səhmləridir. Bu səhmlər birjada nominal qiymətindən (2 manat) 4 dəfə baha qiymətə rəsmiləşdirilir. Düzdür, istər alıcılar, istərsə satıcılar bir başqa qiymətlə razılaşırlar. Alıcı nominal, yəni elan edilmiş qiyməti 2 manat olan səhmin hər biri üçün satıcıya 5 manat ödəyir. Amma Azərbaycan fond bazarının özəlliyi də budur ki, müqavilədə qiymət yenə 2 manat yazılır və birja da ictimaiyyətə həmin qiyməti açıqlayır.

Bu səbəbdəndir ki, bu gün Azərbaycanda hər hansı səhmdar cəmiyyəti haqda müəyyən təsəvvür olmadan onun səhmlərini alıb-satmaq investoru müflisləşdirə bilər.

Düzgün qiymət investoru xərcə salır...

Səhm ticarəti ilə fəal məşğul olan Vüqar İsmayılov AzadlıqRadiosu-na deyir ki, gerçək qiymətin birjada göstərilməsinə nə səhmi alan, nə də onu satan maraq göstərir:

«İnvestisiya şirkətlərinin, depozitarın və birjanın tətbiq etdiyi rüsumlar səhmlərin alqı-satqı qiymətinin ümumi həcmindən asılı olduğuna görə, müqavilədə həqiqi qiyməti göstərmək pulu ödəyən tərəfə sərf etmir. Səhm ticarəti ünvanlı olduğundan, yəni satan alanı tanıdığından, investisiya şirkəti də gerçək qiyməti çox zaman öyrənə bilmir. Nəticədə BFB-nin kotirovkalarında bütün səhmlərin elə «eyni qiymətə olduğunu» müşahidə edirik».

Buna da bax:​ Hansı dövlət şirkətləri özəlləşdirilə bilər

Marketmeykerin qiymətləri də düz deyil?

Diqqətçəkən hal odur ki, «AzFinance İnvestisiya Şirkəti» QSC-nin təqdim etdiyi marketmeyker kotirovkası da sözügedən 9 ASC-nin səhmlərinin gerçək qiymətlərini tam əks etdirmir. Məsələn, AzadlıqRadiosu-nun bazarda səhm ticarəti üzrə qeyri-rəsmi vasitəçilik xidmətləri təklif edən İlqar Eyvazovdan əldə etdiyi məlumata görə, bu il hər səhmə 10 manat dividend ödəmiş «Cənubtikintiservis» ASC-nin səhmini 20-25 manata satmaq olar. «EVRASCON» ASC-nin səhmlərinə 25 manata, «Sumqayıt Çörək» ASC-nin səhmlərinə isə 5-7 manata müştəri tapmaq mümkündür.

«İnvestorlar da fəallaşsınlar»

«AzFinance İnvestisiya Şirkəti» QSC direktorunun müavini İntiqam Səfərəliyev deyilənləri şərh edərkən, bunun bir başlanğıc olduğunu bildirib:

«Marketmeyker kimi, məqsədimiz bazarda real qiymətlərə nail olmaqdır. Bunun üçün həm digər investisiya şirkətləri, həm də investorlar aktiv mövqe nümayiş etdirməlidirlər. Gəlsinlər, real saydıqları qiymətə sifariş təqdim etsinlər. O ki qaldı bizim qiymətlərə, şirkətimiz indiki qiymətlərlə həm də öz risklərini sığortalamağa çalışır».

Buna da bax:​ 6 şirkət birjanın üzvlüyündən çıxarıldı

Hələ 500 şirkət var

İndiyədək birjada, əsasən, şirkətlərin buraxdığı korporativ istiqrazların likvidliyinin təmin olunması məqsədilə marketmeyker xidməti təklif edilirdi. Azərbaycanda səhmləri fond bazarında alınıb-satılan təxminən 500 şirkət var. Səhmdar cəmiyyətlərinin sayı isə 1700-ə çatır.

XS
SM
MD
LG