Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:06

'Nardaran işi' məhkəməsində 'Azadlıq!', 'İstefa!' şüarları


Nardaran məhbusları (İllustrasiya MeydanTV)
Nardaran məhbusları (İllustrasiya MeydanTV)

«Nardaran işi» üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində sentyabrın 23-də keçirilən məhkəmə iclasında «Azadlıq!», «İstefa!» şüarları səslənib. Təqsirləndirilən şəxslər Nardaran dustaqlarından biri olan Abbas Hüseynovun məhkəmə prosesindən kənarlaşdırılmasına bu yolla etiraz ediblər.

Bu iş üzrə sentyabrın 22-də keçirilən məhkəmə iclasında təqsirləndirilən Abbas Hüseynovun məhkəmə iclaslarından kənarlaşdırılması barədə qərar çıxarılmışdı. Səbəb onun Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı Elnur Şərifovun Nardarandakı hicablı qadınlar barədə səsləndirdiyi fikrə («Nardarana hicab taxıb 50 oyundan çıxanlara görə getmişdin?») tüpürməklə etiraz etməsiydi.

«ETİRAF ELƏSİN»

Bugünkü iclasda vəkillər Abbas Hüseynovun iştirakının təmin olunmasını istəyiblər. Bildiriblər ki, dindirilən şahidlərin ifadələrinin bir hissəsi A.Hüseynova aid olduğuna görə onun məhkəmədə iştirakı vacibdir.

Buna da bax-'Nardaran işi' üzrə məhkəmədə qalmaqalın səbəbləri

"Nardaran işi" üzrə məhkəmədə qalmaqalın səbəbləri
Gözlə

No media source currently available

0:00 0:02:28 0:00

Məhkəmə prosesinə sədrlik edən hakim Əlövsət Abbasov bildirib ki, hazırkı mərhələdə onun iştirakına lüzum yoxdur.

«Özü yazılı şəkildə müraciət eləsin, etiraf eləsin, biz də müraciətə baxaq», – hakim Əlövsət Abbasov deyib.

Bundan sonra təqsirləndirilən şəxslərlə vəkillər məsləhətləşməyə vaxt istəyib. Onlara vaxt verilib.

Fasilədən sonra vəkillər bir daha A.Hüseynovun məhkəmədə iştirakının təmin olunması barədə vəsatət qaldırıblar. Qeyd ediblər ki, təqsirləndirilən şəxslər onlara vəsatət təmin olunmayacağı təqdirdə dindirmə prosesində iştirak etməməyi, şahidlərə suallar verməməyi tapşırıblar.

«İLHAM ƏLİYEV KRAL OLACAQ, YOXSA ŞAH?»

Vəsatətə münasibət bildirən prokuror Nəsib Bayramov onun təmin edilməməsini istəyib. Qeyd edib ki, artıq məhkəmənin A.Hüseynovla bağlı qərarı var və bu qərara hörmətlə yanaşılmalıdır: «Hesab edirəm ki, bu vəsatət prosesin uzadılmasına xidmət edir. Əgər təqsirləndirilən şəxslər və ya vəkilləri dindirmədə iştirak etmir, suallar vermək istəmirsə, bu, onların hüququdur».

Əlövsət Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası qısa müşavirədən sonra vəsatətin təmin olunmadığını açıqlayıb: «Məhkəmənin qərarı var və qüvvədədir».

Bu qərardan sonra təqsirləndirilən şəxslərdən Taleh Bağırov hakimə belə bir sual ünvanlayıb: «Sizcə, 26 sentyabr referendumundan sonra İlham Əliyev kral olacaq, yoxsa şah?».

Ardınca təqsirləndirilən şəxslər fasiləsiz olaraq, «Azadlıq!», «İstefa» şüarları səsləndiriblər.

Etiraz aksiyasının qarşısını ala bilməyən hakimlər isə vəkillərdən Vəkillər Kollegiyasına şikayət olunacağını bildirərək, prosesi sentyabrın 28-nə qədər təxirə salıb.

QISA XATIRLATMA

Ötən il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Həmin gün «Müsəlman Birliyi Hərəkatı»nın sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Daha yüngül maddələrlə ittiham edilənlərdən bir çoxunun məhkəməsi bir müddət öncə başlayıb. Onlardan bəzilərinə 1 il 6 aydan, 2 il 6 ayadək həbs cəzası kəsilib.

Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi ayrıca aparılır. O və onunla saxlananlar qətldə, daha bir çox başqa ağır cinayətlərdə ittiham edilirlər. Təqsirləndirilənlər bu ittihamları rədd edərək, onlardan işgəncə altında ifadə alındığını bildirirlər.

XS
SM
MD
LG