Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 16:44

İlham Əliyev: 'Mən özümüzü tərifləmək istəmirəm...'


Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında. 7okt2016
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında. 7okt2016

Referendum haqda - gəlsinlər, bizim təcrübəmizi öyrənsinlər

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında deyib ki, dünyada iqtisadi böhran hökm sürür.

Ölkə başçısı Avropada miqrant böhranında olmasından, şərqdə şəhərlərin yerlə-yeksan edilməsindən, münaqişələr nəticəsində yüz minlərlə insanın həlak olmasından bəhs edib.

“Bizim üstünlüyümüz ondan ibarətdir ki, həmişə öz yolumuzla gedirik, öz siyasətimizi aparırıq, heç kimin sözü ilə oturub-durmuruq. Ona görə bu gün Azərbaycanda inkişaf və sabitlik var. Bəzi insanlar bu gün də belə deməkdə davam edirlər ki, biz harasa inteqrasiya etməliyik. Bəlkə özləri də dərk etmirlər ki, bu, nə deməkdir. Biz hara lazımdırsa, artıq ora inteqrasiya etmişik...”

Buna da bax:​ 'Prezident referendumqabağı gediş edir' - Ekspert

Dövlət başçısının bildirməsinə görə, “bəziləri kiminsə xoşuna gəlmək donor pullarını əsaslandırmaq üçün deyillər ki, biz Avropaya inteqrasiya etməliyik”.

Biz müsəlmanları qəfəsdə saxlayanlaramı inteqrasiya etməliyik?!?

“Sual olunur, biz hansı Avropaya inteqrasiya etməliyik? Bax, bugünkü Avropa göz qabağındadır. Özləri etiraf edirlər. İndi Avropa məkanında dərin böhran yaşanır. Biz oramı inteqrasiya etməliyik, böhranamı inteqrasiya etməliyik?! “Müsəlmanlara stop” deyənlərəmi inteqrasiya etməliyik?! Biz müsəlman qaçqınlara ikili standartlar tətbiq edənlərəmi inteqrasiya etməliyik?! Biz müsəlmanları qəfəsdə saxlayanlaramı inteqrasiya etməliyik?! Bax, sual bundan ibarətdir və biz bunların hamısını deyirik. Ona görə də bəzi hallarda bizə qarşı təzyiqlər də olur, kampaniyalar da aparılır, müxtəlif iftiralar da uydurulur”, ölkə başçısı bildirib.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında

Azərbaycan Avropa Şurasında dönüş yaradıb

İ.Əliyev Azərbaycanın Avropa qurumları ilə çox yaxşı əlaqələrinin olduğunu da deyib.

“Avropa ilə çox sıx əlaqələr qura bilmişik. Avropa İttifaqı ilə müxtəlif sənədlər imzalanıb, eyni zamanda, növbəti sənəd üzərində iş aparılır. Avropa İttifaqına üzv olan 9 ölkə ilə bizim strateji tərəfdaşıq haqqında sənədlərimiz var. Biz 15 ildir ki, Avropa Şurasında çalışırıq və orada da bizim mövqelərimiz gündən-günə möhkəmlənir. Biz hətta o təşkilatda da dönüş yarada bilmişik. Avropa Şurası Parlament Assambleyasındakı deputatların əksəriyyəti artıq görür ki, bizə qarşı ədalətsizliklər, ikili standartlar olub və bu gün vəziyyət tam normaldır. Ona görə əməkdaşlıqla bağlı bizim heç bir problemimiz yoxdur”.

Buna da bax:​ 'Hamı yerli mal alsın': sərəncam və növbəti addım [video]

İ.Əliyev Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin, idman yarışlarının və Roma Papasının səfərinin əhəmiyyətindən danışıb.

“Bax, biz bu işləri görürük. Amma ətraf yanır, yan-yörə alovlanır, risklər artır. Biz isə öz xoşbəxt həyatımızı və xoşbəxt gələcəyimizi qorumalıyıq və qoruyuruq. Azərbaycanda sülh, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, insanlar rahat yaşayır, quruculuq işləri aparılır. Şəhərlərimiz gözəlləşir, abadlaşır, bütün işlər çox yaxşı gedir”, ölkə başçısı deyib.

Referendum haqda - gəlsinlər, bizim təcrübəmizi öyrənsinlər

İ.Əliyev sentyabrın 26-da keçirilmiş referendum haqda da danışıb. Referendumun demokratik, ədalətli, tam şəffaf şəkildə keçirildiyini qeyd edib.

“Müşahidə aparan beynəlxalq qurumlar, xüsusilə Avropa Şurası Parlament Assambleyasının nümayəndələri referenduma çox yüksək qiymət veriblər. Bunun da çox böyük əhəmiyyəti var. Çünki, adətən Avropa strukturlarında bizi tənqid edirlər. Bir çox hallarda əsassız tənqid edirlər. Ancaq hətta bizi tənqid etməyə öyrəşən qurum da artıq heç bir irad tapa bilmir. Bu, referendumun bir nəticəsidir. Bu, onu göstərir ki, kim nə deyirsə-desin, hansı uydurma ortaya atırsa-atsın Azərbaycan demokratiya yolu ilə gedir. Bizdə azad seçki keçirilir, şəffaf şəkildə referendum keçirilir. Biz bir çox ölkələr, xüsusilə özlərini demokratiyanın beşiyi sayan ölkələr üçün nümunə ola bilərik. Gəlsinlər, bizim təcrübəmizi öyrənsinlər”, deyən ölkə başçısına görə, referendumun nəticələri Azərbaycan xalqının aparılan siyasəti dəstəklədiyini göstərib.

Buna da bax:​ Ilham Əliyev Emin Milli və Emin Hüseynovdan danışdı (Yenilənib)

“Münasibətləri bərpa etmək üçün özləri gəldilər”

İlham Əliyev Avropa parlamenti ilə münasibətlərə də toxunub.

“Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, bir il ərzində Azərbaycan Avropa Parlamenti ilə bütün əlaqələri kəsmişdir, Avronest qurumundan çıxmışdır. Bunun da səbəbi var, ictimaiyyət bunu bilir. Sadəcə olaraq, demək istəyirəm ki, bu, bizim günahımızdan olmayıb. Biz günahkar deyilik. Bizə qarşı ədalətsizlik nümayiş etdirildi. Biz təhqir olunduq. Bizə qarşı diplomatiyada qəbuledilməz sözlər işlədildi. Təbii olaraq, biz də öz sözümüzü dedik... Mən də o vaxt demişdim, münasibətlər olsa yaxşıdır, olmasa da hər halda bunun bizim işimizə heç bir təsiri yoxdur. Nəticədə nə oldu? Münasibətləri bərpa etmək üçün özləri gəldilər. Gördülər ki, təhqir, təzyiq yolu ilə keçmir. Halbuki bunu çoxdan bilməli idilər ki, keçmir və keçməyəcək. Gəldilər ki, münasibətləri bərpa etsinlər. Bizim də bəzi təkliflərimiz olubdur. O təkliflər müsbət qəbul edildi və bu təkliflərin nəticəsində birgə bəyanat da səsləndi. O bəyanatda ifadə olundu ki, Avropa Parlamenti belə hərəkətlərə yol verdiyinə görə təəssüf edir. Orada göstərilir ki, gələcəkdə bu cür hərəkətlərin təkrar olunmaması üçün işlər aparılacaq. Biz də konstruktiv mövqe nümayiş etdirərək qərar qəbul etdik ki, artıq bu, bizi qane edir və münasibətlər indi bərpa olunur”, prezident deyib.

O, əlavə edib ki, “mən özümüzü tərifləmək istəmirəm, heç vaxt da tərifləməmişəm. Halbuki, tərif üçün bir çox məqam var. Biz 25 ildir ki, müstəqil yaşayan ləyaqətli ölkəyik. Heç kimə imkan vermərik ki, bizi təhqir etsin”.

Buna da bax:​ Prezident daha bir Şura yaratdı

ABŞ-dan bəyanatlar

Prezident son günlər ABŞ rəsmilərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatlarına da münasibət bildirib. O, ABŞ dövlət katibi Con Kerrinin münaqişənin həllinə tərəflərin hazır olmaması ilə bağlı fikrinin üzərində dayanıb.

“Siz yəqin ki, Amerikadan səslənən son bəyanatı da eşitmisiniz, oxumusunuz, Azərbaycan ictimaiyyəti də bunu bilir. Bu, yumşaq desək, təəccüb doğuran bir bəyanatdır. Azərbaycanı münaqişənin həll olunmamasında günahlandırmaq ən azı insafsızlıqdır. Digər tərəfdən, bax, bu bəyanat o biri bəyanatlarla necə uzlaşır?! Axı, Amerika, Rusiya, Fransa prezidentlərinin dəfələrlə bəyan etdikləri bir tezis var: “Status-kvo qəbuledilməzdir”. Biz bunu alqışlayırıq. Düzdür, bu sözdən sonra heç bir praktik iş aparılmır. Amma hər halda bu sözün artıq ortaya çıxması bizim böyük uğurumuzdur. Belə bir ciddi bəyanat ola-ola, “hər iki tərəf günahkardır, tərəflər buna hazır deyil, bu məsələ Fələstin-İsrail münaqişəsindən də mürəkkəbdir” demək sadəcə olaraq Ermənistanın işğalçı siyasətinə dəstək verməkdir. Bunun başqa izahı ola bilməz”, İ.Əliyev qeyd edib.

XS
SM
MD
LG