Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:59

Ermənistan hakimiyyətindəki 'qarabağlı'lar


Ermənistanın müdafiə naziri Seyran Ohanian və prezident aparatının sabiq rəhbəri Vigen Sarkisian
Ermənistanın müdafiə naziri Seyran Ohanian və prezident aparatının sabiq rəhbəri Vigen Sarkisian

Prezident, baş nazir, baş qərargah rəisi eyni torpağın “suyunu içib”...

Postsovet Ermənistanının ilk prezidenti Levon Ter-Petrosian, əslən suriyalı olsa da, siyasətə “Qarabağ” komitəsinin rəhbəri kimi atılmışdı. Sonralar əslən Dağlıq Qarabağdan olan bir çox erməni ildırım sürəti ilə siyasi karyera qurub. Ermənistanın 2-ci prezidenti Robert Kocharian onların başında gəlir. O, 10 il – 1998-ci ildən 2008-ci ilədək Ermənistana rəhbərlik edib.

Ermənistan hakimiyyətinin məşhur qarabağlılarından biri də keçən həftəyədək müdafiə naziri vəzifəsini tutan Seyran Ohanian-dır. O, burada nazir olmazdan öncə Dağlıq Qarabağda - “DQR”də hərbi işlərə rəhbərlik edib.

İndi Ermənistan hakimiyyətində üç əsas vəzifəni – prezident, baş nazir və baş qərargah rəisi vəzifələrini əslən Qarabağdan olanlar icra edirlər.

Buna da bax:​ Sarksian müdafiə nazirini mülki şəxslə əvəzləyir- Bakıdan reaksiyalar

Prezident...

Prezident Serzh Sarkisian iş həyatına Qarabağda başlayıb. Hələ sovet dönəmində Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin komsomol, partiya strukturlarında çalışıb. Qarabağda savaş gedərkən - 1993-1994-cü illərdə Ermənistanın müdafiə naziri postuna gətirilib. Azərbaycanla Ermənistan arasında atəşkəs imzalanarkən də, həmin vəzifədə olub.

Dağlıq Qarabağ konflikti Ermənistanın indiki tarixində istər hakimiyyət olimpinə yüksəlməkdə, istərsə oradan aşağı yuvarlanmaqda həlledici rol oynayıb. Elə ölkənin ilk prezidenti Levon Ter Petrosian-ın istefası da bu konfliktdən qaynaqlanıb. Onun bu münaqişədə tutduğu mövqe millətçi ehtiraslara qapılmış Ermənistan cəmiyyətində ya yumşaq sayılıb, ya da təslimçilik kimi qəbul edilib.

1990-cı illərdə və 2000-ci illərin əvvəllərində Ermənistan siyasi elitasının xeyli hissəsi qarabağlılardan ibarət olsa da, son vaxtlar “qarabağlılıq” yadırğanmağa başlanmış - Serzh Sarkisian-ın ətrafında Dağlıq Qarabağdan çıxmayan xeyli yeni şəxs toplanmışdı. Dördgünlük aprel savaşı hər şeyi yenidən “yerliçilik” axarına qaytarıb.

Uğursuz aprel savaşından sonra hakimiyyətə etiraz səsləri yüksəlib və geniş etiraz aksiyaları vüsət alıb. Hökumətlə prezidentin istefası israrla tələb olunarkən, Serzh Sarkisian 19 hökumət rəsmisinin 11-ni yeniləməyə məcbur qalıb. Ən vacib yenilik iki postda olub.

Buna da bax:​ Ermənistan ordusunda 5 korpusdan 3-nün rəhbəri dəyişdi

Karen Karapetian
Karen Karapetian

Baş nazir...

Yeni baş nazir Karen Karapetian 2010-2011-ci illərdə Yerevanın meri olub. Sonra Rusiyaya gedərək, orada biznes aləminə baş vurub və “Qazprom”un rəhbərliyində çalışıb. O da əslən Dağlıq Qarabağdandır.

Baş qərargah rəisi...

Müdafiə naziri postuna mülki şəxsin təyin edilməsi 2-ci mühüm yenilik sayıla bilər. Yeni müdafiə naziri Prezident Aparatının sabiq rəhbəri Vigen Sarkisian-dır. O, qarabağlı deyil. Ancaq müdafiə naziri mülki şəxs olandan sonra əsas hərbi vəzifə silahlı qüvvələrin baş qərargah rəisi vəzifəsidir. Bu vəzifəyə isə sentyabrın 3-də Movses Akopian təyin olunub. Dağlıq Qarabağın Martuni rayonunda doğulan M. Akopian 2007-2015-ci illərdə tanınmamış “DQR”in müdafiə naziri çalışıb. Beləcə, Ermənistanda prezident, baş nazir və ali hərbi vəzifənin qarabağlıların əlində cəmləşmə prosesi başa çatıb.

Elxan Şahinoğlu: 'Mən bir neçə dəfə Ermənistanda olmuş, müxtəlif siyasətçilərlə görüşmüşəm...'
Gözlə

No media source currently available

0:00 0:00:44 0:00

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

“Qarabağlılar Ermənistan siyasətçilərinə inanmır”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, “qarabağlılar” anlayışı Dağlıq Qarabağ münaqişəsinin çözümsüzlüyündə başlıca rol oynayır:

“Mən bir neçə dəfə Ermənistanda olmuş, müxtəlif siyasətçilərlə görüşmüşəm. Fərqi onda da görmüşəm. Ermənsitanda doğulan siyasətçilər Dağlıq Qarabağ münaqişəsinə bir qədər fərqli prizmadan yanaşırlar. Yəni, bu münaqişə həll olunmalıdır, Azərbaycanla münasibətlər qurulmalıdır və s. Ancaq Qarabağdan olan siyasətçilər daha kəskin mövqedən çıxış edir və deyirlər ki, heç bir güzəşt məqbul deyil. Qarabağlılar 1990-cı illərin ortalarından Ermənistan hakimiyyətində möhkəmləniblər və indi də hakimiyyəti təhvil vermək istəmirlər. Bunun bir səbəbi qarabağlıların Ermənistan siyasətçilərinə inanmamasıdır. Qorxurlar ki, Ermənistan siyasətçiləri hakim vəzifələrdə - prezident, baş nazir vəzifələrində olsalar, Azərbaycanla dil tapıb münaqişəni həll etməyə çalışa bilərlər”.

Buna da bax:​ ‘Aprel döyüşləri Azərbaycan ordusunun gücünün təsdiqi idi’

Elxan Şahinoğlu deyir ki, aprel döyüşlərindən sonra münaqişənin həllində heç bir irəliləyişin olmaması elə bunun nəticəsidir.

Hakimiyyət də qarabağlı, müxalifət də...

Siyasi şərhçi Fərhad Məmmədovun sözlərinə görə, “qarabağlı” amili Ermənistan siyasətinə o qədər təsir göstərib ki, təkcə hakimiyyətdəkilər deyil, müxalifətdəkilər də eyni regiondandır. Qarşıdakı parlament seçkilərində də əsas siyasi mübarizə onların arasında gedəcək:

Fərhad Məmmədov: 'İndi Ermənistanda hakimiyyətdə olan Qarabağ klanı da var, Robert Kocharian kimi müxalifətdə olanlar da...'
Gözlə

No media source currently available

0:00 0:01:03 0:00

“Atəşkəsdən sonra Qarabağdan olan keçmiş səhra komandirləri özlərini qalib saymağa başladılar. Onlar tədricən Qarabağdan Ermənistana getdilər və hakimiyyətə yiyələnməyə başladılar. Sonradan aralarında ciddi fikir ayrılıqları da yarandı. İndi Ermənistanda hakimiyyətdə olan Qarabağ klanı da var, Robert Kocharian kimi müxalifətdə olanlar da. Qarşıdakı parlament seçkilərində də əsas siyasi mübarizə onların arasında gedəcək. Ermənistanda əsas siyasi qüvvə “Çiçəklənən Ermənistan” Partiyası idi. Sarkisian, faktik olaraq, onun sədrini siyasətdən kənarlaşdırdı. Levon Ter Petrosian-ın Erməni Milli Hərəkatı da aprel döyüşlərindən sonra Sarkisian-la müəyyən qədər anlaşdı”.

Buna da bax:​ Ermənistan paraddakı "İskander"lərin ona məxsus olduğunu təsdiqlədi

Üzeyir Cəfərli
Üzeyir Cəfərli

“Özünü sığortalamaq istəyir”

Hərbi ekspert Üzeyir Cəfərlinin fikrincə, Qarabağdan olan prezident daha çox tanıdığı şəxslərə üstünlük verir. Bu günlərdə Movses Akopian-ı baş qərargah rəisi təyin etməsi də bununla bağlıdır:

“Movses Akopian vaxtilə prezident Sarkisian-ın tabeliyində çalışan bir şəxs olub. Prezident onu baş qərargah rəisi təyin etməklə, sabah baş verə biləcək hər hansı xoşagəlməz hadisənin qarşısını almaq və özünü sığortalamaq istəyir. Çünki indi Ermənistan daxilində narazılıqlar var. Hərbi sahəyə daha bir qarabağlının təyin olunması da bununla bağlıdır”.

Üzeyir Cəfərli: 'İndi Ermənistan daxilində narazılıqlar var. Hərbi sahəyə daha bir qarabağlının təyin olunması da bununla bağlıdır...'
Gözlə

No media source currently available

0:00 0:00:30 0:00

Ermənistanda parlament seçkisi gələn il keçiriləcək.

XS
SM
MD
LG