Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:51

Taleh Bağırovun işgəncə şikayəti rədd edilib


Taleh Bağırov
Taleh Bağırov

Bakı Apelyasiya Məhkəməsi “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırovun işgəncəyə məruz qalması ilə bağlı şikayətini təmin etməyib.

İlahiyyatçı işgəncəyə məruz qalmasından Səbail Rayon Məhkəməsinə şikayət etmişdi. Ancaq məhkəmə onun şikayətini rədd etmişdi. Bakı Apelyasiya Məhkəməsi oktyabrın 13-ü rayon məhkəməsinin qərarından verilən şikayətə baxıb.

Məhkəmə prosesi qapalı keçirilib. Taleh Bağırov məhkəməyə gətirilib.

Buna da bax:​ Taleh Bağırov 'kars'a salınıb – Aşura günü

Vəkili Elçin Sadıqovun deməsinə görə, ilahiyyatçı məhkəmədə işgəncəyə məruz qalmasının detalları haqda çıxış edib. O, işgəncələrin indi də davam etdiyini, oktyabrın 12-də heç bir əsas olmadan cərimə kamerasına salındığını bildirib.

Hakim Faiq Qasımovun sədrlik etdiyi məhkəmə heyəti şikayəti rədd edib.

Vəkili T.Bağırovun qərardan narazı olduğunu, Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəklərini bildirib.

T.Bağırov ötən il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyat zamanı saxlanıb. O, CM-in 120 (qəsdən adam öldürmə) 228.3 (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4 (qanunsuz olaraq silah gəzdirmə) və digər ağır maddələri ilə ittiham olunur. O, ittihamları qəbul etmir. Heç kimi öldürmədiklərini, silahlarının olmadığını deyir.

Buna da bax:​ Taleh Bağırov: ‘Bu, cəlladdı, azərbaycanlı deyil’

Hazırda onun məhkəmə prosesi davam edir. İlahiyyatçı məhkəmə zamanı ona işgəncə verilməsinin detallarından danışmışdı. Ancaq hüquq mühafizə əməkdaşları işgəncə şikayətlərini təkzib edirlər.

Ötən ilin noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatda iksi polis olmaqla altı şəxs həlak olub. “Müsəlman Birliyi” Hərəkatının 70-dən çox tərəfdarı həbs edilib. Onların daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi başa çatıb. Həmin şəxslər 1 il 6 aydan 6 il 6 aya qədər həbs cəzası alıblar.

XS
SM
MD
LG