Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:15

AZAL zərərdən çıxa bilmir, daha çox qazansa belə...


AZAL
AZAL

Bu ilin altı ayında Azərbaycanın mülki aviasiyası əvvəlki ildəkindən daha çox sərnişin daşıyıb. Amma nə fayda, nəinki qazancı yaranıb, əksinə, zərər bir az da böyüyüb.

Dövlət Statistika Komitəsindən (DSK) AzadlıqRadiosu-na deyiblər ki, ilin birinci yarısında sərnişin daşınması ilə məşğul olan yerli aviasiya müəssisələri 128 milyon 92,3 min manat gəlir əldə ediblər. Sərnişinlər 0,1 faiz artsa da, gəlir 2015-ci ilin yanvar-iyun aylarına nəzərən 7 milyon 392 min manat və ya 5,5 faiz azalıb.

Buna da bax:​ Hesablama Palatası AZAL-da nöqsanlar aşkarlayıb

Sərnişinlərin 99,8 faizi AZAL-ındır, bəs zərərin?

Rəsmi statistikaya görə, bu ilin altı ayında hava nəqliyyatında Bakıdan, Gəncədən, Qəbələdən ölkə daxilindəki marşrutlar üzrə, xaricə və əks istiqamətdə daşınan sərnişinlərin sayı 799,9 min nəfər olub. Sərnişinlərin 99,8 faizi isə dövlətə məxsus «Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) təyyarələrinin payına düşür.

AZAL-ın mətbuat xidmətində sərnişin artımına baxmayaraq, aviaşirkətin zərərlərinin ildən ilə atmasına və xərclərin strukturuna dair suala cavab verməyiblər.

Təkcə bu ilin altı ayında yerli aviaşirkətlərin sərnişin daşımalarına 155,5 milyon manat xərc çəkdikləri bildirilir. Yarımillik zərər əvvəlki ilin eyni dövrünə nisbətən 1,8 milyon manat artıb və 27,4 milyon manat olub.

Buna da bax:​ AZAL-ın Türkiyə uçuşları ələ bərpa edilməyib

Hələ dotasiya da alır

DSK-nın məlumatına görə, sərnişinlərin hər üçündən biri ölkə daxilində daşınır. Əgər 2015-ci ilin birinci yarısında ölkə daxilində 251,9 min nəfər hava nəqliyyatından istifadə etmişdisə, bu il bu göstərici 236,6 min nəfərə düşüb. Bu, əsasən, Bakı-Naxçıvan-Bakı marşrutunda azalma ilə izah edilir. AZAL-ın bu istiqamətdə fəaliyyətinə görə, (Naxçıvana bilet 55 manata satılır) dövlət büdcəsindən hər il 10 milyon manatdan çox dotasiya aldığı bildirilir. Hərçənd, aviaşirkət bu istiqamətdə uçuşların maya dəyərini ictimaiyyətə açıqlamır.

Rəsmi statistika, 6 ayda təyyarə biletlərinin 4 faiz bahalaşdığını deyir. Amma başqa bir mənbə bunun əksini göstərir.

Buna da bax:​ British Airways Tehrana üçür, AZAL-ın bazarı daralır

Silk Way-in sifarişləri artıb

Azərbaycanda AZAL-dan başqa sərnişin daşiyan digər şirkət «Silk Way Business Aviation» MMC-dir. Onun payına sərnişinlərin 0,2 faizi düşür. Nəzərə almaq lazımdır ki, bu şirkət fərdi sifarişlər üzrə işləyir. Şirkətdə bu il sifarişlərinin 10 faiz artdığı bildirilir.

Maraqlıdır ki, «SW Business Aviation» özünə məxsus Gulfstream (G650, G550, G450, G200 və G280) və VIP işləməli ATR 42-500 təyyarəsindən başqa AZAL-ın Airbus Corporate Jet ACJ319 hava gəmisindən də istifadə edir. Təkcə sentyabr ayında «SW Business Aviation» 6 reys həyata keçirib.

Buna da bax:​ AZAL-ın sərnişinləri ona zərər vururmuş...

Yay mövsümü düşərli olub

DSK 9 aylıq sərnişin daşımalarının göstəricilərini də təqdim edib. Son üç ayda yerli aviaşirkətlərin xidmətlərindən öncəki altı aydakı qədər, yəni 759,7 min nəfər istifadə edib. 2015-ci ilin 9 ayı ilə müqayisədə 7,5 faiz daha çox sərnişin daşınıb. Təcrübə isə göstərir ki, AZAL təyyarələri daha çox havaya qalxdıqca, zərərləri də artır.

AZAL hesabatını gizlədir?

AZAL-ın maliyyə hesabatlarının müstəqil auditdən keçirdiyi məlum deyil. Şirkət bu hesabatları nə korporativ saytında, nə də mediada açıqlayır. Halbuki, həm qanuna, həm də nizamnaməsinə görə, şirkət hesabatını aprel ayı tamam olduqdan sonra dərc etməlidir.

XS
SM
MD
LG