Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:47

Çəmənlidə evə mərmi düşdüyünü sübut edənə sağol düşür


Ağdamın Çəmənli kənd sakini Arif Quliyevin evi
Ağdamın Çəmənli kənd sakini Arif Quliyevin evi

“Aprel döyüşlərində evimizə ciddi zərər dəydi. Ev tam yararsız vəziyyətə düşdü. Ağdam rayon İcra Hakimiyyətinin qapısına yaxın düşə bilmirik. Deyirlər, evinizi təmir-bərpa etməyə büdcədə pul yoxdur”.

Yerli qurumlar “simiclik” edir?

Ağdamın Çəmənli kənd sakini Arif Quliyev prezident İlham Əliyevin bu ilin aprel döyüşlərində zərər çəkmiş yaşayış yerlərinin təmir-bərpasının dövlət hesabına həyata keçirilməsi barədə tapşırığından xəbərdardır. Ancaq kəndli AzadlıqRadiosu-na bildirir ki, yerli qurumlar ayrılmış həmin vəsaiti qəzalı vəziyyətə düşən evlərə xərcləməkdə “simiclik” edirlər:

“Əslində, pul-filan ayrılmayıb...”

“Kənddə çox evlər yararsız hala düşüb. Ancaq gəlib baxış keçirib akt yazırlar ki, evin qəzalı vəziyyətə düşməsinin mərmiylə əlaqəsi yoxdur. Rəsmi belə yazırlar, şifahi isə deyirlər ki, “prezidentin pul ayırması elə-belə şeydir, əslində, pul-filan ayrılmayıb, ayrılıbsa da, gəlib əlimizə çatmayıb ki, sizin evləri təmir-bərpa edək”.

Buna da bax:​ 'Üstündən xətt çəkilən' Çəmənli camaatı

Ağdamın Çəmənli kənd sakini Arif Quliyevin evi
Ağdamın Çəmənli kənd sakini Arif Quliyevin evi

Arif Quliyevin özünün bu işləri görməsi üçün vəsaiti yoxdur. İşsizdir, öhdəsində xəstə uşaqlar və ahıl yaşlı ailə üzvləri var:

“Allaha and olsun ki...”

“Allaha and olsun ki, otaqlar dağılıb, cəmi bircə otaq qalıb. Yayda həyətdə yatırdıq, indi qışdır, məcbur olub həmin qəzalı otağa yığışmışıq. Sabah evin böyrünə bir mərmi də düşsə, bu otaq dağılacaq. Uşaqlar yatır, böyüklər keşik çəkir ki, mərmi-filan gəlsə, götürüb qaçaq. Onsuz da cəbhə xəttində yaşamağın özü bir zülmdür. Üstəlik, məmurların bizi incitməsi vəziyyətimizi daha dözülməz edir”.

Çəmənli sakini mərmidən qəzalı vəziyyətə düşən evində bərpa işlərinin aparılmasını hökumətdən tələb edir.

Buna da bax: Atışmada mal-qarası qırılana yardım olacaqmı?

Cavab: “Yenə də araşdırarıq”

Ağdam rayon İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, Arif Quliyevin evinə baxış keçiriləcək: "Mərmidən qəzalı vəziyyətə düşən 15-ə yaxın ev siyahıdadır. O siyahıda Arif Quliyevin evi yoxdur. Ola bilsin ki, ev mərmidən yox, istismar müddətini başa vurduğundan qəzalı vəziyyətə düşüb. Bu səbəbdən də siyahıya salınmayıb. Yenə də araşdırarıq".

Qısa müddətdə?

Bu il mayın 2-də prezident İlham Əliyev “Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama görə, əsasən, Ağdamın kəndlərində mərmilərdən zərər çəkmiş evlərin təmir-bərpası qısa zamanda başa çatmalıydı.

XS
SM
MD
LG