Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:55

Ekspert: 'İqtisadi siyasət iflasa uğrayıb'


Gəncə şəhər İcra Hakimiyyəti
Gəncə şəhər İcra Hakimiyyəti

Ölkədə özünü maliyyələşdirəcək əyalətlərin artması, neft pullarından səmərəsiz istifadə, Tarif Şurasının enerjidaşıyıcıların qiymətlərini artırması və bunun mümkün təsirləri bu gün medianın aparıcı mövzusudur…

ÖZÜ-ÖZÜNÜ MALİYYƏLƏŞDİRMƏDƏ 5 DƏFƏ ARTIM

«Azərbaycan» qəzetində «Özünü maliyyələşdirən şəhər və rayonların sayı 5 dəfə artır» başlıqlı məqalədə ölkənin bəzi rayon və şəhərlərinin özünü maliyyələşdirmə sisteminə keçməsi müzakirə edilir.

Müəllif yazır ki, 2015-16-cı illərdə 7 şəhər və rayon dövlət büdcəsindən dotasiya almayıb. 2017-ci ildə isə bu subyektlərin sayı 34-ə çatacaq.

Məqalədə vurğulanır ki, bu addım regionlarda mövcud potensialdan istifadə imkanlarını genişləndirməyi nəzərdə tutan dövlət siyasətinin tərkib hissəsidir: «Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas məqsədlərdən biri iqtisadiyyatda qazanılan uğurların miqyasını daha da genişləndirmək, o cümlədən regionları sosial-iqtisadi baxımdan inkişaf etdirməkdir».

Müəllif arqumentlərini gücləndirmək məqsədilə mövzu ilə bağlı dövlət başçısı İlham Əliyevdən sitat da gətirir: «Hər bir rayonun iqtisadi və sənaye potensialı güclənməlidir. Buna imkanlar var. Ancaq bizim əksər rayonlarımız dotasiya ilə yaşayır. Əvvəlki illərdə biz buna, necə deyərlər, göz yuma bilərdik. Böyük gəlirlərimiz var idi və bu dotasiyaları biz verirdik. Ancaq nə üçün bizim rayonlarımız dotasiya ilə işləməlidirlər? Bizim rayonlarımızın orta hesabla əhalisi o qədər də böyük deyil. Onlar özləri iqtisadi cəhətdən daha səmərəli işləsələr, bütün xərclərini bağlaya bilərlər».

Məhəmməd Talıblı
Məhəmməd Talıblı

İQTİSADİ SİYASƏTİN İFLASI

Azadliq.info-da dərc edilən «Baş bankirdən utancverici müqayisə» sərlövhəli məqalədə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun parlamentdə gələn ilin büdcə layihəsinin müzakirəsində dilə gətirdiyi fikirlər ekspert Məhəmməd Talıblı ilə dəyərləndirilir.

Yazıda əvvəlcə E.Rüstəmovdan belə bir sitat gətirilir: «Uzun illər hakimiyyətdə olan adam kimi demək istəyirəm ki, 2017-ci ilin büdcə və vergi siyasətinə baxdıqda, həqiqətən də vəziyyətin gələn il mürəkkəb olacağını deyə bilərik. Amma bu o demək deyil ki, vəziyyət çox pisdir. Azərbaycan 90-cı illərdə bundan da pis durumda yaşayıb».

Yazıda qeyd edilir ki, baş bankirin 130 milyarddan çox neft pulunun daxil olduğu bir ölkənin iqtisadiyyatını 90-cı illərdəki vəziyyətlə müqayisə etməsi ciddi suallar doğurur.

İqtisadçı-ekspert Məhəmməd Talıblıya görə, E.Rüstəmovun müqayisəsi bir neçə baxımdan qüsurludur: «90-cı illərdə Azərbaycan iqtisadiyyatı təcrid olunmuş durumda idi. Təcrid olunmuş iqtisadiyyatda isə bütün əlaqələri yenidən qurmaq lazım idi».

Ekspert hesab edir ki, həmin dövrdə yaşanan tənəzzül bir sistemdən başqa bir sistemə keçidlə bağlı idi. İndi isə Azərbaycan iqtisadiyyatını neftsiz yenidən qurmaq lazımdır. İqtisadçı vurğulayıb ki, bu, 130 milyard vəsaitin sovrulmasının göstəricisidir: «Hazırkı dönəmdə 130 milyard neft pulu gəlmiş iqtisadiyyat yenidən pul əldə etmək haqqında düşünür. Bu isə onu deməyə əsas verir ki, indiyə qədər yürüdülən iqtisadi siyasət iflasa uğrayıb. Hər şeyi yenidən qurmaq məcburiyyətində qalmışıq».

Təbii qaz
Təbii qaz

MERTONUN QİYMƏTI QALDIRILA BİLƏR

«Exo» qəzetində «Qazın və işığın tariflərinin qaldırılması nələrə səbəb olacaq?» sualına cavab axtarılır. Yazıda Tarif Şurasının bu il noyabrın 28-də enerjidaşıyıcıların qiymətinin artırılması ilə bağlı qərarı ekspertlərlə dəyərləndirilir.

Müəllif yazır ki, Azərbaycan hökumətinin Yeni il ərəfəsində vətəndaşlara xoş olmayan sürprizlər etməsi artıq ənənəyə çevrilib. Bu dəfə də Yeni il ərəfəsində yenidən enerjidaşıyıcıların bahalaşması bütün sahələrdə qiymətlərə təsir göstərəcək. Ekspert Nəriman Ağayev mövzunu qəzetə belə şərh edib: «Hökumətin bu addımını müsbət dəyərləndirmək olmaz. Şübhəsiz ki, bu kütləvi sosial narazılığa səbəb olacaq. Atılan addıma gəlincə, bu, diferensiallaşdırılma deyil. Sadəcə, enerjidaşıyıcıların qiymətlərini artırmaqdır. Qoyulan limitə gəlincə, hər ailə bu limitləri keçərək».

Ekspertin fikrincə, qoyulan limiti keçməməkdən ötrü gərək sivil dünyadan özünü təcrid edəsən. N.Ağayev deyib ki, hökumətin bu addımı vətəndaşları qənaət üçün kiçik fırıldaqlara vadar edəcək.

Ekspertə görə, bu bahalaşma ərzaq məhsullarının qiymətlərinə də təsir edəcək. O qeyd edib ki, iri marketlərdə məhsullar soyuducularda saxlanılır. Bu isə elektrik məsrəfi deməkdir. O, bundan sonra yerli məhsulların da maya dəyərinin artacağına şübhə etmir.

N.Ağayev vurğulayıb ki, bir tərəfdən manat da dəyər itirməkdədir. Bu isə qiymətlərə ikiqat təsir anlamına gəlir. O, fikirləşir ki, tezliklə metroda gedişhaqqı 50 qəpiyə qaldırıla bilər.

Telefonlar
Telefonlar

SAHİBKARLARA CƏRİMƏ, ƏHALİYƏ NƏZARƏT

«Bizim Yol» qəzetində isə «Milli Məclisin yeni cərimə layihəsi sahibkarları şoka saldı» sərlövhəli məqalə diqqət çəkir. Yazıda son dövrlər Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər dəyərləndirilir.

Müəllif xüsusilə bu dəyişikliklər içində sahibkarların mənafeyinə toxunan məqamların üzərində dayanır. Yazıda qeyd edilir ki, son təkliflərdə bəzi məlumatlara dair qaydaları pozan sahibkarları 3 min manat cərimə gözləyir. Müəllif hesab edir ki, İnzibati Xətalar Məcəlləsinə 362-1-ci və 362-2-ci maddələrin əlavə edilməsini nəzərdə tutan layihə telefon nömrələrinin satışı ilə məşğul olan sahibkarları əsl şoka salıb: «Layihəyə əsasən, ərizəçiyə dair məlumatlar vahid məlumat bazasına… daxil edilmədən telefon nömrələrinin (sabit, mobil) operatorların şəbəkəsində aktivləşdirilməsinə görə, vəzifəli şəxslər 2 min manat, hüquqi şəxslər isə 3 min manat cərimə ediləcəklər».

Müəllif ehtimal edir ki, bu təkliflər parlamentə məhz hüquq-mühafizə orqanlarının istəyi ilə gəlib: «Ölkədə istintaq hərəkətlərini həyata keçirən orqanlar qeyri-peşəkar olduqlarına görə, mobil nömrələrin izlənməsi, həmçinin danışıq və mesaj bazasının əldə edilməsi kimi qanunsuz tədbirlərdən yararlanırlar. Bunun üçün də nömrələrin sahibləri barədə ətraflı məlumat lazım olur».

XS
SM
MD
LG